“Rusiya ilə yollarını ayırmaq istəyənlər 1990-cı ilin Bakısını xatırlasınlar”

Siyasət

03.06.2020 - 21:00

Aleksandr Sıtin: “Ağır itkilər bahasına əldə etdiyiniz müstəqilliyi şübhəli layihələrə görə riskə atmayın”

 

Müasir siyasətdə hansısa hərbi və ya iqtisadi bloka üzv olub-olmamaq hər bir dövlətin qarşısında dayanan qaçılmaz bir seçimdir. Bu addımı atarkən dövlət tək iqitsadi gəlirlərini deyil, həm də siyasi riskləri nəzərə almalıdır. Elə bu sonuncu amil, adətən birincidən daha ağır olur, çünki hansısa bloka üzvlük yerləşdiyin regionda qüvvələr balansını dəyişə bilər.

 

Azərbaycan üçün bu baxımdan iki seçim var: ya “Şərq tərəfdaşlığı” adı altında Qərb, ya da Avrasiya İqtisadi Birliyi (AİB) adı altında Rusiya. Tələblərin sərtliyi və yumşaqlığı baxımından Azərbaycana AİB daha cəzbedici görünür. Amma bu, ilk baxışdan belədir. Bəlkə də Qarabağ münaqişəsi olmasaydı, Moskva Bakının bu təşkilata üzlüyü məsələsində daha israrlı olardı. Elə ərazisində azərbaycanlı miqrantların sayına görə Rusiyanın liderlik etdiyini nəzərə alsaq, rəsmi Bakı da çox müqavimət göstərməzdi. Amma...

 

AİB nədir, necə inkişaf edir, daha çox iqtisadi, yoxsa siyasi qurumdur? Və ən əsası, bu quruma daxil olan dövlətlərin geriyə yolu varmı? AYNA-nın mövzu üzrə suallarını “North&Eastern Europe Research Political Center”in rəhbəri, rusiyalı politoloq Aleksandr Sıtin cavablandırıb.

 

- Yaxınlarda verdiyiniz müsahibələrin birində bildirmişdiniz ki, Ermənistanın AİB-ə necə məcburi qəbul olunmasını gözəl xatırlayırsız. Fikrinizcə, indi Ermənistan bu təşkilata üzvlükən hansı dividendlər qazanıb?

 

- Suverenliyi tam olaraq öz əlində olmayan bir dövlət kimi, Ermənistanın başqa yolu da yox idi. Unutmaq olmaz ki, bu ölkənin ərazisində guya ki, ölkənin toxunulmazlığını təmin edən və Azərbaycanla münaqişədə balansı qoruyan Rusiya hərbi bazası var. Bununla yanaşı, həm energetika, həm də infrastruktur baxımından Ermənistan Rusiyadan demək olar ki, tam asılıdır. Rəsmi Moskva hamıya nümayiş etdirir ki, guya, o, Ermənistanın regional və beynəlxalq izolyasiyaya düşməməsinin yeganə qarantıdır.

Həmçinin, unutmaq olmaz ki, bu gün Ermənistan vətəndaşları üçün Rusiyada təhsil almaq və işləmək kifayət qədər dəyərli amil hesab edilir. Söhbət, ilk növbədə öz bacarığına və təhsilinə görə nə ölkəsində, nə də sivil dünya ölkələrində yet tuta bilən təbəqədən gedir. Ermənistanda Rusiyanın bir neçə ali məktəbinin filialları fəaliyyət göstərir. Bunlar o məktəblərdir ki, daim Kremlin siyasətinin möhkəmlənməsi üçün “yumşaq qüvvə” rolunu oyanyıblar. Onu da qeyd edim ki, Paşinyanın hakimiyyətə gəlişindən sonra da Ermənistanı post-sovet məkanında öz taleyini özü həll edən dövlət kimi təsəvvür edə bilmərik. Həm də mənim özüm üçün maraqlıdır ki, Ermənistan cəmiyyəti tam suveren olmaq istəyir, yoxsa elə Rusiyanın yedəyində getmək onlara daha çox sərf edir?

 

2014-cü ildə Yerevanda ezamiyyətdə idim. O zaman Ermənistan hakimiyyəti Rusiya ilə əlaqəli olan, onun xüsusi xidmət orqanlarına birbaşa işləyən insanlarla dolu idi. İndi, inqilabdan sonra situasiya dəyişibmi - bilmirəm, amma Rusiyanın özündə ekspertlər, jurnalistlər, humanitar sahədə kifayət qədər “Moskva erməniləri” var ki, onlar da rəsmi Moskvanın dediyini reallaşdırmaqla məşğuldurlar. Belə vəziyyətdə Ermənistanın suverenliyinin perspetktivliyinə qiymət verməyi oxucuların öz öhdəsinə buraxıram.

 

- Azərbaycanda AİB-ə üzvlüyün perspektivləri barədə ara-sıra müzakirələr açılır. Sizcə, bu təşkilat Azərbaycana nəsə qazandıra bilər?

 

- Rusiya dövləti, həmçinin də onun projesi olan AİB bu gün böhran içindədəir. Böhran içərisində olan, eyni blokda belə, digər dövlətlərin maraqlarını nəzərə almağa hazır olmayan, yalnız imperiya maraqlarını müdafiə edən Rusiyanın ağalıq etdiyi bir təşkilata üzvlüyün Azərbaycan dövlətçiliyi üçün hansısa fayda verə biləcəyini düşünmürəm. Heç zaman unutmaq olmaz ki, əsrlər boyu Rusiya üçün iqtisadi maraqlar siyasi maraqların genişlənməsi və möhkəmləndirilməsi üçün vasitə olub. Odur ki, Azərbaycanın AİB-ə üzvlükdən əldə edəcəyi iqtisadi dividendlər şübhəli, siyasi risklər isə qaçılmazdır.

 

- Bu təşkilata üzv olan dövlətlərin geriyə dönüşü varmı? Məsələn, Britaniya Avropa İttifaqından çıxa bildi, bəs AİB-dən çıxmaq mümkündür?

 

- Nəzəri baxımdan mümkün görünsə də, hansısa dövlətin AİB-dən çıxa biləcəyini proqnozlaşdırmaq olduqca çətindir. Misal olaraq, SSRİ-ni yada salaq. SSRİ Konstitusiyasına görə, istənilən respublika bunu edə bilərdi, amma bu, real idimi? AİB də SSRİ-nin bir az yüngülləşdirilmiş variantıdır. Və hüquqi baza olsa belə, rus dünyası ilə yollarını ayırmaq itəyənlərə 1990-cı ilin Bakısını, şəhərinizdə baş verən qırğını xatırlamağı məsləhət görərdim. Odur ki, ağır itkilər bahasına əldə etdiyiniz müstəqilliyinizi şübhəli layihələrə görə riskə atmağınız kökündən yanlış olardı.

 

- Bu suala bir daha qayıtmaq istəyirik: AİB-də Rusiyanın siyasi ambisiyaları əsas rol oynayır. Bəs, iqtisadi faktorlar, adı iqtisadi blok olan bir təşkilatda heç bir önəm daşımır?

 

- Tam əminəm ki, AİB üzvlərinin iqtisadiyyatı və inkişafı pərdəsi altında gizlədilən məqsəd SSRİ-nin bərpasına xidmət edir və tam siyasi bir layihədir. Unutmayın ki, həm imperiya vaxtı, həm də SSRİ vaxtı ruslar üçün iqtisadi məsələlər imperiyanın bütövlüyünü təmin edən bir halqa idi. Müasir Rusiyanın SSRİ-nin idarəçilik metodundan imtina etməsini sübut edəcək heç bir misal yoxdur. Tarix boyu rus dünyası müxtəlif siyasi formasiyalarda olsa belə, həmişə yalnız bu siyasətə xidmət edib.

Müəllif: Nicat Hacıyev