Koronavirus “qara qızıl”dan da yan keçməyib

İqtisadiyyat

28.01.2020 - 18:47

Çində yayılan təhlükəli virus neft bazarlarını silkələyib

 

Çində ölümə səbəb olan koronavirus epidemiyası neftin qiymətinin də aşağı düşməsnə səbəb olub. AYNA xəbər verir ki, bu məlumat rus mətbuatında yayılıb.

 

"Dünya bazarları koronavirusun iqtisadiyyata təsiri qorxusu ilə təzyiq altında qalıb" - Rusiya mediası “FxPro” investisiya şirkətinin aparıcı analitiki Aleksandr Kuptsikeviçə istinadən xəbər yayıb.

 

"Görünür, koronavirus hadisəsi investorları əvvəlki ayların çıxışlarından sonra aktivlərə tənqidi nəzər salmağa məcbur edib" – deyə Kuptsikeviç bildirib. Onun sözlərinə görə, bazarlarda bu cür hallar tez-tez baş verir.

 

Analitiklər bu neqativ halın Çindəki iqtisadi artım tempini yavaşladacağını və buna uyğun olaraq qlobal iqtisadi artım tempinin azalacağını bildirirlər. Bazar iştirakçıları da yeni pnevmaniya epidemiyasının qlobal iqtisadi artıma əhəmiyyətli dərəcədə təzyiq göstərəcəyini və bununla da enerji məhsullarına olan tələbatı dəyişəcəyini düşünürlər.

 

Bu fonda, bazar ertəsi günortadan sonra "qara qızıl" ın qiyməti kəskin şəkildə aşağı düşdü və cari ilin 10 oktyabrından bəri ilk dəfə “Brent” markalı neftin bir bareli 58 dollardan aşağı satıldı - 57,97 dollara. Qərbi Texas WTI markalı neft isə 3,34% azalaraq, 52.38 dollar oldu.

 

"Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən “Azeri Light” markalı neftinin qiyməti yanvarın 27-də bir barel üçün 62,86 dollar təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,51 dollar azdır. Türkiyənin Ceyhan limanında, FOB bazasında “Azeri Light” markalı neftin qiyməti 61,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1.42 dollar aşağıdır. Azərbaycan 1997-ci ildən bəri “Azeri Light” istehsal edir və Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri ilə, habelə dəmir yolu ilə Gürcüstanın Batumi limanına ixrac olunur.

 

Xatırladaq ki, yanvar ayının əvvəlində Beynəlxalq Valyuta Fondu (BVF) neftin dünya qiymətləri ilə bağlı proqnozunu 2020-ci ilə qədər - 58,03$ səviyyəsində saxlayıb. Eyni zamanda, 2021-ci il üçün bir barel neftin orta qiymətinin 55,31 dollara çatacağı gözlənilir və ötən il bu, 60.62 dollar idi.

 

Bununla yanaşı, Dünya Bankının (DB) mütəxəssisləri neftin orta qiymətinin 2020 və 2021-ci illərdə 59 dollar təşkil edəcəyini düşünürlər. Təşkilatın yanvar ayı üzrə hesabatında göstərildiyi kimi, keçən il bir barel neftin qiyməti orta hesabla 61 dollar idi.

Müəllif: Tanya Samsonova