Pandemiya ilə analoqsuz mübarizə: <font color=red> Ya məntiqsizlikdir, ya da xəsislik</font>

Cəmiyyət

08.05.2020 - 10:30

Əkrəm Həsənov: “Banklar əməliyyatlarını məhdudlaşdırıb, işçilərin bir hissəsi işə çıxmır, bu səbəbdən də əlavə iş saatları gərəksiz hesab olunur”

 

Karantinin yumşaldılmasından sonra küçələrdə insan sayı çoxalıb. Üstəlik, ayın əvvəlidir, maaş, pensiya və müxtəlif əməliyyatlar səbəbindən bankların, bankomatların qarşısında növbələr “göz oxşayır”.

 

Bankomatların növbə azarını anladıq, bəs, bankların iş saatlarında, işçi sayındakı bu əskiklik pandemiya ilə mübarizə aparan ölkə üçün yeni problemlər yaratmayacaqmı? Bir neçə bankın əməkdaşları mövcud vəziyyət barədə AYNA-ya açıqlamalar veriblər.

 

“Access Bank”ın müştəri xidmətləri üzrə mütəxəssisi Ziyad Abdullazadə bankın filiallarında iş saatının əvvəlki dövrlərlə müqayisədə fərqli olmadığını deyib: “Kassada konvertasiya əməliyyatları saat 14:00-dək aparılır. Qalan xidmətlər müştərilər üçün problem yarada bilməz. Həm işçilərimizlə, həm də müştərilərimizlə sosial məsafəni qorumağa çaılşırıq”.

 

“Kapital Bank”ın adının çəkilməsini istəməyən əməkdaşı bankın şəhər mərkəzində olan filiallarında həmişəki kimi sıxlığın olduğunu etiraf edib: “Bankda kassa xidməti Mərkəzi Bankın tövsiyəsinə əsasən, gündüz saat 14-dək işləyir. Bankomatlar qarşısındakı növbələrə isə biz cavabdeh deyilik. Vətəndaşlar özləri də məsuliyyətlərini bilməlidirlər”.

 

“Express Bank”dan isə bildiriblər ki, bank həmişəki kimi saat 09:00-17:00 arası xidmət göstərir. “Vətəndaşlara karantin qaydalarını tez-tez xatırladırıq, sıxlığın olmamasına riayət olunur”.

 

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov AYNA-ya açıqlamasında deyib ki, bankların kassa qovşağı gündüz saat 14-dən sonra da işləyə bilər: “Çünki buna tələbat var. Bank lazım olanda əlavə iş saatları da tətbiq edir. İndiki halda tam iş gününün olmamasının iki səbəbi ola bilər. Ola bilər ki, bank rəhbərliyi təhlükəsizliyi nəzərə alıb, ixtisarlı saatlarla fəaliyyətə davam edir. Amma bu da əks göstəricilərə səbəb olur, çünki banklardakı sıxlıq yenə də müşahidə etdiyimiz kimi göz qabağındadır”.

Palata və ADIF bir-birinin işini ört-basdır edir” - Əkrəm Həsənov ...

Digər səbəbin daha məntiqli gəldiyini vurğulayan ekspertin sözlərinə görə, böyük ehtimalla, banklar xəsislik edir: “Çünki banklar əməliyyatlarını məhdudlaşdırıb, işçilərin bir hissəsi işə çıxmır, bu səbəbdən əlavə iş saatları gərəksiz hesab olunur. Görünür, iş saatlarının azlığına görə də işçilərin maaşı tam verilmir, kəsilir”.

 

“Bu mənada banklara haqq vermək olar, çünki dövlət banklara faktiki dəstək vermir. Banklar yaxşı bilir ki, yaxın gələcəkdə xərcləri artacaq, gəlirləri azalacaq. Çünki növbəti mərhələdə problemli kreditlərin həcmi çoxalacaq, həm sahibkarların, həm də sıravi vətəndaşların kredit ödəmələri ilə bağlı gecikmələri davam edəcək. Axı, Mərkəzi Bank tövsiyə etdi ki, sentyabrın 30-dək insanlar kredit ödənişlərinə görə cərimə olunmasınlar”, - Həsənov diqqətə çatdırıb.

 

O, əlavə edib ki, bütün bu məqamlar banklar üçün itkilər hesab olunur: “Banklara dövlət tərəfindən qismən də olsa, kompensasiyanın ayrılmaması bu sektorda ciddi problemlərə yol açacaq. Belə şəraitin yaranmasında ən böyük təqsirkar yenə də Mərkəzi Bankdır”.

Müəllif: Raminə Eyvazqızı