“Operativ Qərargahın qərarları şübhələr yaradır”

İqtisadiyyat

05.07.2020 - 19:41

Azər Mehtiyev: “Qəbul olunan qərarlar əvvəlcədən hesablanmır, sadəcə olaraq ayrı-ayrı ölkələrin təcrübəsindən bəhrələnməyə çalışırlar”

 

Məlum olduğu kimi, Azərbaycanın bəzi şəhər və rayonlarında sərt karantin rejimi iyulun 20-nə qədər uzadılıb. Belə ki, bundan əvvəl sərt karantin rejimi Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərləri və Abşeron rayonunda tətbiq edilmişdisə, Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarına əsasən, Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki də sərt karantin zonasına əlavə edilib. Sözügedən şəhər və rayonlarda karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

 

Bəs, ölkədə iqtisadi vəziyyətin yaxşı olmadığını nəzərə alsaq, sərt karantin rejiminin yenidən uzadılması, üstəlik bir neçə şəhər və rayonun da bu zonaya daxil edilməsi ölkə iqtisadiyyatına necə təsir edəcək? Digər tərəfdən, müxtəlif sahələrdə qiymət artımının başlamasının karantin rejiminin iqtisadiyyata vurduğu mənfi təsirlərlə əlaqəsi varmı?

 

Mövzunu AYNA-ya şərh edən iqtisadçı-ekspert Azər Mehtiyevin fikrincə, hökumətin karantin rejimi ilə bağlı qəbul etdiyi qərarlar həddindən artıq anlaşılmazdır: “Çünki karantin elan olunan zonalardan insanların kütləvi şəkildə xəstəliyin olmadığı ərazilərə buraxılması zamanı düşünmək lazım idi ki, bu proses mütləq şəkildə virusun rayonlara yayılmasını təmin edəcək. Bunun vaxtında qarşısı alınmadı deyə, indi karantin elan edilən rayonların da sayı artırılır. Bunun müqabilində isə hökumət genişmiqyaslı yardım tədbirləri həyata keçirmir və mümkün qədər yardım tədbirlərindən qaçır. Hətta, bacardıqca karantin tədbirlərini qısamüddətli şəkildə uzadaraq, sanki uzunmüddətli karantin olmaması effektini yaradır. Təbii ki, bu da əhalinin sosial vəziyyətinin ağırlaşmasına gətirib çıxarır və insanları müəyyən sosial məhrumiyyətlərlə üz-üzə qoyur”.

Azər Mehtiyev: Hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin ...

“Hökumət bir tərəfdən sosial yardımları azaltmaqla büdcənin xərclərini yüngülləşdirməyə çalışır ki, iqtisadiyyata ağır yük düşməsin. Eyni zamanda, vaxtından əvvəl karantin tədbirlərini ləğv edərək iqtisadiyyatı canlandırmağa çalışır. Ancaq indi baş verən proseslər əksinə, iqtisadiyyata daha da ağır zərbə vurur. Çünki, xüsusilə rayon və kənd yerlərində karantin elan olunması çox sayda insanın kənd təsərrüfatından da uzaqlaşmasına gətirib çıxara bilər. Bu da bu günə qədər nisbətən işlərin yaxşı getdiyi kənd təsrrüfatında da ciddi problemlər yarada bilər. Təbii ki, karantin zonasının genişlənməsi mütləq şəkildə ölkədə iqtisadi proseslərə təsir göstərəcək. Həm müxtəlif təbəqələrin gəlirlərinin itirilməsi ilə nəticələnəcək, həm də son nəticədə ölkədə iqtisadi tənəzzülün güclənməsinə gətirib çıxara bilər”, - ekspert deyib.

 

Mehtiyevin sözlərinə görə, Operativ Qərargahın bu günə qədər atdığı addımlar proseslərin düzgün idarə olunmasına şübhə yaradır: “Təbii ki, bu cür addımlarla problem həll olunmaq əvəzinə, daha da ağırlaşdırılır. Buradan da bir çıxış yolu görünmür. Ona görə də ciddi şəkildə qərar qəbul olunması proseslərinin təkmilləşdirilməsinə ehtiyac var. Düşünülmüş qərarlar vermək lazmdır ki, karantin müddətində hökumətin qarşıya qoyduğu əsas hədəflərin nədən ibarət olduğu bilinsin. Ki, hədəf insanların virusa yoluxmasının qarşısını almaqdır, yoxsa yoluxma sürətininin sayını azaltmaq? Buna uyğun da tədbirlər görülməlidir. Həm də qəbul olunmuş qərarların, atılan addımların hər birinin nəticələri hesablanmalıdır”.

 

“Ən pisi də ondan ibarətdir ki, Operativ Qərargah tərəfindən qəbul olunan qərarlar əvvəlcədən hesablanmır. Sadəcə olaraq ayrı-ayrı ölkələrin təcrübəsi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən təkliflərdən bəhrələnməyə və əməl etməyə çalışırlar. Amma bunun yerli xüsusiyyətlərini nəzərə almaq lazmdır. Yəni bu problemlərin qarşısını almaq üçün ciddi, səmərəli idarə üsulu ortaya qoyulmalıdır. Lakin bu cür idarəetmə üsulu hələlik görünmür” – müsahibimiz vurğulayıb.

 

Ekspert son günlər müşahidə olunan qiymət artımına da münasibət bildirib: “Təbii ki, meyvə-tərəvəz məhsullarında kəskin qiymət artımı müşahidə olunur. Xüsusən də bu artım indiki şəraitdə meyvə-tərəvəzə olan tələbatın artmasıyla bağlıdır. Çünki virusla mübarizə aparmaq üçün immuniteti güclü tutmaq lazımdır, immunitetin güclənməsi üçün də meyvə-tərəvəzə tələbat artır. Digər tərəfdən, karantin tədbirləri kənd təsərrüfatı məhsullarının şəhərə gəlib çıxmasında xeyli problemlər yaradır. Yerlərdə insanlar öz məhsullarının satışını təşkil edə bilmirlər. Çünki gediş-gəliş imkanları məhdudlaşıb. Ən azından, kəndlərdən məhsulların şəhərlərə gəlməsi təmin olunsaydı, bəlkə də bu, problemin həlli istiqamətində bir addım olardı. Lakin bütün hallarda mövcud şərtlərə əsasən, insanların işləmək imkanlarının məhdud olması, gəlirlərinin azalması ticarətlə məşğul olan insanların xidmətlərinə də ciddi təsir edir”.

Müəllif: Mərahim Nəsib