Rusiya silahlara nəzarət müqavilələrində ABŞ-a təslim olmadı

Dünya

11.02.2021 - 16:29

Sergey Ryabkov: “Təzyiq altında olan və ya qarşılıqlı münasibətə əsaslanmayan güzəştlərə yer yoxdur”

 

Rusiya silahlara nəzarət müqavilələrində ABŞ-a təslim olmaqdan imtina edib. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

 

Nazir müavini bildirib ki, Rusiya dövləti öz qanuni mənafelərinə və haqlarına sahibdir: “Bunu Qərb ölkələri raket müqavilələri və digər məsələlərdə Rusiya Federasiyası ilə işləyərkən nəzərə almalıdırlar. Bu kimi məsələlər təktərəfli ola bilməz. Təzyiq altında olan və ya qarşılıqlı münasibətə əsaslanmayan güzəştlərə yer yoxdur. Yalnız bərabər dialoq balanslı, qarşılıqlı məqbul razılaşmaların əldə olunmasına gətirib çıxara bilər”.

 

“Prinsiplərə güvənərək beynəlxalq təhlükəsizlik və sabitlik məsələlərində uğurlu qarşılıqlı əlaqə qurmaq mümkündür, digər halda mümkünsüzdür”, - nazir müavini qeyd edib.

 

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi fevralın 3-də Moskva ilə Vaşinqton arasında Strateji Hücum Silahlarının azaldılması və məhdudlaşdırılmasına dair tədbirlər haqqında Müqavilənin (START) uzadılmasına dair notalar mübadiləsi edib. Ölkələr START-ı rəsmi olaraq beş il uzadıblar. Beləliklə, 5 fevral 2026-cı ilə qədər Müqavilə imzalandığı formada fəaliyyət göstərəcək.

 

Müqavilədə hər bir tərəfin yerləşdirilmiş qitələrarası ballistik raketin (ICBM), sualtı ballistik raketlərin (SLBM) və strateji bombardmançı təyyarələrin 700-dən çox olmamasını nəzərdə tutur.

 

ICBM-lərin və SLBM-lərin yerləşdirilmiş və yerləşdirilməmiş başlatma qurğularının, habelə yerləşdirilən və yerləşdirilməyən bombardmançıların ümumi sayı isə 800-dən çox olmamalıdır.

Müəllif: Ayna.az