“Qarabağ”ın təsisçisi: “Erməni diasporu mənə pul təklif etdi ki...”

İdman

08.10.2022 - 10:26

Çox istərdim ki, Azərbaycandan mənə yaxşı təklif gəlsin” – Elnur Vəliyev

Moskvanın “Qarabağ” həvəskar komandasının təsisçisi, futbol mütəxəssisi Elnur Vəliyevin AYNA-ya müsahibəsini təqdim edirik.

- Zəhmət olmasa, özünüz haqqında məlumat verin.

- Mən Bakıda idmançılar ailəsində anadan olmuşam. Atam avarçəkmə üzrə idman ustasıdır, anam isə atletika ilə məşğul olub. Mən futbolu seçdim. Məndə bu idman növünə uşaqlıqdan sevgi yaranıb. Həyətdə uşaqların və böyüklərin futbol oynamasına baxmağı çox sevirdim. Sadəcə həyətimizdə oynayan və məni uşaq idman məktəbinə göndərən də həmin o uşaqlar oldu. Onların arasında “Spartak”da çıxış edən Mehman Azadəliyev, Əziz Vəliyev və Etibar Tanrıverdiyev (hər ikisi “Neftçi”də çıxış edib) olub. Məndə futbol sevgisi aşıladılar.

Uşaq futbol məktəbində məşqçim Əziz Əliyev idi. Bir vaxtlar “Neftçi” komandasının qapıçısı olub. Bundan sonra Azərbaycan çempionatının peşəkar liqasında çıxış etdim. Mənim idman kumirim Devid Bekhemdir. Onun oyununu, qolları necə məharətlə vurduğunu həmişə böyük məmnuniyyətlə izləmişəm.

Bakı Dövlət Universitetində və Rusiya Dövlət Bədən Tərbiyəsi və İdman Universitetində ali təhsil almışam. Mən UEFA A lisenziyalı məşqçiyəm. Kifayət qədər uzun müddət futbol oynamışam, lakin 2014-cü ildə ayağımda çarpaz bağlar zədələndi. Bir müddət futbolu tərk etməli oldum və bundan sonra futbol məşqçisi olmağa qərar verdim. Futbol artıq həyatımın bir hissəsinə çevrilib və idmanı tərk etmək mənim üçün çox çətin olacaq.

2015-ci ildə ilk C məşqçilik lisenziyamı aldım. Həm kişi, həm də qadın komandaları ilə iş təcrübəm var. Mən uzun müddət Moskvada oxumuşam və yaşamışam. Uşaq futbol məktəblərində işləmişəm. 2019-cu ildə Kiyevə köçdüm, “Şaxtyor” klubunun futbol akademiyasında işlədim. Sonra bir sıra klublarla çalışdım. Keçən il Lvovda “Rux”un U-15 komandasının baş məşqçisi olmuşam.

- Moskvada “Qarabağ” futbol komandasını da yaratmısınız...

- Doğrudur. Bu komanda mənim rəhbərliyim altında qısa müddət mövcud olub. Komandanın heyətində həmyerlilərimiz çıxış ediblər. “Qarabağ” komandasını yaratmaq ideyası mənə 2012-ci ilin sonunda gəldi. Və 10 yanvar 2013-cü ildə mən artıq komanda yaratdım. Rusiyada yaşayan həmyerlilərimin və Moskva universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayəsində yaratdım komandanı. O zaman Qarabağ münaqişəsi mövzusu bütün azərbaycanlılar üçün çox ağrılı mövzu idi. Bu səbəbdən komandanın adını “Qarabağ” qoymağa qərar verdim.

Komandanın adı Rusiyadakı erməni diasporu arasında müəyyən qıcıq yaradıb. Komandanın adına görə ermənilər tərəfindən mənə qarşı iddialar var idi. Müəyyən müddət bu komandada çıxış etdiyim üçün əvvəlcə “Qarabağ” klubu özü mənə komandada kömək etdi. Mənə futbol dəstləri verildi.

2015-ci ildə futbolçu Ramal Hüseynovun həmin vaxt Moskvada olan böyük qardaşı Azərbaycan diasporunun nümayəndələri ilə birgə Odessada futzal üzrə beynəlxalq turnirə yollanmaqda bizə maddi köməklik göstərib. Komandamız turnirin dörddə bir mərhələsində məğlub olub. Uzun müddət heç kim bizə kömək etmədi, birtəhər başımızı saxladıq. Komandaya Azərbaycan mediasından böyük maraq var idi, tez-tez müsahibə və şərhlər üçün bizə müraciət edirdilər.

Elə bir məqam oldu ki, erməni diasporunun nümayəndələri mənə sponsorluq təklifi ilə müraciət etdilər ki, komandanın adı “Artsax” olsun və orada azərbaycanlılarla yanaşı ermənilər də oynasınlar. Mən onlara qətiyyətlə dedim ki, “belə bir şey etməyəcəyəm!”.

Bir müddət sonra “Unicorn Challenge”-in təsisçisi İlqar Səmədov və onun xalası oğlu Elvin mənimlə əlaqə saxladılar və komandaya maddi köməklik etdilər. Komandamızı rəsmən təqdim etdik. Kiyevə köçəndən sonra komandanı uzaqdan idarə etmək çətinləşdi və nəticədə “Qarabağ” çempionatlardan çəkildi, futbolçular başqa klublara getdilər.

2019-cu ildə “Şaxtyor Akademiyasının məşqçisi ol” layihəsi var idi. İştirak etmək üçün müraciət etdim. 800 iştirakçı arasından 24 nəfər seçildi, onların arasında mən də var idim. Futbol akademiyasının kurslarında mənə U-13-də köməkçi məşqçi vəzifəsi təklif olundu. Bir il sonra koronavirus pandemiyası başladı. Şəxsi məşqlər verirdim. 2020-ci ildə “Yednist” futbol klubunun köməkçi məşqçisi olmaq təklifi gəlib. Paralel olaraq Kiyevin “Respect” həvəskar komandasına rəhbərlik etdim. 2021-ci ilin fevralında “Yednist” klubundan ayrıldım. Bu müddət ərzində “Respect” komandası Kiyev çempionatının ikiqat bürünc mükafatçısı olmağı bacardı. 2021-ci ilin iyul ayında Rux Futbol Akademiyasında işləməyə başladım. Ukrayna çempionatında, müxtəlif beynəlxalq turnirlərdə iştirak etmişik.

- Azərbaycan futbolunun hazırkı durumunu necə qiymətləndirirsiniz?

- Bu, mənim üçün çox ağrılı mövzudur. Azərbaycan inkişafdan geri qalır, baxmayaraq ki, ölkədə uşaq komandalarında perspektivli oyunçular var. Mən Azərbaycandakı vəziyyəti Ukrayna ilə müqayisə etdim. Biz bir çox cəhətdən geridəyik. Bu, mənim sırf şəxsi fikrimdir.

Eyni zamanda, “Qarabağ”ın beynəlxalq arenada qazandığı uğurlar məni çox sevindirir. İndi Millətlər Liqasında Azərbaycan komandası ardıcıl üç oyunda qalib gəlib. İndi Azərbaycan klublarında çoxlu ukraynalı legionerlər çıxış edir. Murad Musayevin “Sabah” klubuna baş məşqçi gəlməsi ilə komandada irəliləyişlər görürəm. “Sabah” – “Qarabağ” oyununa baxdım. Oyunda hiss olunur ki, nəzərəçarpacaq dəyişikliklər var. Amma Azərbaycan futbolunun beynəlxalq arenada inkişafı üçün biz gənc futbolçuları düzgün yetişdirməliyik. Çox ümid edirəm ki, Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovun təyinatı ilə yaxşılığa doğru dəyişikliklər olacaq.

- Azərbaycandan iş təklifləri almısınız?

- Çox təəssüf edirəm ki, mənə belə təkliflər gəlməyib. Mən bir azərbaycanlı kimi Azərbaycanda müasir futbolun inkişafına təvazökar töhfəmi vermək istərdim. Ukraynadan olan tələbələrim hazırda Avropanın müxtəlif klublarında çıxış edirlər. Onların bəziləri Azərbaycan klublarında çıxış edir. Mən çox xoşbəxtəm və onlarla fəxr edirəm. Çox istərdim ki, Azərbaycandan mənə də yaxşı təklif gəlsin.

Müəllif: Asif Aydınlı