Təyyarələr ard-arda havaya qalxdı, məhkumlar dəyişdirildi

Dünya

07.09.2019 - 17:36

Ukrayna Dəniz Qüvvələrinə məxsus 3 gəmidəki 24 ukraynalı hərbçi Rusiya tərəfindən nəzarətə alınaraq həbs olunmuşdu

 

Rusiya ilə Ukrayna arasında yaşanan siyasi və hərbi böhranlardan sonra iki ölkədəki məhbuslarla bağlı gözlənilməz hadisə baş verib. Moskva və Kiyevdən qalxan təyyarələr məhkumların dəyişdirilməsini həyata keçirib.

 

AYNA xəbər verir ki, Rusiya ilə Ukrayna arasında Kerç boğazı böhranından sonra həbs olunan 24 ukraynalı dənizçinin də aralarında olduğu əsir və dustaqlar dəyişdirilib. 


 Aralarında 24 ukraynalı da olmaqla cəmi 35 nəfərin olduğu təyyarə Moskvadan hərəkət edərkən, eyni dəqiqələrdə Ukraynanın paytaxtı Kiyevdən də 35 nəfərin yerləşdiyi Rusiya təyyarəsi Moskvaya getmək üçün havaya qalxıb.


İki hava limanında da məhkumların yaxınlarının həyəcan dolu intizarları beynəlxalq agentliklərin obyektivində əks olunub. Təyyarələrin enməsilə yanaşı qovuşma anlarında həyacanlı dəqiqələr yaşanıb.

Qeyd edək ki, keçən ilin noyabr ayının sonunda Qara dənizdə Kerç boğazı yaxınlığında Rus döyüş gəmiləri Ukrayna döyüş gəmilərinə sərhədləri pozmaq iddiasıyla silahlı müdaxilə etmişdi. Ukrayna Dəniz Qüvvələrinə məxsus 3 gəmidəki 24 ukraynalı hərbçi Rusiya tərəfindən nəzarətə alınaraq həbs olunmuşdu. 

Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya və Ukrayna arasında əsir və dustaq dəyişikliyi məsələsində işlər aparıldığını bildirmişdilər.

Müəllif: Ayna.az