İlham İsmayıl: “Təhlükəsizlik orqanları, güc strukturları Xankəndiyə daxil olmalıdırlar, orda səliqə-səhman yaradılmasına ehtiyac var”
32 ildir ki, Qarabağda özünü “dövlət” adlandıran oyuncaq rejim tarixin arxivinə getdi. Bu gün qondarma qurum özünü buraxdığını elan edib. Xunta rejiminin “rəhbəri” Samvel Şahramanyanın “qərarına” əsasən, rejimin bütün “qurum” və “təşkilatları”nın fəaliyyəti 2024-cü ilin yanvarın 1-dək dayandırılıb.
Şahramanyan erməni əsilli sakinlərin gələcəkdə Qarabağda qalmaq mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək üçün Azərbaycanın təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olmalarını istəyib.
Bununla paralel olaraq Qarabağda yaşayan erməni sakinlər kütləvi şəkildə bölgəni tərk etməkdədirlər. Ermənistan tərəfindən rəsmi açıqlamaya görə, 60 mindən artıq erməni Qarabağdan Ermənistana gedib.
Qondarma rejimin ləğvi o deməkdir ki, Azərbaycan bölgədə separatizmin kökünü kəsməkdə və Qarabağın tamamında suverenliyi bərpa etməyə çox yaxındır. Ekspertlərin əksəriyyəti hesab edirlər ki, yaxın günlərdə Azərbaycan bayrağı Xankəndidə dalğalanacaq, şəhərdə dövlət qurumu fəaliyyətə başlayacaq.
Gedən proseslərlə bağlı AYNA-nın suallarını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl cavablandırıb. Ekspert bildirib ki, lokal antiterror tədbirlərindən sonra baş verən proseslər çox sürətlə gedir:
- Biz dəfələrlə demişik ki, Ermənistan sülh danışıqlarını uzadır ki, bunun qarşısını almağın bircə yolu var – danışıqlardan imtina etmək, antiterror əməliyyatı keçirmək və Qarabağda qalan məsələmizi birdəfəlik həll etməkdir. Qanunsuz erməni silahlılarının Qarabağdan çıxarılması ilkin vəzifə idi. Bunu Azərbaycan Ordusu həll etdi. Güc tətbiq etmək lazım idi ki, qondarma qurum təslim olsun. Azərbaycan buna nail oldu. İndi isə qondarma rejimin ləğvi prosesi baş verir. Bu gün artıq xunta rejimi özünü buraxdığını elan etdi ki, bu, tarixi hadisədir. Bu proseslərin belə sürətlə getməsi, Azərbaycanın lehinə olması çox sevindiricidir.
- Məlumdur ki, Qarabağdakı separatçı rejim Ermənistanın və erməniliyin ən böyük layihəsi idi. Qondarma qurumun özünü buraxması, bu layihələrindən imiməsi hansı zərurətdən doğdu?
- Azərbaycanın gücü qarşısında perspektivləri olmadığını, artıq məğlub olduqlarını anladılar. Bu layihənin baş tutmayacağını, Azərbaycanın buna imkan verməyəcəyini başa düşdülər. Bir sutkalıq antiterror tədbirlərindən sonra rejim onsuz da təslim olduğunu bəyan etmişdi. Ona görə də rejimin ləğvi gözlənilirdi. Hesab edirəm ki, antiterror əməliyyatlarından sonra əldə olunan razılıqda xuntanın özünü buraxması tələbi də rəsmi Bakı tərəfindən qoyulmuşdu. Qondarma qurumun “rəhbəri” Şahramanyan Azərbaycan tərəfindən qısa zaman istəmişdi ki, müəyyən məsələləri həll etsinlər. Azərbaycandan xahiş etmişdilər ki, qısa zaman verilsin, onlar “bayraqlarını” endirəcəklər, “komanda” buraxılacaq. Görünür ki, Azərbaycan oradakı əhalinin çaşqınlıq vəziyyətində olmasını nəzərə aldı və zaman verdi. Bakı bu xahişi normal qəbul etdi, gözlədi ki, proses məntiqi sonluğuna çatsın. Bu gün proses məntiqi sonuna çatdı. Buna görə xalqımızı, ölkə rəhbərliyini təbrik edirəm. Azərbaycanın atdığı addımlar, aparılan siyasət 200 illik problemi demək olar ki, həll etmiş oldu.
- Bundan sonra nə baş verəcək?
- Ardıcıllıqla addımlar davam edəcək. Bundan sonra təhlükəsizlik orqanları, güc strukturları Xankəndiyə daxil olmalıdırlar, orda səliqə-səhman yaradılmasına ehtiyac var. Bundan sonra isə digər mülki strukturlarımız Xankəndiyə daxil olmalı, xidmətə başlamalıdırlar. Onu da demək olar ki, artıq bu proseslər də başlayıb. Bayaq bir video yayıldı, Azərbaycan polisi Xankəndi küçələrində idi. Bu, təqdirəlayiq addımdır. Yubanmadan bu prosesə başlamalıyıq. Eyni zamanda, FHN-in bu gün yanğınsöndürənləri Xankəndi yaxınlığındakı partlayış yerində axtarış-xilasetmə işləri həyata keçirirlər. Xankəndinin elektrik şəbəkəsi bir neçə gündür ki, Azərbaycan elektrik şəbəkəsinə qoşulub. Demək ki, sabah, birigün qaz idarəsi fəaliyyətə başlayacaq. Səhiyyə xidməti göstərilməyə başlayacaq. Gələcəkdə əmlak məsələləri ilə məşğul olan Azərbaycan dövlət qurumu Xankəndidə fəaliyyətə başlamalıdır. Bu gün ermənilərin ən çox gözlədiyi məsələlərdən biri də Azərbaycanın rəsmi şəkildə əmlaklarını qeydiyyata almasıdır. Qarabağın erməni sakinlərinin çıxışlarından belə anlaşılır ki, onlar əmlakları ilə bağlı narahatdırlar. Əmlaklarının qeydiyyata alınmasında maraqlıdırlar. İndi o əmlakları satıb gedəcəklər, yoxsa vətəndaşlıq alacaqlar və qalıb yaşayacaqlar, bu, sonrakı mərhələdir. Vacib məsələ odur ki, Azərbaycanın dövlət strukturları tədricən Xankəndidə fəaliyyətə başlasın.
- Erməni sakinlərin Qarabağdan getməsi demişkən, artıq onlar bölgəni kütləvi şəkildə tərk etməyə başlayıblar. Ermənistan tərəfinin rəsmi açıqlamasına görə, Qarabağı tərk edənlərin sayı bu gün 60 mini ötüb. Bu kütləvi köç nədən qaynaqlanır?
- Erməni əhalisinə Azərbaycan ən yüksək səviyyədə dəfələrlə deyib ki, onların hüquq və təhlükəsizliyi qorunacaq. Biz istəmirik ki, erməni sakinlər son nəfərinə kimi getsinlər. Azərbaycan ermənilərin qalmasını, vətəndaşlıq almasını və bizim qanunlar altında, bayrağımız altında yaşamasında problem görmürük. Bu da dəfələrlə onlara bildirilib. Amma ermənilər bölgəni tərk etmək istəyirlərsə, gedirlərsə, bu da onların seçimidir. Görünür Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Bakıdan hər zaman bəyanat verilib ki, vətəndaşlığı qəbul edib yaşamaq istəyənlər yaşaya bilərlər, heç bir problem də olmayacaq. İstəməyən isə çıxıb gedə bilər. İndi gedirlərsə, biz nə edə bilərik?!
- Bu kütləvi köç Azərbaycana qarşı yeni ittihamlara – “etnik təmizləmə” ittihamına zəmin yaratmayacaq ki?
- Əlbəttə ki, maraqlı qüvvələr bu ittihamlarla çıxış edəcəklər. İstər Ermənistanda olsun, istərsə də xaricdə, ermənipərəst dairələr, Azərbaycanı ittiham etmək istəyən dairələr bunu edəcəklər. Artıq bu prosesə də demək olar ki, başlanılıb. Qarabağdan ermənilərin kütləvi gedişi də “etnik təmizləmə” ittihamını səsləndirmək üçün siyasətin tərkib hissəsidir. Amma Azərbaycanın da bu ittihamlara cavabı var. Yenə deyirəm, Azərbaycan dünən də, bu gün də bəyan edir ki, vətəndaşlığı qəbul edən, Azərbaycan qanunları ilə yaşamaq istəyən buyursun yaşasın, onların hüquq və təhlükəsizliyinə zəmanət verilir. Çıxıb getmək istəyənləri isə gorov götürəsi deyilik ki. Bu, onların şəxsi qərarıdır. Gedənlərin sərhəddə açıqlamaları var, yüzlərlə videomateriallar, faktlar var. Gedənlərin heç biri buna məcbur edildiyini, Azərbaycanın onları zorla deportasiya etdiyini demir. Bunlar Azərbaycan üçün xeyli tutarlı arqumentlərdir.
-Başqa bir məsələ isə qondarma rejimin vaxtilə və indi “vəzifəlisi” olmuş şəxslərin tutulmasıdır. Məsələn, dünən Ruben Vardanyan Laçın sərhəd-keçid məntəqəsində saxlanıldı, Bakıya gətirildi və bu gün DTX açıqlama verdi ki, o cinayət məsuliyyətinə cəlb olunub. Digər canilər də həbs olunacaqmı?
- Əlbəttə, həbs olunacaqlar. Qaçıb gedə bilməyənlər, zamanında qaçmayanlar və Azərbaycanın cinayətkar ünsürlərlə bağlı siyahısında olan şəxslər həbs olunacaqlar. Vardanyan bəlkə də güman edirdi ki, onu həbs edə bilməzlər. Amma Azərbaycan bu məsələdə nə qədər qətiyyətli olduğunu, nə qədər iradəsini ortaya qoyduğunu göstərdi. Bu, digər cinayətkarlara da dərsdir. Yəni Azərbaycan bununla göstərir ki, cinayət törədən kimliyindən asılı olmayaraq cəzasını qanunlarımıza uyğun şəkildə alacaq. Onu vaxtilə vətəndaşı olduğu Rusiya da xilas edə bilməz. Çünki Vardanyan Rusiya vətəndaşlığından çıxmış şəxsdir. Ermənistandan narazılıqlar var ki, bu da mənasızdır. Vardanyan Qarabağa gələndən, “dövlət naziri” olandan sonra Azərbaycana qarşı işğalçı çağırışlar edib, terror çağırışları edib. Bu çağırışlara uyğun da cəzasını alacaq.
Maraqlı məsələlərdən biri də qondarma rejimin “xarici işlər naziri” olmuş David Babayan özü Azərbaycana təslim olmaq qərarı verdi. Güman ki, Vardanyanın sərhəddə həbs olunması, Bakıya gətirilməsi Babayanın bu qərarında həlledici rol oynayıb. Babayan anladı ki, Azərbaycan qanunlarından qaçış yoxdur. Ola bilsin Babayan düşünür ki, bu yolla cəzasını yüngülləşdirəcək. Azərbaycan təslim olanlara müəyyən güzəştlər vəd edib. Babayan da yəqin ki, bu güzəştlərdən yararlanmaq istəyindən dolayı belə bir qərar verib.
Bir sözlə, demək olar ki, Azərbaycan Qarabağ məsələsini kökündən həll etməkdədir. Artıq separatçı rejim yoxdur, Azərbaycan Qarabağın tamamını nəzarətə götürüb. Həm də bu proseslərin sürətlə getməsi, məsələnin tezliklə tam həllinə qovuşması deməkdir. Yəqin ki, bundan sonra Ermənistanla Azərbaycan arasında sülh danışıqları intensivləşəcək və ilin axırınadək sülh sazişinin imzalanacağının şahidi olacağıq.