Bütün dünyanın izlədiyi "Uçan adam" suya düşüb

Dünya

25.07.2019 - 13:39

Zapata "uçan maşın"ı ilə 35 kilometr yol almağı və 15-20 metr yüksəkliyə çıxmağı planlaşdırıb

 

Fransız ixtiraçı Franki Zapata, “Flyboard” adlandırdığı “uçan maşın” ilə rekord sınağını keçirib. Bu gün Fransanın Sangatte bölgəsindən havaya qalxan Zapata Manş dənizini keçərək İngiltərənin Dover şəhərinə eniş etməyi qarşısına məqsəd qoyub. Lakin Zapatanın xəyalları qısa bir müddət sonra suya düşüb.


AYNA xarici mediaya istinadən xəbər verir ki, Zapata "uçan maşın"ı ilə 35 kilometr yol almağı və 15-20 metr yüksəkliyə çıxmağı planlaşdırıb. Yanacaq olaraq 42 litr kerosin götürən ixtiraçı səfər çərçivəsində bir gəmiyə enərək yenidən yanacaq doldurmağı qarşısına məqsəd qoyub. Saatda 140 kilometr hərəkət edən Zapatanın uçuşunun 20 dəqiqə davam etməsi gözlənilirmiş. 

 

Lakin "Reuters" başda olmaqla, bir sıra beynəlxalq agentliklərin gözü önündə "Uçan adam"ın xəyalları suya enib. Zapata öz "uçan maşın"ı ilə bərabər Manş dənizinə düşüb. Dənizə düşən Zapatanın vəziyyətinin yaxşı olduğu açıqlanıb.

 Fransada Ucan Adam paraddam
Agentliklərin son xəbərlərində isə Zapatanın dənizə düşmə səbəbi də ortaya çıxıb. Səfərin ortasında yanacaq doldurmaq məqsədilə bir gəmiyə eniş etmək istəyən Zapatanın eniş platformasını vurduğu üçün suya düşdüyü açıqlanıb.


 
Qeyd edək ki, Franki Zapata 14 iyulda  Bastiliya qalasının alınması münasibətilə keçirilən, Almaniyanın Federal Kansleri Angela Merkel, Portuqaliya Prezidenti Marselo Rebelo de Souza da daxil olmaqla Avropa İttifaqından 11 yüksək rəsmi qonağın və Fransa Prezidenti Emanuel Makronun iştirak etdiyi paradda təqdim olunmuşdu. 

Müəllif: Ayna.az