Qubadlıda yeni hərbi hissə fəaliyyətə başlayıb

Xəbərlər

01.04.2021 - 15:13

Ermənistanla dövlət sərhədində DSX-nın yeni hərbi hissəsi xidməti-döyüş fəaliyyəti göstərəcək

 

Azərbaycan Respublikasınınərazi bütövlüyü təmin edildikdən və Ermənistan Respublikası ilə dövlət sərhədləri işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən bu ərazilərdə sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətindən AYNA-ya verilən xəbərə görə, aprelin 1-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

 

Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini general-leytenant Rəşad Sadiqov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

 

Çıxışda Vətən Müharibəsində düşmən üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərinin şərəflə iştirak etmələri və qarşıya qoyulmuş döyüş tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirmələri, dövlət sərhədlərimizin işğaldan azad olunmasından sonra qısa müddət ərzində bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkilinin böyük əhəmiyyət kəsb etməsi qeyd olunub.    

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin  Ali Baş Komandanı  İlham Əliyevin dövlət sərhədlərimizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün səy və bacarıqlarını əsirgəməyən Azərbaycan sərhədçilərinin düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığının təmin edilməsi vəzifəsinin öhdəsindən də layiqincə gələcəklərinə əminlik ifadə olunub.

 

Yeni hərbi hissə kompleksinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana kompleksinə, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçiriblər. Kompleks daimi işıq və istilik sistemi, zəruri avadanlıqlar, mebel və məişət əşyaları ilə təmin edilib.

 

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstər­miş hərbi qulluqçular təltif olunublar.

Müəllif: Ayna.az