Ölünün arxasınca danışmadıqca unudulur – <font color=red> Bir “şillə” də karantindən</font>

Cəmiyyət

18.05.2020 - 14:20

Bəlli - vətəndaşın problemini düşünmürsünüz, bəs, dövlətin itirdikləri də yuxunuzu qaçırmır?

 

Bakı şəhərində zaman keçdikcə əhalinin sıxlaşması bir sıra problemlərə səbəb olur ki, bunlardan ən vacibi də sənədsiz evlərin və başqa tikililərin artmasıdır. Ölkə başçısı bununla bağlı sənəd də imzalamışdı və Nazirlər Kabinetinə tapşırıq verilmişdi ki, sənədsiz evlər siyahılaşdırılsın və problemsiz olanlar sənədləşdirilsin. Bu sənədin imzalanmasından bir neçə il keçməsinə rəğmən, heç bir addım atılmayıb və sənədsiz evlərin sayı da günbəgün artmaqdadır.

 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev AYNA-ya deyib ki, bu problemin həll olunmasına mane olan müxtəlif amillər var: “Öncəliklə, hər hansı yaşayış evinin özəlləşməsi üçün həmin evin tikildiyi ərazi, yəni, torpaq sahəsi yaşayış üçün nəzərdə tutulmalıdır. Biz baxsaq, görərik ki, bu gün fərdi həyət evi tikilən torpaq sahələrinin əksəriyyətinin təyinatı tam fərqlidir. Kənd təsərrüfatı üçün olan ərazilərdə tikilən evlər var, Xırdalan-Binəqədi ərazisində Dövlət Neft Şirkətinə məxsus torpaqlarda tikilən evlər var. Bu gün Əmlak Komitəsi həmin evlərin özəlləşdirilməsini istəsə belə, səlahiyyəti çatmır. Əvvəlcə, həmin torpaqların təyinatı dəyişməlidir və yaşayış təyinatlı olmalıdır”.

Elnur Fərzəliyev: “Sosial mənzillər aztəminatlı ailələr üçün ...

Müsahibimizin sözlərinə görə, sənədsiz evlərin sayı ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) müəyyən monitorinqlər aparılırdı: “Onu da deyim ki, sənədsiz evlərin sayının müəyyənləşdirilməsi elə də çətin iş deyildi. Lakin bir müddət sonra Əmlak Komitəsi ləğv edildi və keçdi İqtisadiyyat Nazirliyinin tərkibinə. Bu da sözügedən məsələnin dondurulmasına səbəb oldu. Cənab Prezidentin tapşırığı vardı ki, bütün sənədsiz yaşayış evləri sənədləşdirilsin. Bu gün Bakı-Abşeron ərazisində 500 mindən çox “Çıxarış”sız fərdi həyət evləri var. Bunlara qeyri-qanuni evlər deyirlər, lakin mən belə hesab etmirəm. Çünki, ən azından, istənilən evin və ya hansısa obyektin inşa olunması barədə üç-dörd səlahiyyətli qurumun məlumatı olur. Bələdiyyənin, yerli icra hakimiyyətinin bu evlərin tikilməsindən xəbəri olur. Səlahiyyətli qurumlar tikintiyə icazə verir və vətəndaş tikir. Daha sonra bu mülkü özəlləşdirmək üçün vətəndaş çox ciddi problemlər yaşayır. Buradan dövlətə də zərər dəyir”.

 

“Təsəvvür edin ki, 500 min sənədsiz həyət evi var və bunların satış qiyməti sənədli evlərdən bir neçə dəfə ucuzdur. Çünki həmin evi alan vətəndaş o evi özəlləşdirmək üçün çox pul xərcləyir - təxminən, 10 min manatdan artıq xərci çıxır. Statistikaya da baxsaq, görərik ki, ən çox satılan evlər sənədsiz həyət evləridir. Səbəb də qiymətin ucuz olmasıdır. Tutaq ki, “Sovetski”də sökülən hansısa evə görə 50-60 min manat pul verilir, lakin həmin evdə iki ailə yaşayır. Buradan hər ailəyə 25-30 min manat düşür və onlar məcburdurlar ki, o qiymətə sənədsiz həyət evləri alsınlar. Bu zaman da “Çıxarış”lı mənzillərin alqı-satqı prosesi notarius nəzarətində olduğu üçün, əraziyə və kvadrata görə dövlətə vergi ödənilir. Bakı şəhəri 12 zonaya bölünüb və hər zonanın özünün vergi qiyməti var. Vətəndaş alqı-satqı edən zaman, əgər o ərazidə qeydiyyatı 5 ildən azdırsa, həmin zonaya uyğun vergi ödəyir. Sənəd olmayanda isə alqı-satqı prosesləri hansısa formada baş tutur, amma dövlət buradan qazanmır”, - ekspert bildirib.

 

Fərzəliyev çoxmərtəbəli yaşayış binalarında da eyni problemin yaşandığını qeyd edib: “Yeni tikili və “Çıxarış”sız binalar da var ki, müqavilə ilə satılır. Ötən ilin sonuna qədər 300-400 arası binaya “Çıxarış” verildi, lakin indi də yetəri qədər “Çıxarış”sız bina evləri var. Bir vətəndaş evini digər vətəndaşa satanda alqı-satqı zamanı müqavilənin adının dəyişdirilməsi üçün MTK-lar bir xeyli pul alır vətəndaşdan. 1000-5000 manat arası qeyri-qanuni pul alınır”.

 

Həmsöhbətimiz sənədsiz evlərdə yaşayan şəxslərin qeydiyyata düşə bilməməsinin iqtisadiyyata zərərlərindən də danışıb: “Bakı şəhərində rayon qeydiyyatı olan xeyli sayda adam yaşayır ki, onların burada evləri var, amma evin sənədi olmadığı üçün qeydiyyata düşə bilmirlər. Bu gün də bunun fəsadlarını həmin vətəndaşlar yaşayırlar. Karantin dövründə rayona gedib, evinə qayıda bilməyənlər var. Burada evi var, amma evinə gələ bilmir, çünki rayon qeydiyyatıdır. Qeydiyyatı olmayan vətəndaş bank xidmətlərindən yararlana bilmir, özünə vacib olan hər hansı bir məişət avadanlığını, texnoloji avadanlığı kreditə götürə bilmir. Bank və ya mağaza şəhər qeydiyyatı tələb edir, vətəndaş şəhərdə yaşadığı halda, bu imkanlardan faydalana bilmir, çünki yaşadığı evin sənədi yoxdur. Bunun da iqtisadiyyata böyük zərəri dəyir. Hansı ki, bu prosesin həyata keçirilməsi çox asandır. O mənada ki, bu məsələdə dövlət rüsumu alınsa, iş daha da sadələşər. Nümunə göstərməli olsaq, deyə bilərik ki, vətəndaş ev tikməyə getdiyi zaman dövlət rüsum ödəsə və vətəndaşın tikəcəyi ev üçün hazırladığı layihəyə uyğun, məsələn, hər kvadratına 30 manat rüsum qoyulsa və tikintidən sonra vətəndaşa “Çıxarış” verilsə buradan büdcə də qazanar, vətəndaş da. Onsuz da vətəndaş icazə olmaq üçün çox xərcə düşür, nəticədə “Çıxarış”sız ev tikir. Həmin məbləği qanuni rüsum olaraq ödəsə, həm evinin sənədi olacaq, həm də sənəd üçün ikinci dəfə xərc çəkməli olmayacaq”.

 

Qanunsuz tikilən evlərə görə məsuliyyət daşıyan qurumlara gəldikdə, Elnur Fərzəliyevin sözlərinə görə, bütün məsuliyyət o əraziyə nəzarət edən yerli icra orqanının üzərinə düşür: “Burada ev tikmək qadağandırsa, vətəndaş ev tikməməlidir. Əgər vətəndaş ev tikib və orada yaşayırsa, “Çıxarış” almaq istədikdə hansısa bir yolla onu alacaq. Bu zaman da vətəndaşın aylarla vaxtı və bir xeyli pulu gedir. Bunun üçün sadə bir mexanizm qurulmalıdır ki, vətəndaş da razı qalsın, dövlət də. Ya qətiyyətlə icazə verilməsin, ya da icazə verilirsə, sənədləşdirmə prosesi sadələşdirilməlidir. Tikinti işi daimi getməlidir. Hər tikinti prosesindən daş karxanaları, kərpic zavodları, tikinti materialları mağazaları, mebel sexləri, elektrotexnika mağazaları qazanır. Tikintiyə cəlb edilən işçi qüvvəsi qazanır. Pul girir dövriyyəyə və bunlar iqtisadiyyatı ayaqda tutur. Biz son qəpiyimizi də daş-divara xərcləyən insanlarıq. Bizim adamımız pulunu evə, mənzilə yatırır. Bundan yaxşı mənada bəhrələnmək lazımdır. Buradan korrupsioner məmurlar yox, vətəndaş və dövlət qazanmalıdır”.

 

Ekspert yaxın müddətdə bu məsələnin həll olunacağının gözlənildiyini də vurğulayıb: “Əməlak Komitəsi İqtisadiyyat Nazirliyinin tərkibinə keçirilsə də, orda bir struktur kimi tam formalaşmayıb. Hər kəs özünü bilməlidir. Amnistiya verilməlidir torpaqlara, təyinatlar dəyişilməlidir. Ondan sonra həmin evlərə “Çıxarış” verilməlidir. 500 mindən çox evə “Çıxarış” pulsuz verilmir, ödəniş edilir. “Çıxarış” olan evə görə əmlak verigisi verilir. Yəni dövlət buradan hərtərəfli qazanır. İndiki halda pul vətəndaşdan çıxır, ancaq büdcəyə getmir, ciblərə gedir. Yaxın zamanda sənədləşmə prosesinin başlanılması gözlənilir”.

Müəllif: Bünyamin