Azərbaycan Qlobal İqlimi dəyişənlərdən sayılmır
Hərdən Qərb ölkələrində insanların küçələrdə axın-axın gəzərək təbiət eşqinə etirazlarının şahidi oluruq. İnsanlar qlobal iqlim dəyişikliyinin ciddiliyinə vararaq hökümətlərindən tədbirlər görməsini istəyirər. Bunun üçün ərinmədən şüarlar səsləndirib sağlam gələcək üçün səslərini çıxarırlar. Başqa sözlə, bizim bu qəbildən etirazlara həmrəy olmaq kimi həvəsimiz olmasa da, hər halda etirazların məğzi ciddiliyini qoruyur.
Elə bu yaxında BMT-nin sonuncu zivvə toplantıntısının gündəlikdə olan ilk məsələ qlobal iqlim dəyişikliyi ilə bağlı idi. Bu məsələ həm də BMT-nin 2030-cu ilə qədər dayanlıqlı inkişaf məqəsədlərindən biridir.
Azərbaycanın qlobal iqlim dəyişikliyi məsələsində rolu nə qədərdir? İqlimi dəyişməkdə təqsiri varmı və ya əksinə baş verən təbiət anormallğı bizi ərazimizdə hansı fəsadarı törədə bilər?
Ən əvvəl məlumat üçün deyək ki, 1995-ci ildə Azərbaycan BMT-nin iqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Kioto Protokolu 1997-ci il dekabrın 11-də Yaponiyanın Kioto şəhərində qəbul edilib və 2005-ci il fevralın 16-da qüvvəyə minib. Azərbaycan Milli Məclisin 18 iyul 2000-ci il tarixli qərarı ilə bu Protokola qoşulub. Kioto Protokolu qlobal istiləşməyə səbəb olan istixana qazlarının atmosferə tullantılarını məhdudlaşdırır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Kioto Protokolu üzrə istilik effekti yaradan qazların azaldılmasına dair öhdəliklərin yerinə yetirilməsinin birinci mərhələsi (2008-2012-ci illər) başa çatdıqdan sonra 2012- ci ildə Doha şəhərində 18-ci Tərəflər Konfransında Kioto Protokolunun ikinci mərhələsi (2013-2020-ci illər) üzrə Doha əlavəsi qəbul edilib.
Bununla əlaqədar ölkələrin bu sahədə verə biləcəyi töhfələrin artırılması və potensialın gücləndirilməsi üçün BMT Baş Katibinin çağırışı ilə 23 sentyabr 2014-cü il tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Yüksək Səviyyəli İqlim Sammiti keçirilib. Adı çəkilən Sammitdə Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə yanaşı, İqtisadiyyat və Energetika Nazirliklərinin nümayəndələri də iştirak edib. Ölkə kimi öhdəlikləri var. Məsələ ilə bağlı fəaliyyət nə yerdədir?
Enerji effektivliyi üzrə Milli Fəaliyyət Planının layihəsi hazırlanır
Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın AYNA-ya verdiyi məlumata əsasən, “ Azərbaycan özünün “Milli səviyyədə müəyyən edilmiş Töhfələr”ində qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürüb. Ölkənin 2020-ci ilə kimi inkişaf prioritetlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyası”nın bir bölməsi ayrıca olaraq ətraf mühit məsələlərinə həsr edilib və həmin Konsepsiya sənədində konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanda orta hesabla bir vahid ÜDM istehsalı üçün istifadə edilən enerjinin və emissiya olunan karbon dioksidin miqdarının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə müvafiq göstəriciyə yaxınlaşdırılması məqsədi prioritet hədəf kimi qarşıya qoyulub”.
“2016-cı ildə təsdiq edilmiş sektoral strateji yol xəritələrində öz əksini tapıb. Daha dəqiq desək, “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə iqlim dəyişmələrinə təsirlərin yumşaldılması ilə bağlı məsələlərə xüsusi yer verilmiş və 2025-ci ilə qədər və ondan sonrakı dövr üçün konkret tədbirlər nəzərdə tutulub”, - deyə İ.İbrahimova əlavə edib.
Onu da qeyd edib ki, Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii resurslardan səmərəli istifadəyə dair tədbirlər planı”, bundan əlavə bir sıra ekoloji tədbirlərlə bağlı məsələlər üzərində işlər aparılır: ““Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası qanunlarının layihələri işlənilib və razılaşdırmaq üçün təqdim olunub. Hal-hazırda Enerji Xartiyasının dəstəyi ilə Enerji effektivliyi üzrə Milli Fəaliyyət Planının layihəsi üzərində işlər davam etdrilir”.
Məlumatda o da qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Koreya hökumətinin KOİCA şirkəti ilə birlikdə “İqlim dəyişmələrinə təsirin azaldılması ilə bağlı Milli Strategiya” sənədinin hazırlanması işlərinə başlanılıb. “İqlim Dəyişmələrinə qarşı Milli Adaptasiya Plan”ı hazırlanması üçün dövlətdaxili hazırlıq proseduruna start verilib və bu sahədə Yaşıl iqlim fondu ilə əməkdaşlıq haqqında müzakirələr aparılır.
Mətbuat xidməti rəhbərinin “insanların bu məsələ, eləcə də ətraf mühitin qorunması ilə bağlı maarifləndirilməsi hansı formada aparılır” sualına cavabı isə belə olub: “Xəzəri qoruyaq” şüarı ilə keçirilən aksiyada Xəzər dənizinin sahilinin tullantılardan təmizlənməsi, “Az avtomobil, çox həyat” şüarı ilə keçirilən veloyuruşlərdə insanların avtomobillərdən daha az istifadə ertməklə havaya daha az İEYQ atılmasına çağırış edilməsi, şəhərin müxtəlif yerlərində plastik qablar üçün konteynerlərin quraşdırlması, plastik torbaların istifadəsinin azaldılması üzrə aksiyalar keçirilib.”
Biz Qlobal İqlimi dəyişənlərdən sayılmırıq
Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin rəhbəri Elşad Əsgərov AYNA-ya açıqlamasında vurğulayıb ki, qlobal iqlim dəyişikliyi narahatçılığı sənaye dövlətlərinə aid olan və onları narahat edən məsələ olmalıdır: “Çünki sənaye şəhərləri atmosferin çirklənməsində birbaşa təqsirkardırlar. Azərbaycanın ərazisi balacadır, bu məsələ ilə bağlı beynəlxalq hesabatarın siyahısında son yerlərdə durur və Qlobal iqlim dəyişikliyini yaradan səbəblərdə bizim payımız azdır. Buna baxmayaraq, bizim də tədbirli olmağımız vacibdir, biz də dünyanın bir hissəsiyik”.
E.Əsgərovun sözlərinə görə, təmsil etdiyi Fondun qarşısında duran əsas məsələ Yer kürəsinin quru hissəsindəki meşələrin qeydinə qalmaqdır: “Bilirsiz ki, iqlimin formalaşması, onun təsiri və dəyişməsində meşələr əsas rol oynayır. Bu səbəbdən davamlı fəaliyyəti var. Təşkilatımız “İqlim dəyişiklərinin yumşaldılması məqsədiylə meşə ekosistemlərinin bərpası” adlı layihə həyata keçirib. 3 illik layihə çox yaxşı nəticələr əldə etdi. Layihə çərçivəsində Böyük Qafqazın ətəklərində Qaxda, Qəbələ, İsmayıllı (Qalıncaq) kimi zəngin meşə zolagı olan yerlərdə bir çox işlər gördük. Meşə sahələrinədə seyrəlmiş və boşalmış yerlərində yenidən ağaclar əkdik, bəzi ərazilərin bərpası isə özbaşına oldu, bəzi sahələri hasarladıq ki, mal-qara oranı otlaq sahəsinə çevrməsin. Görülən tədbirlərdən sonra tək ağaclıq yaranmadı, həm də həmin ərazidə meşə ekosistemi də bərpa oldu. Yaxşı bilirsiz ki, meşə heyvanların, quşaların yaşaması üçün bir evdir, meşə məhv olunanda bu canlıları öz evindən edirik, bərpa edəndə isə onların çoxalmasını, zənginləşməsini təmin edirik”.
Bəs Azərbaycan iqlimin formalaşmasında meşlərini qoruya bilirmi? Mütəxəssisin sözlərinə görə, Azərbaycan meşələrinin qorunmasında Dövlət meşə Fondunun işlərinə nəzarət etmək səlahiyyətləri yoxdur: “Bizim özümüzə məxsus missiyamız var. Dünyanın 130 ölkədə ofisimiz var, hər bir təşkilatın nümayəndəliyinin ayrılıqda mandatı olur, bizim əsas şüarımız və missiyamız problem olan yerlərdə fəaliyyət göstərməkdir. Biz sadəcə olaraq dövlət qurumları ilə beynəlxalq ekspertlərlə tövsiyyə veririk, bizə təlimat veriləndə dəstəyimizi göstəririk və yaxud by mövzuda məlumatlandırma, təlimlər təşkil edirik”, - deyə Elşad Əsgərov bildirib.
Hanı nəqliyyatın keyfiyyətli yanacağı?
AYNA-ya danışan ekoloq Azər Qarayevin də fikrincə, Azərbaycanın qlobal iqlim dəyişikliyində hər hansı güclü təsiri yoxdur: “Çünki biz ABŞ, ÇİN, Rusiya kimi iri dövlətlərdn deyilik. Amma biz də mövcud iqlim dəyişikliyinin təsirlərinə məruz qalanlardanıq. Həm də iqlim dəyişməsi deyəndə burda tək havanın, atmosferin dəyişməsindən, istinin, soyuğun normadan artıq və ya az olmasından danışmaq doğru deyil. Çünki havanın anormal dəyişikliyi bütün canlı orqanizmlərə də təsir edərək onların da dəyişməsinə gətirib çıxrarır. Bu səbəbdən iqlim dəyişikliyindən təsirlənən ətraf mühit, canlı aləm də analiz olunmalıdır”.
“Təəssüf ki, Azərbaycanda bu sahədə əməlli fəaliyyət yoxdur. Misal üçün, atmosferə zəhərli qazların buraxılmasınən qarşısının alınması ilə bağlı ölkəmizin müəyyən öhdəlikləri var. Burada əsası nəqliyyat vasitələrinin son illər inkişafı, ölkəyə gətirilən nəqliyyat vasitələrinin keyfiyyətinin o qədər də qənaətbəxş olmaması səbəbindən müəyyən tullantılar var. Azərbaycan nəqliyyatda keyfiyyətli yanacaq və Avro- 4 standartına keçsə də, hələ də məsələylə bağlı problemlər davam edir. Güya ekoloji monitorinqlər aparılır, nəticələr isə yoxdur”, - A. Qarayev əlavə edib.
Məlumat üçün deyək ki, 2014-cü ilin aprelindən Azərbaycanda avtonəqliyyat vasitələri Avro-4 standartına keçib. Bu benzinin keyfiyyətini artırmaq və 2000-ci ildən əvvəl istehsal olunan maşınların ölkəyə gətirilməsinə qadağa demək idi. O vaxt bəzi iqtisadçılar bu qərarın tələsik verildiyini və Azərbaycanın Avro-4 standartına keçid üçün hazırlıqlı olmadığını qeyd edirdilər.
Ekoloqlar isə yeni standartın atmosferə buraxılan zərərli tullantıların miqdarının azalacağına şübhə ilə yanaşırdılar. Görünür, bu şübhə özünü doğrultdu.