Polisin gözü önündə şıdırğı alver və günlük 10 manat “haqq” – <font color=red> FOTO</font>

Cəmiyyət

06.05.2021 - 15:10

Oranın alıcıları təkcə pullarını küçəyə atmır, həm də sağlamlıqları ilə risk edirlər

 

1 yanvar 2014-cü ildən etibarən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamenti (TXD) küçə ticarətini qadağan etsə də, Azərbaycanın paytaxtında küçə ticarəti hələ də inkişaf edir. Xüsusilə, Bakı metrosunun avtobus dayanacaqlarının olduğu stansiyalarında. İnsan sıxlığı - ticarətçilər üçün limon və xırdavatdan tutmuş, paltarlara qədər hər cür mallar təklif etdikləri potensial alıcılar deməkdir.

 

Bənzər mənzərəni hər axşam “Koroğlu” metrostansiyasının yanındakı Alov parkında görmək olar. Bakı Metropoliteninin işləməməsinə baxmayaraq, yaxınlıqdakı nəqliyyat qovşağının olması küçə satıcılarının potensial alıcıları burada tapmasını təmin edir. Buna görə də axşamlar park əsl bazara çevrilir.

 

Bütün bunların parkı gəzən polislərin gözü qarşısında və bu ərazidə quraşdırılmış təhlükəsizlik kameralarının obyektivləri qarşısında baş verməsi diqqət çəkir. Alver gedən yerdən, təxminən bir neçə metr aralıda yolun  hərəkət hissəsi var, yəni küçə satıcılarının təklif etdiyi qida məhsulları nəqliyyat vasitələrindəki qazlardan, tozdan və kirdən öz payını alır.

 

Təbii olaraq, küçə satıcılarının sanitariya və epidemioloji sənədləri bir yana, heç bir ticarət lisenziyaları da yoxdur. Küçə ticarətini müşayiət edən zibildən isə heç danışmaq da istəmirəm.

 

Yuxarıda qeyd olundu ki, Bakı şəhər rəhbərliyi 7 il əvvəl küçə ticarətini qadağan etdi. Ancaq eyni zamanda, ötən müddət ərzində bu problemin aradan qaldırılması üçün heç bir tədbir görülməyib. Küçə ticarətini cilovlamaq üçün nəticəsiz mübarizə bu mənfi fenomenin dərin kök atmasına səbəb oldu.

 

Bakıda küçə ticarəti artıq günəbaxan tumu satan pensiya yaşındakı qadınlardan ibarət deyil. Bu gün kifayət qədər gənc və sağlam insanlar küçədə maneəsiz ticarət edirlər və göründüyü kimi bu sahə onlarla birlikdə çiçəklənir.

 

İlk baxışdan az adam müddəti bitmiş konservləri, qablaşdırılmamış məhsulları, sertifikatları və istehsal tarixləri olmayan malları satın almağı cəlbedici və təhlükəsiz hesab edəcək. Amma təcrübə göstərir ki, bu məhsulun hələ də alıcıları var.

 

Küçə satıcılarından mal alan alıcı, ən yaxşı halda sadəcə pulunu küçəyə atmaqla, ən pis halda - sağlamlığına zərər verməklə risk edir. Belə yerdə alıcının sağlamlığı qanunla qorunmur: bir küçə satıcısı sahədəki külək kimidir, sahibkar kimi qeydiyyata alınmır, mallarının keyfiyyəti heç bir şeylə təsdiqlənmir və satın alma faktını sübut edəcək qəbz də vermir.

 

Küçə ticarəti insan sağlamlığına zərər verir, Bakını və ümumiyyətlə ətraf mühiti çirkləndirir, zəhərlənmə və epidemiya təhlükəsi yaradır, eyni zamanda vergidən yayınma deməkdir. Ancaq eyni zamanda, bu fenomen vicdansız məmurlar və polislərə faydalıdır, çünki onlar buradan pay alırlar.

 

Küçə satıcılarının dediyinə görə, “postovoy”lara gün ərzində 10 manat pul ödəyirlər ki, onları qovmasınlar. Bakıda küçə ticarətinin hələ də inkişaf etməsinin və vətəndaşların sağlamlığı üçün təhlükə yaratmağa davam etməsinin əsas səbəbi budur.

Müəllif: Asif Aydınlı