Məhkəmə iclası 9 saat davam edib, şahidlər dindirilib və iddia materialları tədqiq edilib
Rusiya Ali Məhkəməsi Mərkəzi Seçki Komissiyasının (MSK) onu Rusiyada keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə almaqdan imtinasına etiraz edən siyasətçi Boris Nadejdinin iddiasını rədd edib. AYNA xəbər verir ki, “Telegram”da yazdığı yazıda Nadejdin bildirib ki, imtinanı qəbul etməyəcək və beş gün ərzində məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
Siyasətçinin sözlərinə görə, Ali Məhkəmə onun şikayətlərinə fevralın 26-da baxacaq.
TASS xəbər verir ki, məhkəmə Nadejdinin iddiasına 9 saat ərzində baxıb. Bu müddət ərzində şahidlər dindirilib və iddia materialları tədqiq edilib. Məhkəmə iclasında siyasətçinin özü iştirak etməyib.
Fevralın 20-də Nadejdin ailəsi ilə birlikdə tətil üçün Asiya ölkələrindən birinə getdiyini bildirib.
Qeyd edək ki, B.Nadejdin Rusiya Federasiyasının Prezidenti olmaq üçün namizədliyini açıqlayan yeganə siyasətçidir ki, Rusiya qoşunlarının Ukraynaya müdaxiləsinə qarşıdır.
Fevralın 8-də Rusiya Mərkəzi Seçki Komissiyası Nadejdini prezidentliyə namizəd kimi qeydə almaqdan imtina edib. 60 min imzanın yoxlanılmasının nəticələrinə əsasən, 9147 imza “etibarsız” hesab edilib.
Fevralın 15-də Rusiya Federasiyasının Ali Məhkəməsi Nadejdinin daha iki iddiasını - imzaların toplanması və imza vərəqələrinin yoxlanılması proseduru ilə bağlı tələbini rədd edib.