Ruhani faciənin İran ordusunun səhv hərəkətləri səbəbindən baş verdiyini etiraf edib
Ukrayna Prezidenti Vladimir Zelenski və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
AYNA-nın “Qafqazinfo"ya məlumatına görə, söhbət əsnasında Həsən Ruhani Ukraynanın sərnişin təyyarəsinin ölkəsinin hərbiçiləri tərəfindən vurulmasına görə üzr istəyib. O, Ukrayna xalqına və həlak olanların ailələrinə başsağlığı verərək faciənin İran ordusunun səhv hərəkətləri səbəbindən baş verdiyini etiraf edib.
V.Zelenski isə raket versiyasının aşkara çıxmasının istintaqın təxirə salınmadan və maneə törədilmədən davam etməsinə yol açdığını deyib. Ukrayna prezidenti qeyd edib ki, pilotlar beynəlxalq qaydalara uyğun hərəkət ediblər.
O, əlavə edib ki, ölən ukraynalıların cəsədlərini ən qısa müddətdə vətənlərinə qaytarmaq lazımdır: "Bu, yanvarın 19-dan əvvəl edilməlidir ki, qohumları onlarla vidalaşsınlar". Ruhani isə bununla bağlı müvafiq tapşırıqlarını verəcəyini bildirib.