Politoloq: “Son seçkilər zamanı da Ermənistanın Baş naziri eyni şüarlarla hakimiyyətə gəldi, amma diametral şəkildə əksini edir”
“Baş nazir Nikol Paşinyan Qarabağda təsirini itirib. İndi o, Ermənistanda legitimliyini sübut etməlidir”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri erməni politoloq Vigen Akopyan İrəvan meri postuna keçiriləcək seçkiləri şərh edərkən deyib.
“Bu seçkilərin həm də geosiyasi əhəmiyyəti var. İstər Ermənistan hakimiyyəti, istərsə də hakimiyyətin xarici kuratorları Paşinyanın partiyasına dəstək verirlər”, - Akopyan bildirib.
Politoloqun sözlərinə görə, gedişat göstərdi ki, Paşinyanın artıq Qarabağda təsiri yoxdur: “İndi Paşinyan sübut etməlidir ki, Ermənistanda, xüsusən də İrəvanda hələ də proseslərə nəzarət edir”.
“Siyasi baxımdan dəstəyin azalması fonunda legitimliyin bərqərar olması problemi var. Paşinyan yenidən hakimiyyətə ey şüarlarla gəlib, amma diametral şəkildə əksini edir. Bu isə onun legitimliyinin səviyyəsini sual altına qoyur”, - deyə analitik qeyd edib.
“Təbii ki, müxalifətin uğur qazanmasında maraqlı olan, yaxud Ermənistanın indiki hakimiyyətinin potensialını şübhə altına alan başqa geosiyasi mərkəzlər də var. Bu baxımdan, çətin geosiyasi vəziyyət, o cümlədən Ermənistanla Rusiya arasında gərgin münasibətlər seçkilərdə müəyyən rol oynaya bilər”, - Akopyan əlavə edib.
Xatırladaq ki, İrəvana mer seçkiləri sentyabrın 17-də keçiriləcək.