Ombudsman etiraz bəyanatı yayıb

Aktual

28.09.2020 - 00:11

Dünya ictimaiyyəti bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalıdır

 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin gün ərzində dəfələrlə pozulması nəticəsində mülki əhalinin, o cümlədən, qadın və uşaqların qətlə yetirilməsinə etiraz olaraq bəyanat yayıb. Bu barədə Ombudsman Aparatından AYNA-ya məlumat daxil olub.

 

"Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri müxtəlif növ iri çaplı artilleriya qurğuları və digər silahlardan atəşə tutması nəticəsində mülki əhali, o cümlədən, qadın və uşaqlar qətlə yetirilib, yaralanıb, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib”, - deyə sənəddə vurğulanıb.

 

Ombudsman bildirib ki, Ermənistan silahlı birləşmələrinin ölkəmizin dinc əhalisinə növbəti dəfə toplarla atəş açması nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü olmaqla bütövlüklə bir ailə, o cümlədən uşaqlar həlak olub. Eyni zamanda 19 nəfər mülki şəxs müxtəlif növ bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib: “Bu hərbi təcavüz nəticəsində Cenevrə Konvensiyalarının, o cümlədən Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəaları kobud şəkildə pozulub. Bu hadisələr Ermənistanın təcavüzkar siyasətini, qeyri-insani hərəkətlərini növbəti dəfə təsdiqləyərək, beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini bir daha sübut edir. Dünya ictimaiyyəti bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq müharibə cinayətləri törətmiş işğalçı Ermənistanın BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılmasına nail olmalı, xüsusi beynəlxalq tribunal yaradılmalı və cinayətkar şəxslər barədə ədalətli qərar qəbul edilməlidir".

 

Müəllif: Ayna.az