Qarabağın Karlovı Varı suyundan üstün mineral suları - <font color=red> ARAŞDIRMA</font>

Cəmiyyət

12.05.2021 - 18:51

Həkimlər Klinikalar SEO Xidməti

İstisudan axan sular yığılıb satılsa ildə 630 milyon manatdan çox gəlir əldə etmək olar

 

“Tərtər çayının sahillərində, dəniz səviyyəsindən 2000-2400 metr yüksəklikdə yerləşən 30-dan artıq bulaq öz şəfaverici xassəsi ilə İstisudan o qədər də geri qalmır”. Bu fikri işğaldan azad edilmiş ərazilərdə turizmin potensialından və inkişaf yollarından danışan iqtisadçı-millət vəkili Əli Məsimli deyib. Millət vəkili əlavə edib ki,  mütəxəssis rəylərinə görə, işğaldan azad olunmuş ərazilərdəki mineral suların kimyəvi tərkibi Çexiyanın məşhur Karlovı Varı mineral sularının tərkibi ilə demək olar ki, eynidir, bəzi göstəricilərə görə hətta ondan  üstündür.

 

AYNA xəbər verir ki, Saxta.info millət vəkilinin bu açıqlamasının əsaslı olub-olmadığını yoxlayıb.

 

Öncə qeyd edək ki, Qarabağda müalicəvi əhəmiyyəti olan 120-dək  mineral su mənbəyi mövcuddur. Bu bulaqlardan təkcə 63-ü Laçın–Kəlbəcər bölgəsində yerləşir. Ümumiyyətlə Azərbaycanın mineral su  ehtiyatının 39.6%-i işğaldan azad edilmiş ərazilərdə  formalaşıb.

 

Azərbaycanın işğaldan azad olunan ərazilərindəki mineral bulaqlar arasında ən məşhuru demək olar ki, Kəlbəcərdəki İstisu bulağıdır. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. 12 bulqdan ibarət İstisuda ilk kimyəvi analizlər  1927-ci ildə aparılıb. Suyun temperaturu səthdə 74, dərinlikdə 90 dərəcəyə qədər çatır. Qaynar sularda minerallaşma 0,7 qramlitrə qədər, soyuq sularda isə 3 qramlitrdən çox olur. Litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngin olan “İstusu”yun  1 litrində  mineralların ümumi miqdarı 2-7 qram arasındadır.

 

İstisu mədə-bağırsaq, maddələr mübadiləsi pozğunluqları, sinir sistemi, hərəkət orqanları, ginekoloji, uroloji xəstəliklərin müalicəsində effektlidir. Həmçinin istisudan alınan duzlar xronik qəbizlik, qaraciyər, öd kisəsi, qastrit və s. xəstəliklərin müalicəsində faydalıdır. Kimyaçı alim E.E.Karstenski Kəlbəcər ərazisindəki mineral suları tədqiq etdikdən sonra İstisu bulağının müalicəvi əhəmiyyətinə görə hətta Çexiyadakı Karlovı Varı mineral suyundan da yüksək olduğunu bildirib. Akademik Mirəli Qaşqay isə  bildirib ki,  İstisu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə Karlovı Varı bulaqları ilə eyni, bəzi xüsusiyyətlərinə görəsə, dünyada əvəzsizdir. 

 

İstisu mineral suları ilə birlikdə yerin səthinə küllü miqdarda karbon qazı çıxır və bu qaz suların qablaşdırılması prosesində istifadə olunur. Suyun tərkibində karbon qazının çox olması başqa ölkələrə ixracına imkan verir.

 

Yeri gəlmişkən, hesablamalara görə, İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır. Sudoldurma  müəssisələri bunun cəmi 22 milyon litrini qablaşdıra bilir. Qalan 3 milyard 941 milyon 316 min litr boş yerə axıb gedir. Mütəxəssislər bildirirlər ki, axan sular yığılıb satılsa ildə 630 milyon manatdan çox gəlir əldə etmək olar.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev mətbuata açıqlamasında bildirib ki, sovet dövründə  İstisuda qurulan kurort və sanatoriya kompleksində ildə 50 min insan müalicə olunub. Sudoldurma zavodu gündə 800 min litr mineral su istehsal edib. Xidmət rəisi İstisu mineral suyunun büdcəyə böyük qazanc gətirəcəyini deyib. Onun sözlərinə görə,  burada termal suların mineral ehtiyat bazası ildə 5 milyard dollar (8,5 milyard AZN) təşkil edir.  Əli Əliyev əlavə edib ki,  Kəlbəcərin işğalı dövründə (2 aprel 1993-25 noyabr 2020 - red) ermənilər İstusu kompleksinə ziyan vurmaqla yanaşı  xaricə böyük miqdarda mineral su  ixrac edib.

Laçın rayonunda formalaşan mineral su ehtiyatı isə əsasən ilıq sulardır.  Bu bulaqlar hidrokarbonat-xlorid-natrium-maqnezium-kalsium xassəli olub ilıq 280J Narzandır.  Təbii qaza malik oln bu sularda mineralların miqdarı  2-3 qram təşkil edir. Mədə-bağırsaq, xüsusilə mədə xorası, xroniki qastrit, qaraciyər, öd kisəsi və öd yolları xəstəliklərinin, xroniki pankreatitin  müalicəsində faydalıdır.

 

Oxşar parametrlər Şuşadakı məşhur Turşsuya da aiddir. Məhz bu su mənbəyinin hesabına Şuşada ötən əsrin 70-ci illərindən Turşsu turist bazası fəaliyyətə başlayıb və tez bir zamanda keçmiş SSRİ məkanında məşhurlaşıb.

Karlovı Varı mineral suları da kimyəvi tərkibi baxımından hidrokarbonatlı-natrium xloriddir. Çexiyanın məşhur Karlovı Varı bölgəsində formalaşan 132 mineral su mənbəyindən 13-ü istifadə olunur. Suyun temperaturu  30-72 dərəcə arasındadır. Tərkibində  natrium, kalsium, maqnezium, sulfat, xlorid və digər kimyəvi maddələr var.  1 litr  “Karlovı Varı”nın tərkibində  6.4 qram mineral  var. Mədə- bağırsaq, öd kisəsi, mədəaltı vəzi xəstəlikləri üçün faydalıdır, qaraciyərin fəaliyyətini normallaşdırır, maddələr mübadiləsini yaxşılaşdırır və qanda şəkərin səviyyəsini sabitləşdirir.  Bundan başqa periodontal xəstəliyin müalicəsində effektli olan Karlovı Varı termal suyu immun sistemini gücləndirir, insanın sümük və qığırdaq toxumasını faydalı mikroelementlərlə təmin edir. Saxta.info sadalanan rəylər və mineral suların tərkibinin müqayisəsi əsasında bu qənaətə gəlib ki, millət vəkili Əli Məsimlinin açıqlaması əsaslıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş