“Pezeşkianın qələbəsi rejimi sarsıntısız və inqilabsız dəyişmək şansıdır”

Aktual

11.07.2024 - 10:16

Həkimlər Klinikalar SEO Xidməti

Rasim Musabəyov: “35 ildir Ali dini lider postunu tutan Ayətullah Xameneyi “mühafizəkar” - “islahatçı” növbələşməsi ilə cəmiyyətdə yığılan narazılıqları aradan qaldırır”

Bütün proqnozların əksinə olaraq, İranda keçirilən prezident seçkilərinin ikinci turunda islahatçı qanadın namizədi, etnik azərbaycanlı Məsud Pezeşkian qalib gəldi. Xatırladaq ki, növbədənkənar prezident seçkiləri İranın əvvəlki Prezidenti İbrahim Rəisinin may ayında helikopter qəzasında həlak olmasından sonra təyin edilmişdi. Prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkian 53,3%, onun rəqibi, mühafizəkar Səid Cəlili isə 44,3% səs toplayıb.

İranda islahatçı namizədin qələbəsini yeni dövrün başlanğıcı adlandırmaq olarmı? Bu, o deməkdirmi ki, mühafizəkarlar mövqelərini itirirlər və İran xalqı dəyişiklik tələb edir?

AYNA mövzunu politoloq Rasim Musabəyov ilə müzakirə edib.

- Etnik azərbaycanlı şəxs İran Prezidenti oldu. Azərbaycanda insanlar buna sevinirlər. Bu sevincin real əsasları varmı?

- Bu reaksiya normaldır. Təkcə Təbrizdə deyil, Tehranda və İranın digər şəhərlərində keçirilən kütləvi tədbirlərdə öz doğma Azərbaycan dilində çıxış edən soydaşımızın qələbəsinə sevinirlər. O, bütün etnik qrupların dillərinin istifadəsini genişləndirməyə, eləcə də hakimiyyətin xalqa yaxınlaşmasını təmin etməyə söz verdi. Bütün bunlar müsbət emosiyalar oyadır.

- Aydındır ki, siyasi “cilov” dini lider Xameneyinin əlindədir. Yeni seçilmiş islahatçı mühafizəkarlarla “döyüşə” biləcəkmi?

- Mühafizəkarlara və islahatçılara bölünmə kifayət qədər sərtidir. Nəinki əhalinin geniş təbəqəsi, həm də hakim elitanın və biznes dairələrinin əhəmiyyətli bir hissəsi dəyişikliklərin zəruriliyini bilir, eyni zamanda, rejimin dağılmasından qorxurlar.

Əvvəlki prezident seçkilərini təhlil etsək, İranda prezidentlər şərti olaraq “mühafizəkarlar” və “mötədilləri” təmsil edərək bir-birini əvəz edirlər. Beləliklə, mühafizəkar Rəfsəncani mötədil Xatəmi ilə əvəz olundu, ondan sonra ultra-mühafizəkar Əhmədinejat qalib gəldi, daha sonra “mərkəzçi” Ruhani. Helikopter qəzasında həlak olan Rəisi ruhanilərin mühafizəkar qanadını təmsil edirdi. 35 ildir ki, Ali dini lider postunu tutan Ayətullah Xameneyi bu cür növbələşmə ilə cəmiyyətdə yığılan narazılıqları aradan qaldırır, eyni zamanda hakimiyyətin əsas cilovunu öz nəzarəti altında möhkəm saxlayır.

Pezeşkian çətin ki, sistemə etiraz etməyə cürət etsin, xüsusən də Ayətullah Xameneyiyə sadiqliyini açıq şəkildə təsdiqlədiyi üçün. Əks halda seçkilərdə iştirakına icazə verilməzdi. Amma necə deyərlər, heç nə əbədi deyil, o cümlədən 85 yaşı olan Xameneyinin hakimiyyəti də. Rəhbərin dəyişməsi çox güman ki, Pezeşkianın prezidentlik dövründə baş verəcək və dəyişikliklər və islahatlar üçün yeni imkanlar açılacaq.

- Başqa bir maraqlı məqam. İranlı seçicilər çoxlarının qələbəsini proqnozlaşdırdığı Qalibafı dəstəkləməyib, səslərini Pezeşkiana veriblər. İran xalqı dəyişiklik istəyirmi?

- İranda dəyişikliklər qaçılmazdır. Yeganə sual budur ki, bu dəyişikliklər nəzarətli şəkildə, böyük sarsıntılar olmadan baş verəcək, yoxsa ölkə inqilabi xaosa və ya, Allah eləməsin, vətəndaş müharibəsinə gedəcək. Pezeşkianın qələbəsi sarsıntısız və inqilabsız islamçı rejimi dəyişdirmək şansıdır.

- Etnik azərbaycanlının İran Prezidenti kimi bu qələbəsi İranla Azərbaycan arasındakı münasibətlərə necə təsir edəcək?

- Artıq Rəisinin prezidentliyi dövründə Tehran Azərbaycana qarşı təkəbbürlü təlim və hərbi-siyasi təzyiq siyasətinin mənasızlığını dərk edirdi. Səfirliyimizə hücumun araşdırılması və diplomatik münasibətlərin tam bərpası üçün konkret addımlar atılıb. Araz çayının sərhədində bəndlərin və su elektrik stansiyalarının (Xudafərin, Qız qalası) birgə açılışı oldu. İnanıram ki, Prezident Pezeşkian mehriban qonşuluğun möhkəmləndirilməsi və irimiqyaslı Şimal-Cənub nəqliyyat layihəsinin həyata keçirilməsinə kömək etmək və Xəzər dənizində tərəflərin maraqlarının kompromisli delimitasiyası üzrə danışıqları başa çatdırmaq üçün əlavə səylər göstərəcək.

Yeri gəlmişkən, Məsud Pezeşkianı qələbə münasibətilə ilk olaraq Azərbaycan prezidenti İlham Əliyev təbrik edib və onu ölkəmizə səfərə dəvət edib. İranda Azərbaycan faktoru həmişə əhəmiyyətli və çox vaxt həlledici olub. Bu faktor Pezeşkian prezidentliyindəki münasibətlərimizə müsbət təsir göstərməlidir.

Müəllif: Fed Bakinski

Pin up casino Pin-up casino giriş