“Qılınc koronavirusman” və ya söz haqqı xalqa çatanda…

Cəmiyyət

03.07.2020 - 13:01

Həkimlər Klinikalar SEO Xidməti

Nə Şərq kimi Şərq olmuşuq ki, bir sanballı sözlə yüz minlər deyilənə əməl etsin, nə də Qərb kimi Qərb olmuşuq ki, siyasi texnologiyalardan düzgün istifadə olunmaqla xalqın şüuruna təsir etmək mümkün olsun

 

“İnam qələbənin yarısıdır”, - deyiblər. İstər döyüş meydanında gözə görünən düşmənlə olsun, istərsə də, dünyanın başı üzərində kabus kimi dolaşan gözəgörünməz, zərrə boyda virusla mübarizə - inanmadan qələbə qazanmaq olmaz.

 

Lakin bu dəfə vəziyyət həm də bir qədər fərqlidir: qələbə qazanmaq üçün ilk olaraq gözəgörünməz düşmənin - koronavirusun varlığını qəbul etməli, onun bəşəriyyətə saçdığı təhlükəni dərk etməlisən. Ancaq hökumət nə illah edirsə, insanların çoxu virusun varlığına, ümumiyyətlə, inanmır. Cəmiyyətin qınağından, qanunun tətbiq etdiyi cəzalardan qorxaraq qaydalara məcburi riayət edən vətəndaşlar, fürsət düşdükcə inanmadıqlarını dilə gətirir, karantindən təngə gəldiklərini gizlətmirlər.

 

Bunun həlli yollarının isə insanları düzgün maarifləndirməkdən keçdiyini anlamayan bəziləri cərimələrin artırılmasında, cəzaların daha da sərtləşdirilməsində, hətta inanmayanların cəzalandırılmasında görürlər. Halbuki, özlərinə sual vermirlər: axı, bu insanlar pandemiyaya niyə inanmır, yaxud inanıb-inanmamağa tərəddüd edirlər?!

 

Qalileo Qalileyi xatırlamamaq olmur: inkvizisiyanın qorxusundan Yerin Günəşin ətrafında dövr etdiyini təkzib etməli olan 72 yaşlı ahıl kilsə məhkəməsi qarşısında öz kəşfini təkzib etdikdən sonra, yenə də dözməyərək deyir: hər halda, o fırlanır!

 

İnsanları inandırmaq üçün inkvizisiyaya ehtiyac varmı?! Orta əsrlər olsaydı, yəqin ki, özlərini Müqəddəs Ata hesab edən həmin səlahiyyətli şəxslər yəqin ki, inanmayanları bidətçi elan edib tonqalda yanmalarını əmr edərdilər! Demokratiyanın ali bəşəri dəyər olduğu XXI yüzillikdə daxili etiqad məsələsinə görə sərt cəza tələb edənlər, yəqin ki, orta əsrlərdə yaşasaydılar, daha barbarca görünən cəza hökmləri çıxarardılar. Heç Yeri-Göyü yaradan, Kainatın uca memarı Allah-Taala belə, müqəddəs hesab olunan səmavi kitablarda nəyəsə zorla inanmağı əmr etmir, müxtəlif qissə və peyğəmbərlər vasitəsilə insanları Ona inanmağa çağırır, inandırmağa çalışır.

 

Bütün bunlara rəğmən, bəzi başbilənlər güclərinin yetdiyi, əhalinin kəskin şəkildə varlılara və kasıblara bölündüyü, yoxsullaşmış vətəndaşlar ölkəsində, özünü ən ali təbəqə, dövlətül-humayun, əhalini isə rəiyyət hesab edən məmur-deputat silki Azərbaycanda son çarə olaraq inanmayanlara sərt cəza verilməsinə çağırır. Hərçənd, "koronavirus bidətçiləri" təkcə Azərbaycanda yox, dünyanın hər yerində var - Rusiyada, Avropada, Latın Amerikasında, Uzaq Şərqdə insanlar bu məsələdə iki qrupa bölünürlər: virusun mövcudluğuna inanmayanlar, yaxud onun bu qədər də öldürücü olmadığını düşünənlər və ümumiyyətlə inanmayanlar.

Məsələn, Rusiyada əhalinin 1/3-i, yəni 32 faizi virusa inanmır, onu maraqlı güclərin oyunu hesab edir. Lakin heç yerdə belə barbarcasına sərt cəza tələbləri səslənmir. Qədim Roma natiqi Siseron deyir: "İmperiyanın sonu iflasa nə qədər yaxındırsa, onun qanunları da bir o qədər cəfəng olar". Biz bunu belə təfsir edə bilərik: insanların sevmədiyi, hətta nifrət etdiyi harın məmur-yalançı deputat silkinin sonu nə qədər yaxındırsa, onların tələbləri və sistemləri də bir o qədər cəfəng və mənasızdır.

 

Onlar bir dəfə də olsun, özlərinə sual veriblərmi ki, vətəndaşlar niyə belə davranır, niyə bu təhlükəyə inanmırlar?! Cavabı çox sadədir: Mövlanənin dediyi kimi, "bir sözə bax, bir də o sözü deyənin kimliyinə"! Uzun illər boyunca ən ali, mötəbər kürsülərdən xalqa yalan danışan, xalqın hesabına inanılmaz var-dövlət, sərvət yığan adamların söylədiklərinə xalq niyə inansın ki?! Onlar həmişə hesab edirdilər və ya özlərini inandırırdılar ki, xalq avam kütlədir, onların hər dediyinə inanacaq, yaxud səssiz qalıb etiraz etməyəcək, müti şəkildə hər zaman olduğu kimi deyiləni edəcək.

 

Ancaq unudurlar ki, həssas dönəmlərdə qərarı icra etməli olan bilavasitə xalq özüdür, sən onu məcbur etməli yox, inandırmalısan. İnandırmaq üçün isə özün dürüst, sözükeçən, nüfuzlu, sanballı olmalısan.

 

Xalq, əslində ilk dəfə deyil ki, etiraz, boykot edir, inamsızlığını dinc formada göstərir. Uzun illər seçkiyə inamsızlıq göstərdi, sandığa getmədi. Və sonrakı nəticələr onun haqlı olduğunu göstərdi – saxtakarlıq, mandat alveri. Xalq susdu. Ürəyində razılaşmadı, amma susdu. Rüşvətxorluğu, haqsızlığı gördü, yenə susdu, haqqı tapdandı, dözdü, təkrar susdu.

 

Və günün birində, prosesdə əsl iştirakçı xalq özü olması lazım olanda - ki, xalqsız bu təhlükənin qarşısını almaq olmazdı - xalq inanmadı. Xalq virusa, bəlkə də daha çox inandı, nəinki, israrla bu virusun təhlükəli olduğunu deyib, qayda pozanlara, hətta inanmayanlara cəza verilməsini tələb edən məmur-deputatlara. Xalq inadkarlığına salıb, iş gəlib ona çatanda, örkən gəlib doğanaqdan keçməli olanda, dəmir qapının taxta qapıya işi düşəndə ondan asılı olanı etmədi, etmək istəmədi. Ondan inanmağı tələb edənlərə inanmadığını göstərməklə etiraz etdi.

 

Bax, xalqla işləmək, xalqı saymaq, ictimai rəylə hesablaşmaq ona görə lazım idi ki, günün birində prosesin özündə və önündə xalqın iştirakı lazım gələndə cəzaya əl atmağa ehtiyac qalmasın, xalqla hökumət əl-ələ verib təhlükənin öhdəsindən tez bir zamanda gəlsin.

 

Uzun illər ölkədə nə peşəkar piar işi qurulub, nə ictimai rəylə düzgün iş aparılıb, nə siyasi texnologiyanın hər hansı mütərəqqi nailiyyətlərindən istifadə olunub. Yalnız kortəbii kütlə hesab olunan xalqın şüurunu bayağı televiziya verilişləri, ucuz şoular vasitəsilə idarə etməyə çalışıblar. Nə Şərq kimi Şərq olmuşuq ki, bir sanballı sözlə on minlər, yüz minlər deyilənə əməl etsin, nə də Qərb kimi Qərb olmuşuq ki, heç olmasa, siyasi texnologiyalardan düzgün istifadə olunmaqla xalqın, kütlənin şüuruna təsir etmək, onu inandırmaq mümkün olsun.

 

Günün birində, əsl təhlükəli qara buludlar başımızın üstünü alanda məlum olub ki, mediada, televiziyalarda əhalinin gözündə qəhrəmana çevrilən həmin “ulduzcuqlar” çox sönük və saxta imiş, kütlə gözündə gördükləri xalqa söz keçirə bilməyəcək qədər zəif imişlər. Son sözü xalq deməli olanda, onların sözü havayı və havaya uçan boş lafdan başqa bir şey deyilmiş. Uzun illər media təbliğatını quranların, ictimai-siyasi sferanı formalaşdıranların, xalqla dövlət arasında sədd ucaldanların zəhməti öz “bəhrəsini” belə verir.

 

İctimai rəy heçə sayılarsa, xalqın haqqı tapdalanarsa, sərvəti istismar edilərsə, səsi oğurlanarsa, illərlə yalanlarla üz-üzə qalarsa, indi inanması bir az çətin deyilmi?... Bu gün cəmiyyəti hər cür intizamsızlıqda ittiham edən məmur-deputatlar nə vaxt cəmiyyətin dərd-sərini, problemlərini dinlədilər ki, günün birində - cəmiyyətin nizamına ehtiyac yarananda, ondan intizam və inam tələb etsinlər?! Yoxdur elə bir şey, olmaz, ola da bilməz! İnandırmaq üçün o inamı qazanmalısan. Sizə inanmayan, sizin heç bir sözünüzə inanmayacaq, lap “Quran”dan don geysəniz belə...

 

Konfutsi deyir ki, "bir yerdə ki, kiçik adamların kölgəsi böyüyür, demək, o yerdə Günəş batır"! Azərbaycanda, doğrudanmı Günəş qürub edir?!

 

Politoloq Nəzakət Məmmədova,

Xüsusi olaraq AYNA üçün

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş