Partiya sədrləri Milli Məclisdə: biri tanınmamasından, biri maşınının olmamasından şikayətlənir

Siyasət

24.10.2022 - 18:17

Parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilib

Partiya sədri ironiya etdi:  “Əgər məqsəd siyasi partiyaların qarşısını almaq üçündürsə, təbrik edirəm, yaxşı qanun qəbul edirsiniz”

Bu gün Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilib. Müzakirələrdən əvvəl Milli Məclisin sədri Sahibə Qafarova partiya sədrləri ilə görüşüb və onlara uğurlar arzulayıb.

Qeyd edək ki, müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələri iştirak ediblər.

Müzakirəni vitse-spiker Fəzail İbrahimli açıb. Parlament Sədrinin müavini bildirib ki, Azərbaycan Avropaya inteqrasiya edir: “Bu qanun Azərbaycanda mövcud olan siyasi sistemin ciddi məqamları nəzərə alınaraq hazırlanıb. Qanun layihəsinin hazırlanmasında ölkədə olan siyasi partiyalardan gələn təkliflər də mühüm rol oynayıb. 47 siyasi partiyadan 250-yə qədər təklif gəlib. Biz bu təklifləri qruplaşdırıb, təhlil etmişik”.

“Bu iclas bir ay əvvəl baş tutmalı idi, amma təkliflərə görə, bu günə qədər yubanıb. Artıq bu dinləmə vasitəsilə qanun ictimai müzakirəyə təqdim olunur”, - deyə vitse-spiker vurğulayıb.

Seçkilərdə iştirak etməyən siyasi partiyaların ləğvi gündəmdə

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik Konstitusiyanın və beynəlxalq çağırışların tələblərindən irəli gəlir. Azərbaycanda “Siyasi Partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunmuşdu. 1995-ci ölkədə Konstitusiya qəbul edilib. Orada da siyasi partiyalara dair müddəalar olsa da, bu, qanunvericilikdə əks olunmamışdı. Bir sıra Avropa ölkələrində, qonşu ölkələrdə bu qanun həmin müddətdən dəyişib”. Bu sözləri Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli bildirib.

Vitse-spikerin sözlərinə görə, Azərbaycanda da “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik Konstitusiyanın və beynəlxalq çağırışların tələblərindən irəli gəlir. Ə.Hüseynli vurğulayıb ki, müxtəlif ölkələrdə “Siyasi partiyalar haqqında” qanunvericilik ölkələrin siyasi sistemindən asılı olaraq dəyişir: “Yeni qanun layihəsində partiyalarla bağlı təsbit olunan yeni müddəalar praqmatik prinsiplərə söykənir. Dünyanın bir çox ölkəsində partiyalarla bağlı qanunvericilikdə dəyişiklik edilib. Bununla bağlı bizdə də dəyişikliklərin olması vacib idi".

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə deyib ki, irəli sürülən təkliflərdən biri seçkilərdə iştirak etməyən siyasi partiyaların ləğvi ilə bağlıdır: “Burada söhbət 2 və ya 3 dəfə seçkilərdə iştirak etməyən partiyalardan gedir.  Bəziləri ardıcıl olaraq 2 dəfə parlament, bələdiyyə seçkilərində iştirak etmədikdə siyasi partiyaların qeydiyyatının ləğv edilməsini irəli sürüb. Partiyalar iki mərhələdə qeydiyyata alınacaq. Digər məsələ siyasi partiyalara ayrılan dövlət vəsaiti ilə bağlı təkliflərdir. Amma siyasi partiyaların mülkiyyətində torpağın olmaması ilə bağlı məhdudiyyətin aradan qaldırılması təklifi qanunda yer almayıb”.

Deputat: “Bir çoxları partiya sədri ilə dalaşıb gedib özünə yeni partiya yaradıb”

“Biz özümüzü cəmiyyətdə təsdiq etməliyik ki, həqiqətən də ciddi partiyayıq. Mən də istəmərəm ki, yenidən özümü əziyyətə verib seçicilərlə işləyim, imza toplayım. Amma biz əziyyət çəkməliyik, özümüzü sübut etməliyik”, - deyə deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli müzakirə zamanı deyib. Millət vəkili bildirib ki, bu gün xalqın gözündə inam qazanılmalıdır: “Gəlin baxaq, vətəndaşların çoxu partiyamızın adını bilmir, nəinki sədri tanıyır...  Azərbaycanda bir şəxsin nüfuzu əsasın da formalaşmış çoxlu partiyalar var. Bir çoxları partiya sədri ilə dalaşıb gedib özünə yeni partiya yaradıb. Bunun nə mənası var. Bəzi ölkələrdə açıq tipli partiyalar mövcuddur, amma bizdə bu sistem yoxdur. Hesab edirəm ki, bu məsələlər yoluna qoyulmalıdır”.

“Oliqarxların siyasi fəaliyyətinə qadağa qoyulmalıdır”

Deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, bu gün ənənəvi partiyalar və sistemlər öz gücünü itirib: “Çünki hazırda rəqəmsal dünya öz sözünü deyir. Amerikada 400 siyasi partiya var, amma seçkilərdə ikipartiyalı mübarizəni görürük. İndi biz postsovet ölkələrdə başqa şeylər görürük. Ölkələrin siyasi sistemində xarici təsirlər müşahidə edilir və buna qarşı birləşməyə ehtiyac var. Digər ölkələrdə oliqarxları gördük. Ona görə də xaricdən olan təsirlərin qarşısını almaq üçün biz də öz siyasi sistemimizə müəyyən məhdudiyyətlər qoymaq məcburiyyətindəyik. Xaricdən maliyyələşən siyasi korrupsiya çox ciddi amildir. Hesab edirəm ki, oliqarxların siyasi fəaliyyətinə məhdudiyyət qoyulmalıdır”.

“Cibində 5 partiyanın vəsiqəsini daşıyan adamlar var”

“Partiyaların nə qədər üzvünün olduğunu bu qanundan sonra görəcəyik”, - deyən Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev söyləyib ki, bəzi adamlar var, cibində bir neçə partiyanın vəsiqəsini daşıyır: “Eyni anda 5 partiyanın üzvüdür. Elə adam var ki, bütün partiyaların tədbirində iştirak edir. Həmin adamları YAP-ın tədbirində, həm də Müsavatın tədbrində görürük. Bu qanun həmin şəxsləri ortaya çıxaracaq”, - deputat vurğulayıb.

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov isə deyib ki, partiya insanları əqidəyə görə qəbul edir: “Hesab edirəm ki, layihədə bununla bağlı maddəyə yenidən baxılmalıdır. Torpaqla bağlı məhdudiyyətin götürülməsini YAP təklif etmişdi, amma bu təklifimiz nəzərə alınmayıb. Bu məsələyə də dəqiqlik gətirilsin. Kommersiya məqsədli torpağı əkib-becərmək üçün mülkiyyətə verilməməsi ilə razıyam, amma inzibati binalarının tikilməsi üçün torpaqların partiya mülkiyyətinə verilməsinə məhdudiyyət qoyulması məntiqə uyğun deyil".

Partiya sədri: “Maşınım yoxdur, bütün günü avtobusda, metrodayam”

AĞ Partiyanın rəhbəri Tural Abbaslı yeni qanun layihəsində tələblərin çox olduğundan şikayətlənib: “Bizdən artıq ayaqqabı nömrəsinə qədər istəyirlər. Nədi ki, siyasi fiquruq. Əgər məqsəd siyasi partiyaların qarşısını almaq üçündürsə, təbrik edirəm, yaxşı qanun qəbul edirsiniz”.

“Bizim rayonlarda belə qərargahlarımız yoxdur, yer tapa bilmirik. Olanda belə obyekt sahibi qorxa-qorxa deyir ki, mənə nəsə etməzlər? Biz siyasətlə məşğul olaq, yoxsa camaata hesabat verək? Diplomatik viza nazirin həyat yoldaşına, uşağına belə verilir, bizə niyə verilmir? Bundan başqa, mənim maşınım da yoxdur, təhlükəsizliyimi kim təmin edəcək? Bütün günü avtobusda, metrodayam”, - deyə partiya sədri vurğulayıb.

“Bəziləri irad bildirir ki, aşırı tənzimləməyə gedilir. Amma balans qorunmalıdır”

Müzakirələrdən sonra Ə.Hüseynli bildirib ki, Azərbaycan qanunvericiliyi qarşısında əsas vəzifələrdən biri odur ki, normativ hüquqi aktlara əsaslanan yeni qanunlar qəbul edilsin: “Bu gün “Normativ hüquqi aktlar haqqında” qanunda olan müddəalar mövcud qanunun müddəalarına uyğun deyil. Yeni qanunun qəbul olunması zəruridir”.

“İctimai müzakirələr zamanı qanunun böyük olmasına irad bildirənlər oldu. Qanun cəmi 30 maddədən ibarətdir. Almaniyada qanun bundan 2-3 qat çoxdur. Ən çox narazılıq yaradan II fəsildir. Bəziləri irad bildirir ki, aşırı tənzimləməyə gedilir. Amma balans qorunmalıdır. Bu balans qorunmasa, qanun Venesiya Komissiyasının tövsiyələrinə də uyğun olmaz. Bu qanun layihəsi yeni hazırlanıb. Venesiya Komissiyasının rəyinə istinad olundu”, - deyə vitse-spiker vurğulayıb.

Ə.Hüseynli qeyd edib ki, bütün ölkələrlə bağlı Venesiya Komissiyasının rəyləri ilə tanış olublar: “Azərbaycanla bağlı mənfi rəy verilib. Müxtəlif ölkələrə münasibətdə Venesiya Komissiyası fərqli mövqe sərgiləyir. Bizim əldə tutduğumuz əsas sənəd Venesiya Komissiyası deyil. Biz başqa beynəlxalq sənədlərə istinad edirik. Qanunu hazırlayanlar deputatlardır, parlamentin işçi qrupudur. Tənqidlərin bir hissəsini qəbul edirik. Bu, rəqəmlərlə bağlı olan hissəslərdir. Amma ümumi konseptual deyilən fikirlərlə razılaşa bilmərik”.

“Biz partiya sədrlərini narahat edən konseptual məsələləri müzakirə etməyə hazırıq. Ümumilikdə “Normativ hüquqi aktlar haqqında” qanunun tələblərinə yeni layihə uyğundur. Amma detallar, rəqəmlərlə bağlı müzakirələrə açığıq”, - deyə Hüseynli fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu