Putin Paşinyanı dalana dirəyib: Soçidə ciddi anlaşma gözlənilir

Siyasət

24.11.2021 - 16:02

Şahin Cəfərli: “Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sənəd imzalanması mümkündür”

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçidə görüşəcəklər. Bu barədə məlumatı Kremlin Mətbuat Xidməti təsdiqləyib.

Məlumatda bildirilir ki, Putinin təşəbbüsü ilə keçirilən görüşdə liderlərin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrasına baxılması, regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır. Görüş zamanı ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafına xüsusi diqqət yetiriləcək.

“Qarabağda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün atılacaq addımlar müəyyən ediləcək”, - deyə məlumatda vurğulanır. O da qeyd olunur ki, Putinlə Əliyev və Paşinyan arasında ayrıca müzakirələrin aparılması da nəzərdə tutulub.

Ermənistan Baş nazirinin ofisi də Soçi görüşünün razılaşdırıldığını bəyan edib. Rəsmi Bakıdan isə hələlik hansısa açıqlama verilməyib.

Xatırladaq ki, Avropa İttifaqının təşəbbüsü ilə Əliyevlə Paşinyan arasında dekabrın 15-də Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Brüsseldə görüş razılaşdırılıb. Liderlərin Brüssel görüşündən təxminən 20 gün əvvəl Soçi görüşünün razılaşdırılması ortaya maraqlı suallar çıxarır. Analitiklər bildirirlər ki, Kreml vasitəçilik missiyasını Qərblə bölüşmək istəmədiyini ortaya qoyur və Brüsseldən əvvəl Soçidə görüş təşəbbüsü ilə çıxış edir. Ekspertlər hesab edirlər ki, Soçidə tərəflər arasında hansısa sənədlər imzalanması realdır. Belə əsaslandırılır ki, Soçi görüşündə Moskva nəticə əldə etməyə çalışır ki, Brüssel görüşü formal xarakter daşısın.

Mövzunu AYNA-ya şərh edən politoloq Şahin Cəfərli deyib ki, liderlərin üçtərəfli görüşü əvvəldən gözlənilirdi:

- Rusiya, Azərbaycan və Ermənistan liderinin üçtərəfli görüşünün keçirilməsi, əslində 10 noyabr Birgə Bəyanatının ildönümünə planlaşdırılmışdı. Amma Ermənistan daxilindəki təlatümlər, Ermənistan hakimiyyətinin müəyyən tərəddüdləri səbəbindən görüş həmin vaxt baş tutmadı. Liderlərin görüşünün 26 noyabra təyin olunması maraqlı suallar yaradır. Çünki Avropa Birliyinin vasitəçiliyi ilə 15 dekabrda Brüsseldə Əliyev-Paşinyan görüşünün keçiriləcəyi rəsmi açıqlanıb. Brüssel görüşündən əvvəl Putin tərəfindən Soçidə görüş təşəbbüsü ilə çıxış etməsi hesab edirəm ki, Rusiyanın vasitəçilik missiyasını əldən buraxmamaq, təşəbbüsü Qərbə verməmək cəhdinin nəticəsidir.

Avropa Birliyi Brüssel görüşünün keçiriləcəyini rəsmi açıqladıqdan sonra Putinlə Paşinyan arasında telefon danışığı baş tutdu. Şübhəsiz ki, Moskva ilə Bakı arasında da təmaslar olub. Soçi görüşünün Brüssel görüşündən əvvələ salınması faktı onun göstəricisidir ki, Rusiya 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Birgə Bəyanatda olduğu kimi yenə də, öz liderliyini qoruyub saxlamaq istəyir. Eyni zamanda, Qarabağla bağlı prosesdə Qərbi bir qədər ofsaytda saxlamaq niyyətindədir. Kreml Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlıq prosesinin yeganə moderatoru rolunu davam etdirmək niyyətini ortaya qoyur.

- Soçi görüşündə hansısa razılaşmaların əldə edilməsi mümkündürmü?

- Hesab edirəm ki, Soçidə razılaşmalar əldə olunması ehtimalı yüksəkdir. Hətta sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı hansısa sənədin imzalanması mümkündür. Əslində, bu məsələ xeyli vaxtdır gündəmdədir. Rusiya tərəfindən belə bir sənədin hazırlandığına dair daha öncə məlumatlar yayılıb. Bu baxımdan, hesab etmək olar ki, Soçidə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı razılaşma əldə olunması ehtimalı yüksəkdir.

Bununla Moskva bir daha dünyaya nümayiş etdirəcək ki, regionun lideri olan Rusiya Ermənistanla Azərbaycan arasındakı sülhün bərqərar olmasında əsas gücdür. Rusiya bu formada Qərbi oyundankənar vəziyyətdə saxlamaqda davam edəcək. Doğrudan da, Soçidə hansısa ciddi sənəd imzalanarsa, demək Brüsseldə keçiriləcək Əliyev-Paşinyan görüşü formal xarakter daşıyacaq. Brüsseldə hansısa sənədin imzalanması gözlənilmir. Soçidə sənəd imzalanması Avropadakı görüşü formal xarakterli görüş halına gətirəcək. Məncə, Soçi görüşünün Brüssel görüşündən əvvələ salınması təsadüf olmadığı kimi, Rusiya diplomatiyasının uğurudur.

- Soçidə sənəd imzalanarsa, buna Ermənistan ictimaiyyətinin münasibəti maraqlıdır. Çünki hazırda erməni cəmiyyəti “Paşinyan sənəd imzalayıb növbəti dəfə Ermənistanın milli maraqlarını satacaq” iddiası ilə etirazlara qalxıb. Noyabrın 26-da sənəd imzalanacağı təqdirdə Ermənistan daxilində ciddi kataklizmlər müşahidə edilə bilərmi?

- Şübhəsiz ki, Paşinyan hakimiyyətinə qarşı etiraz dalğası güclənəcək. Onsuz da erməni müxalifəti bunun anonsunu verib. Noyabrın 8-də müxalifət lideri, keçmiş Prezident Robert Köçəryan tərəfdarları ilə keçirdiyi mitinqdə çox sərt bəyanat verdi. Bildirdi ki, yeni təslimçi sənəd imzalanarsa, müxalifət Paşinyan hakimiyyətini ya dinc, ya da zorakılıq yolu ilə devirəcək. Bu baxımdan, yeni sənəd imzalandığı halda, vəziyyət gərginliyə doğru irəliləyəcək. Ermənistan nöqteyi-nəzərindən yanaşsaq, imzalanacaq sənəd İrəvan əleyhinə olacaq. Sərhədlərin delimitasiyası məsələsində Azərbaycanın hələ də işğalda olan kəndləri məsələsi də gündəmə gələcək. Məlumdur ki, Qazağın 7 kəndi, Naxçıvanın Kərki kəndi işğaldadır. Delimitasiyada bu kəndlərin qaytarılması gündəmə gələcək ki, bunu Ermənistan öz maraqlarına zidd sayır. Ona görə də, düşünürəm ki, erməni müxalifəti kütləvi etiraz aksiyalarına start verəcək. Bununla Paşinyanın legitimliyini yenidən mübahisələndirməyə çalışacaqlar. Gücləri çatarsa, yeni erkən seçki təyin olunmasına da nail ola bilərlər. Yəni Ermənistan daxilində destabilizasiya ehtimalı çoxdur.

Rusiya da bu sənədləri Paşinyana imzalatmaq istəyir ki, gələcəkdə Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, Rusiyaya bağlı şəxslər hakimiyyətə qayıdarsa, onların imzalayacağı bir sənəd qalmasın. Ermənistan üçün qeyri-populyar sənədləri Paşinyana imzalatmaq istəyirlər ki, “günah keçisi” Nikol olsun. Paşinyan hakimiyyətdən gedərsə, hakimiyyətə Rusiyanın adamları gələrsə, xalqa desinlər ki, “bizim günahımız yoxdur, sənədləri Paşinyan imzalayıb, biz də icra etməyə məcburuq” və s. Yəni Kremlin belə bir siyasi xətti də mövcuddur.

- Soçidə Putin Əliyev və Paşinyanla ayrı-ayrılıqda da görüşəcək. Təkbətək görüşlərdə məqsəd nədir?

- Aydındır ki, üçtərəfli görüşlər çərçivəsində ikitərəfli görüşlər də keçirilir. Ev sahibi, prosesin moderatoru olan tərəf ikitərəfli görüşlər keçirir ki, bu, normaldır. Ola bilsin ki, Paşinyan imzalanması mümkün olan sənədin hansısa müddəasında tərəddüd etsin, etiraz etsin. Putin ikitərəfli görüşdə Paşinyanı razılığa gətirəcək. İkitərəfli görüşlərdə məqsəd o olur ki, tərəflərdən biri masada olan sənədlə bağlı tərəddüd edərsə, prosesin lideri olan tərəf – yəni Rusiya o tərəddüdü aradan qaldırsın.

- Hansısa sənəd varsa, imzalanması Putin tərəfindən istənilirsə, buna Paşinyanın etiraz etmək şansı varmı?

- Ola bilsin ki, Paşinyan hansısa müddəaya etiraz və onun dəyişdirilməsini tələb etsin. Amma Nikolun Putinin qarşısında sona qədər müqavimət göstərmək imkanı və gücü yoxdur.

Müəllif: Anar Bayramoğlu