Rəsmi Bakıdan incə gediş və ilk addım: Xocalıdakı görüşlə hesablaşma mərhələsi başladı

Siyasət

03.03.2023 - 10:17

Asif Nərimanlı: “Separatçıların sərgilədiyi mövqe, özlərini “tərəf” kimi təqdim etmək cəhdi perspektivi bir qədər sual altına da salır”

Azərbaycan rəsmilərinin Qarabağın erməni sakinləri ilə ilk təması baş tutub. Belə ki, martın 1-də Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Elə həmin gün deputat Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.

Təmaslara ilk reaksiya Avropadan gəlib. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Toivo Klaar “Twitter”də bu barədə paylaşım edib: “Bu gün Xocalıdan Bakının nümayəndələri ilə Qarabağ erməniləri arasında təmaslarla bağlı ümidverici xəbərlər gəlir. Müzakirələrin həm hazırkı narahatlıqlara, həm də daha geniş məsələlərə fokuslanılması çox yaxşıdır”.

Azərbaycan rəsmilərinin Qarabağın erməni sakinləri ilə təmaslarına baxış müxtəlifdir. Bunun effektiv olmayacağını, separatçıların və sülhdə maraqlı olmayan qüvvələrin bu təmaslara mane olacağı fikirləri mövcuddur.

Proseslə bağlı AYNA-nın suallarını siyasi icmalçı Asif Nərimanlı cavablandırıb:

- Xocalıda Azərbaycan rəsmiləri ilə Qarabağ ermənilərinin nümayəndələrinin ilk təması olub. Bunu necə qiymətləndirmək olar?

-  Bu görüşü Laçın yolundakı aksiyanın əsas nəticələrindən biri hesab etmək olar. Görüşdəki müəyyən məqamlar suallar yaratsa belə, ümumilikdə bunu Qarabağda erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası istiqamətində Bakının ilk gedişi adlandıra bilərik. Çünki belə bir təmasın qurulmasını nə Ermənistan, nə Xankəndindəki separatçılar, nə də Rusiya istəyirdi. Məhz Laçın yolunda aksiyanın başlanmasından sonra Qarabağda siyasi balans ciddi şəkildə Azərbaycanı xeyrinə dəyişdi, Bakı ilə hesablaşma mərhələsi başladı. Prosesə qarşı olan tərəflər məcbur vəziyyətdə qaldılar. Hərçənd, görüşdə bayrağımızın olmaması, Rusiya sülhməramlılarının “moderatorluq” etməsi, o cümlədən, qarşımızda kimlərin əyləşməsi müəyyən müzakirələrə səbəb olur ki, bu, təbiidir. Amma məsələyə konseptual yanaşdıqda, başlanğıcı müsbət hesab edə bilərik. Xüsusilə görüşdə məsul şəxs olaraq Milli Məclis üzvünün seçilməsi əhəmiyyətli amildir. Bununla Bakı Qarabağdakı erməni əhalisinin yalnız Azərbaycan vətəndaşı olaraq Azərbaycan qanunvericiliyi altında yaşaya biləcəyi mövqeyini nümayiş etdirdi. Və ən əsası, uzun illər mövcud olan “erməni icması” məsələsini belə qəbul etmədiyini göstərdi. Əks təqdirdə, məsul şəxs kimi Tural Gəncəliyev orada olardı. Ramil Məmmədovun olması o deməkdir ki, “erməni icması” ilə yox, vətəndaşımız kimi gördüyümüz ermənilərlə görüşürük.

Burada siyasi baxımdan incə bir məqam da var. Beynəlxalq ictimaiyyətə nümayiş etdirilir ki, Qarabağdakı ermənilərlə Azərbaycan suverenliyi çərçivəsində təmasların qurulması həyata keçirilir. Yəni Bakı ilk addımı atdı, artıq Qarabağda “müstəqillik” kimi iddialar irəli sürülərsə, Bakının prosesi dayandırması və suverenliyinə qarşı təhdidləri aradan qaldırmaq istiqamətində praktiki addımlar atması siyasi baxımdan legitimlik qazanır.

- Lavrovun Bakı səfərindən bir gün sonra belə bir təmasın baş verməsini səfərdə aparılan danışıqların nəticəsi saymaq olarmı?

- Rusiya tərəfi təmaslara nəzarət etmək istəyir. İstisna deyil ki, Lavrov Bakı səfərində bunu gündəmə gətirib və ilk təmasın sülhməramlıların “moderatorluğu” ilə baş tutması da bundan qaynaqlanır. Lakin təmasların qurulması təşəbbüsü Qərbə məxsusdur, Rusiya sadəcə olaraq, bu təşəbbüsü mənimsəmək niyyətindədir.

- Maraqlıdır ki, görüşlə bağlı ilk reaksiya Tovio Klaarın timsalında Avropa İttifaqından gəldi...

- Təbii ki, bu təmas Qərbin təşəbbüsünün gerçəkləşməsidir. Çünki Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması məsələsi ilk dəfə Brüsseldə gündəmə gətirilib və Ermənistanın “status” iddiaları bununla əvəzlənib. Bu təklif daha sonra ABŞ tərəfindən xüsusilə dəstəkləndi. Bakı da Azərbaycan suverenliyi çərçivəsində buna əvvəldən hazırdır. Sadəcə olaraq, burada dilemmativ vəziyyət təmasların nə vaxt başlanması idi. Qərb prosesin indi başlanmasını istəyir, Ermənistan da separatçıları “tərəf” kimi göstərmək məqsədilə bunda maraqlıdır, halbuki, separatçıların erməni əhalisi üzərində təsiri qaldığı müddətdə bu, eyni zamanda, risklər də vəd edir. Rusiya Vardanyanı oyuna daxil etməklə, prosesi ələ almağa çalışdı, lakin Rubenin uzaqlaşırılması oyunu dəyişdirdi. Belə görünə bilər ki, Bakının Vardanyan tələbini yerinə yetirməklə separatçıları oyuna daxil etdilər, yəni “güzəştə” gedərək, əslində etmək istədiklərini etdilər. Hərçənd, burada Bakının öz oyununun olduğu da görünür. Qərbin prosesə indi başlanması çağırışına səs verərək ilk təması qurdu. Azərbaycan təmasın Qarabağdakı erməni əhalisinin inteqrasiyası çərçivəsində qurulduğunu elan etdi. Klaarın bunu “Bakı nümayəndələri ilə Qarabağ erməniləri arasında təmas” olaraq təqdim etməsi də o deməkdir ki, Qərbdə Bakının gündəliyinə uyğun yanaşma var. Bakı nümayiş etdirdi ki, Qarabağda erməni əhalisi ilə suverenliyimiz çərçivəsində inteqrasiya prosesini müzakirə etməyə hazırdı və bu, bundan sonrakı proseslərin inkişafını da müəyyənləşdirəcək amildir. Yəni təmas Bakının gündəliyinə uyğun qurulacaq, qarşı çıxacaqlarsa, artıq prosesi pozan tərəf biz olmayacağıq. Bununla da Azərbaycan praktiki addımlar atmaq hüququndan istifadə edə bilər. Bütün bunların gözlənilən Brüssel görüşündən öncə baş verməsi də təsadüfi deyil. Mümkündür ki, görüşdə Bakı təmasların qurulmağa başlanıldığını göstərərək inteqrasiya prosesininin alternativinin olmadığını deyəcək. Ermənistan bunun əksini deyərsə, o zaman Qərb masasında da razılaşmaları pozan tərəf olacaq.

Azərbaycan anlayır ki, Xankəndindəki separatçılar prosesin Bakının gündəliyinə uyğun inkişafına qarşı çıxacaqlar. Bu baxımdan, Qərbin istədiyi kimi ilk addımı atır və həm də növbəti mərhələdə bu prosesi pozan hər kəsə qarşı cəza tədbirlərinə əl atmaq hüququnu beynəlxalq ictimaiyyətin gözündə legitimləşdirir.

- Bu görüşlər reinteqrasiya prosesinə necə təsir göstərəcək?

- Təmasların reinteqrasiyaya hesablandığı məlumdur. Bu məsələni o zaman real görmək olar ki, növbəti görüşlər Rusiya sülhməramlılarının iştirakı olmadan və onların məsuliyyət zonasından kənarda keçirilsin. Belə gözləntilər olsa da, separatçıların sərgilədiyi mövqe, xüsusilə özlərini “tərəf” kimi təqdim etmək cəhdi perspektivi bir qədər sual altına da salır. Bütün bunların fonunda separatçıların elə görüş keçirilən gün “Azərbaycan erməni sakinlərinə atəş açıb” iddiasını gündəmə gətirməsi məhz nə etmək istədiklərindən xəbər verir. Görünür, Bakının öz gündəliyinə uyğun ilk təması qurması onların istəyinə uyğun deyil və belə bir təxribat informasiyası ilə beynəlxalq ictimaiyyətə, eləcə də erməni əhalisinə təmasın mənasız olduğunu göstərməyə cəhd edirlər. İstisna deyil ki, belə təxribatlar davamlı olacaq. O baxımdan, görüşlərin perspektivi sual altındadır. 

- Bəs Azərbaycan rəsmiləri ilə təmasa girən erməni vətəndaşlara nə qədər güvənmək olar?

- Təbii ki, onlara güvənmək sadəlövhlük olardı. Əslində Azərbaycan görüşdə iştirak edən ermənilər haqda bütün məlumatlara malik olmamış deyil. Ermənilərin nə qədər səmimi olduqlarını təmasların davamında görəcəyik. Lakin iki seçimləri var: ya Azərbaycan qanunvericiliyi altında yaşayacaqlar, da da ərazini tərk edəcəklər.

Müəllif: Anar Bayramoğlu