“Quran”ın yandırılması kimə və nəyə xidmət edir?

Aktual

25.01.2023 - 18:13

“Siyasətçinin əsas məqsədi təhqir etmək, millətlərarası və ya dinlərarası nifrət yaratmaq olub”

Çoxları yəqin ki, İsveçdə “Quran”ın yandırılmasının özlüyündə arzuolunmaz nəticələrə səbəb ola biləcəyi ilə razılaşar. Sual budur: bu baş verənlər kimə lazımdır?

Xatırladaq ki, Türkiyənin İsveçin paytaxtındakı səfirliyi qarşısında sağçı ekstremist “Hard Course” partiyasının lideri, ifrat sağçı Danimarka-İsveç siyasətçisi Rasmus Paludan tərəfindən “Quran”ın açıq şəkildə yandırılması aksiyası keçirilib. O, bundan əvvəl Stokholm polisindən icazə almışdı. Radikalı bütün hərəkətləri zamanı mühafizəçilər özləri qoruyublar.

Paludan çıxışında NATO, Türkiyə və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı tənqid edib, o, Məhəmməd peyğəmbərin karikaturasını da göstərib.

Qeyd edək ki, partiya 2017-ci ildə Paludan tərəfindən yaradılıb. O, “YouTube”da çoxsaylı anti-İslam videoları ilə tanınır: siyasətçi “Quran”ı açıq şəkildə yandıraraq, bunu söz azadlığına hörmət adlandırıb. Onun partiyası İslama qadağa qoyulmasını və bütün “qeyri-qərbli sığınacaq axtaranların” deportasiyasını tələb edir.

Artıq Küveyt “Quran”ın yandırılmasını kəskin şəkildə pisləyib və bu hərəkətin bütün dünyada İslam ardıcıllarını təhrik edə biləcəyindən ehtiyat edib. Bu barədə Küveytin xarici işlər naziri Salem Abdulla əl-Cabir əs-Sabahın bəyanatında deyilir.

Küveyt Xarici İşlər Nazirliyinin rəhbəri Türkiyə Respublikasının Stokholmdakı səfirliyi qarşısında “Qurani-Kərim”in bir nüsxəsinin ekstremist tərəfindən yandırılmasını kəskin pislədiyini bildirib. Küveytin xarici işlər nazirinin sözlərinə görə, bu hərəkət "dünyadakı müsəlmanların qəzəbinə səbəb ola bilər və onlar üçün təhlükəli təxribata çevrilə bilər”.

Küveytin xarici işlər naziri beynəlxalq ictimaiyyəti "bu cür qəbuledilməz hərəkətləri dayandırmaq və İsveçdəki hərəkətə görə məsul olanları cavablandırmaq üçün öhdəliklərini yerinə yetirməyə" çağırıb. Onun sözlərinə görə, “nifrət və ekstremizmin bütün formalarını rədd etmək, siyasəti dinlə əlaqələndirmək yox, dialoq və tolerantlıq dəyərlərini yaymaq, hər hansı dini konfessiyaların təhqir olunması hallarının qarşısını almaq lazımdır”.

Niyə İsveç hakimiyyəti sadəcə reallıq əsasında - bu mövzunun həssaslığına görə belə mümkün arzuolunmaz nəticələri nəzərə almır?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Kiyev Yaxın Şərq Araşdırmalar Mərkəzinin direktoru İqor Semivolos:

“Bu cür hərəkətlər tamamilə barbarlıq və vəhşilikdir. Əqidəsinə görə irqçi olan bu ifrat sağçı siyasətçi fürsətdən istifadə edərək ictimaiyyətin diqqətini özünə və siyasi gücünə cəlb edir. Bəli, o, Türkiyə-İsveç münasibətlərinin gərginliyindən sui-istifadə edir və cəmiyyətdə müəyyən səviyyədə dəstəyə ümid edir. Yəni bu, konkret auditoriyaya ünvanlanmış 100% effekt yaradacaq bir addəmdır.

Üstəlik, həm bilavasitə İslamın yayılmasından narazı olanların çox olduğu bölgələrində, həm də İslam ölkələrində radikal islamçılar arasında bu əməl onların cihadlarının düzgünlüyünün təsdiqi kimi qəbul edilə bilər. Ən yaxşı üsul ona məhəl qoymamaqdır, lakin mövzunun həssaslığını nəzərə alsaq, bu yanaşmanı gözləmək real deyil.

Güman edirəm ki, hüquq-mühafizə orqanlarının nümayəndələri bu hərəkətləri milli təhlükəsizliyə təhdid kimi görməyiblər və nədənsə, bu hərəkəti qadağan edəcək heç bir əks iddia olmayıb. Üstəlik, o, bunu əvvəllər də etmişdi və hər şey az qanla həyata keçirilirdi. Həm də bir versiya olaraq, belə bir ləng reaksiyanın mənfi təsirin minimuma endirilməsinə yönəldiyi variantını nəzərdən keçirə bilərəm. İzah edim: sizin müəyyən sayda dəstəkçiniz var və onların səfərbər olacağına arxayın olursuz. Bu vəziyyətdə qadağadan yaxşı bir şey yoxdur. Onda tək yandırılma yox, onlarla yandırılma və daha çox reklam effekti alacaqsınız.

Hər halda, bu vəziyyət təbii ki, xoşagəlməzdir və bir daha göstərir ki, müxtəlif çirkin siyasətçilər Türkiyə ilə İsveç arasındakı siyasi fikir ayrılıqlarından öz siyasi kapitallarını artırmaq üçün necə istifadə edirlər”.

Latviyalı politoloq, filologiya elmləri doktoru, müstəqil jurnalist, ABŞ Milli Demokratik Beynəlxalq Münasibətlər İnstitutunun (NDI) keçmiş üzvü Aleks Qriqoryevs:

“Stokholm polisinin Rasmus Paludanı niyə müdafiə etməsi başadüşüləndir - onlar ona çox vacib hüququ sərbəst şəkildə həyata keçirmək imkanı verdilər: fikir və söz azadlığı hüququ. Yenə də mən hakim olsaydım və stolumda bu siyasətçiyə qarşı şikayət ərizəsi olsaydı, özümə sual verərdim: o, hansı fikri bildirmək istəyirdi?

Görünür, bu, “Quran”ın əsas müddəaları ilə ziddiyyət təşkil edirdi. Stokholmun və ya Kopenhagenin mərkəzində bu sözləri afişaya yazıb posterlə dayanmaq olardı. “Quran”ın yandırılması, orada deyilən fikirlərlə razılaşmamaqdan başqa, digər bir məqsədə hesablanıb. Qorxuram ki, bu əlavə məqsədlər təsadüfi deyil, qəsdən dindarların hisslərini təhqir etmək əsasında qalmaqal yaratmaq istəyi idi.

Yəni siyasətçinin əsas məqsədi incitmək, millətlərarası və ya dinlərarası nifrət yaratmaq olub. Şübhəsiz ki, İsveçdə nifrət nitqinə, nifrətə sövq etməyə, etnik və ya konfessiyaya əsaslanan təhqirlərə qarşı qanunlar var. Əgər onlar varsa, onları xatırlamağın vaxtıdır”.

Müəllif: Rauf Orucov