Rəsmi Kiyev Saakaşviliyə xəbərdarlıq edib

Dünya

11.02.2021 - 13:06

XİN sabiq Prezidenti Gürcüstanın daxili işlərinə qarışmamağa çağırıb

 

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanın keçmiş Prezidenti, Ukraynanın İslahatlar İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvilini Gürcüstanın daxili işlərinə qarışmaqdan çəkinməyə çağırıb. AYNA xarici mediaya istinadən bildirir ki, açıqlama XİN-in saytında yer alıb.

 

Qeyd edilib ki, xəbərdarlıq Saakaşvilinin Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqova dediyi sözlərlə əlaqədardır. Xüsusilə, siyasətçinin səfirin onu Gürcüstanda etiraz çağırışından çəkinməyə çağırması xoşuna gəlməyib. Bu səbəbdən də Saakaşvili Dolqovu “rüşvətxor və korrupsioner" adlandırıb.

 

“Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqova qarşı ittihamların, ittihamçının duyğuları xaricində heç bir sübutu yoxdur", - deyə XİN-in açıqlamasında bildirilib.

 

XİN eyni zamanda, Ukrayna vətəndaşlarını Gürcüstanda itaətsizlik çağırışlarına qarşı xəbərdar edib: “Bu cür bəyanatlar strateji tərəfdaşımızın daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Ukrayna dövləti bu cür müdaxilələrə heç vaxt yol verməyib və verməyəcək. Biz beynəlxalq aləmdə bu cür hərəkətlərə qəti şəkildə qarşı çıxırıq”.

Müəllif: Ayna.az