Artıq 1988-ci ilin havasından çıxmaq zamanıdır

Siyasət

17.11.2019 - 13:11

Müstəqillik uğrunda aparılan mübarizənin yaratdığı dalğanı təkrar gözləyənlər yanılırlar

 

Hər dəfə Milli Dirçəliş Günü ərəfəsində sosial şəbəkələrdə həmin günlərin fotoları paylaşılır, yüzminlərlə insannın toplaşdığı Azadlıq Meydanından çəkilmiş görüntüləri paylaşanlanların bir qismi, "hanı o xalq", - deyə dad edir, bu gün meydanların boş qalmasından şikayətlənir. Həmin insanlar o prosesin fəlsəfəsini anlamırlar, ya da düşüncə olaraq 1988-ci ildə ilişib qalıblar.

 

O zaman, 31 il əvvəl meydanlara çıxan insanların arzusu müstəqil dövlət yanğısı idi, öz bayrağımızın, ordumuzun, pulumuzun, sərhədlərimizin, polisimizin, hətta milli futbol komandamızın olması istəyi idi. O zaman insanlar SSRİ adlanan imperiyadan qurtulmaq istəyirdilər. Müstəqillik yanğısı, hissi, arzusu çox böyük hərəkətverici qüvvə, stimul və əsası, insanları birləşdirən dəyər və məqsəd idi. Məhz buna görə yüzminlərlə insan Meydanda idi.

 

Bu gün artıq müstəqil dövlətik - bayrağımız, sərhədlərimiz, milli valyutamız, ordumuz, işlək olmayan da olsa, dövlət institutlarımız var. Bu gün 1988-ci ildə anadan olanların artıq 31 yaşı, ailəsi, uşaqları var. Bu gün 1988-ci ildən sonra doğulanların sayı 4 mln. nəfərə yaxındır. Bu gün seçicilərin yarıdan çoxu məhz o nəsildir - bu insanlar üçün artıq müstəqillik təbii, doğal vəziyyətdir və onları hərəkətə gətirə biləcək dəyərlər, istəklər, hədəflər başqadır.

 

Müstəqillik uğrunda aparılan mübarizənin yaratdığı dalğanın təkrarını gözləyənlər kökündən yanılırlar. Bu gün artlq dəyişmiş nəslin gözləntilərinə cavab verəcək hədəflər olmasa, 1988-ci il dili, üslubu, çağırışları ilə onları səfərbər etmək mümkün olmayacaq.

 

Artıq müstəqil dövlətik – bu, dəyərdir, böyük qazancdır, nəaliyyətdir! Növbəti hədəf insan sifətli rifah dövlətinin qurulması, Respublika dəyərlərinin təsisi, qüvvətlər ayrımının bərpası, Cümhuriyyətçilərin de-fakto bərqərar olan monarxiyaya qalib gəlməsi olmalıdır:

 

- Hədəf sosial məsuliyyəti olan, seçkili orqanlarla idarə olunan Respublikadır;

- Hədəf rifah dövlətidir, bunun üçün isə iqtisadi azadlıqlar uğrunda çalışmaqdır. İqtisadi cəhətdən özünü təmin edən orta sinif olmasa, siyasi mübarizə səmərəli olmayacaq;

- Hədəf ideoloji toplumun yaradılmasıdır - ideoloji müstəvi olmayan yerdə effektiv siyasət olmur, ola bilməz;

- Hədəf işlək dövlət-hökumət institutlarının yaradılmasıdır. Bu, olmasa hakimiyyətə gəlmək deyil də, vəzifəyə gəlmək olar, bu isə iki tamam fərqli anlayışlardır.

 

Milli Dirçəliş Gününün fəlsəfəsini anlamaqla bərabər, o günlərin havasından çıxmaq, yeni diskurs yaratmaq lazımdı...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert