“Yaxın Şərq sülh planı” kimin lehinə, kimin əleyhinədir?

Siyasət

29.01.2020 - 17:02

Ağ Evdə Trampın sağ tərəfində Benyamin Netahyahu dayanırdısa, sol tərəfində Fələstin lideri Mahmud Abbas dayanmalı idi

 

Donald Trampın, kürəkəni Kuşnerin vatisəilə hazırladığı “Yaxın Şərq sülh planı” daha çox İsrailin maraqlarına xidmət edərək, Fələstin rəhbərliyi tərəfindən qəbul edilməsə də, Vaşinqton bəzi ərəb ölkələrindən plana anlayış gözləyir. Yəni Ağ Ev mövcud planı hazırlayarkən, kimin necə reaksiya verəcəyini ehtimal etməli idi.

 

Məsələn, Donald Tramp İsrailin Baş Naziri Benyamin Netanyahu ilə birgə Vaşinqtonda haqqında danışılan planın detallarını açıqlayarkən, zalda Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Omanın səfirləri də var idi. Halbuki, İsrailin bu ölkələrlə diplomatik münasibətləri yoxdur. Üstəgəl Vaşinqtonun səyləri ilə son illərdə Səudiyyə Ərəbistanı ilə İsrail arasında yaxınlaşma baş verir.

 

Əlbəttə, plan ziddiyyətlidir, ancaq planda Fələstin üçün bəzi şirnikləndirici təkliflər var. Birincisi, yeni plana görə Fələstinin ərazisi indikindən iki dəfə böyük olacaq. İkincisi, Fələstin bu planı qəbul edərsə, oraya 50 milyard dollarlıq yatırım qoyulacaq, 1 milyon fələstinli üçün yeni iş yerləri açılacaq. Üçüncüsü, Şərqi Qüds Fələstinin paytaxtı kimi qəbul ediləcək. Dördüncüsü, Qəzza bölgəsi Fələstinin digər hissəsi ilə tunellə birləşdiriləcək. Beşincisi, ABŞ Fələstinin müstəqilliyini qəbul edərək bu ölkədə səfirlik açacaq.

 

Buna baxmayaraq, yeni planı Fələstin üçün alçaldıcı qiymətləndirənlər az deyil. Bu, necə sülh planıdır ki, İsrail həmin planı alqışlayır, Fələstin rəybərliyi lənətləyir? Əgər bu, sülh planı idisə, Ağ Evdə Trampın sağ tərəfində Benyamin Netahyahu dayanırdısa, sol tərəfində Fələstin lideri Mahmud Abbas dayanmalı idi. Mahmud Abbas eyni gündə plan haqqında tənqidi fikirlərini söyləyirdi.

 

Türkiyə yeni planın əleyhinədir. Rusiya isə bir qədər gözləmə mövqeyindədir. Rusiya Prezidenti Vladimir Putin bir neçə gün əvvəl İsraildə idi. Ona görə də Kreml sahibi bəri başdan İsrailin bəyəndiyi planın əleyhinə çıxmağa lazım bilmədi.

 

Ancaq Rusiya ərəb dünyası, o cümlədən Fələstinlə də münasibətləri korlamaq istəmir. Moskva balanslı yanaşma ortaya qoymağa çalışacaq. Netanyahu Vaşinqtondan sonra Moskvaya yola düşüb. Netahyahu çalışacaq Putini inandırsın ki, Kreml sahibi planı bəyənməsə də, heç olmasa, əleyhinə də çıxmasın.

Müəllif: Elxan Şahinoğlu, politoloq

Ramanada faciə

Dünən, 17:26 Hadisə