Oliqarx məmurlar üçün yolun sonu görünür

Aktual

03.02.2021 - 19:18

Elxan Şükürlü: “Köhnələr hələ də yeniləri həzm edə bilmirlər”

 

Asim Mollazadə: “Bu təfəkkürlü məmurların ölkənin gələcəyində yerləri yoxdur”

 

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirakı çərçivəsində Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib və ölkə başçısının müsahibəsi cəmiyyətdə ciddi rezonans doğurub. O, müsahibəsində bir neçə qurumun adını çəkərək, onlara sərt xəbərdarlıq edib.

 

Prezidentin bu çıxışından sonra cəmiyyətdə belə gözləntilər yaranıb ki, adları çəkilən qurumların rəhbərləri tezliklə vəzifələrindən uzaqlaşdırılacaqlar. Həmçinin, bir çox siyasətçilər, ekspertlər də sosial şəbəkələrdə başlanan müzakirələrdə əsas vurğunu ona yönəldiblər ki, bu çıxış həm də Prezidentin yeni idarəçilik modelinə keçid aldığının anonsu sayıla bilər.

 

Prezident Əliyev müsahibəsində Mərkəzi Bankın, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA), AZAL-ın, Dövlət Gömrük Komitəsinin, Fövqaladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəhbərlərinin Şuşada regional filiallar, mərkəzlər açmaq üçün ona müraciət etdiklərini bildirib və bunun mümkünsüz olduğunu deyərək, məmurlardan öz işləri ilə məşğul olmalarını tələb edib. Belə ki, ölkə başçısı Şuşanı mədəniyyət paytaxtı elan etdiyini, məmurlar paytaxtı elan etmədiyini bildirirək, məmurlara onu əsəbləşdirməmələri ilə bağlı xəbərdarlıq edib.

Prezidentin açıqlamalarını AYNA-ya şərh edən Ədalət Partiyasının sədr müavini, politoloq, “Strateq.az” saytının baş redaktoru Elxan Şükürlünün fikrincə, baş verənlər onu göstərir ki, hələ də hakim komandadakı “köhnələr” “yeniləri” həzm edə bilmirlər: “Prezidentin bu dəfə konkret ünvanlar göstərməsinin və bir qədər də əsəbi və hədələyici tonda reaksiyasının konkret səbəbləri var idi. Prezidentin həmin müsahibəsinin strukturuna, seçdiyi ifadələrə, iradlarının məzmununa və irad tutulan şəxslərin tərcümeyi-hallarına azacıq diqqət yetirməklə, bunu çözmək mümkündür”.

 

“Əvvəla, çıxışdan aydın olur ki, Prezidenti qəzəbləndirən Mərkəzi Bankın sədri Elman Rüstəmovun özbaşına açıqlamaları və subordinasiyaya riayət etməməsi olub. O, təkliflərini Prezident Adminsitrasiyasının rəhbəri Samir Nuriyevə verməli olduğu halda, onunla heç bir məsləhətləşmə aparmadan, birbaşa mətbuata açıqlama verib ki, Şuşada Mərkəzi Bankın nümayəndəliyini açacaq. Görünür, son vaxtlar 450 milyonluq yeni ofis tikilməsi məsələsində, onsuz da böyük ictimai qınaqla üzləşmiş Elman Rüstəmovun bu özbaşına açıqlaması Prezidentin gözünə girməyə və yarınmağa fürsət axtaran digər oliqarx-məmurları da hərəkətə gətirib, hamısı da düzülüblər növbəyə ki, Şuşada regional qurumlar yaratsınlar. Bunu da yenə PA rəhbəri Samir Nuriyevlə məsləhətləşmək əvəzinə, birbaşa Prezidentin özünə deməyə üstünlük veriblər. Baxın, Prezident çıxışı zamanı məmurların subordinasiyanı pozmalarını, özbaşınalıq etmələrini və ucuz populyarlıq məsələsini xüsusi vurğuladı, belə edənlərin axırının pis olduğunu xatırlatdı və hətta, açıq hədələdi ki, kimsə özbaşınalıq edənlərin aqibətini unudubsa, onun yadına salarıq. Məncə, məsələnin əsas mahiyyətini də məhz bu cümlələrdə axtarmaq lazımdır”, - müsahibimiz bildirib.

 

Şükürlü hesab edir ki, hakimiyyətdə uzun illər işləyən məmurların bəziləri hələ də gənc kadrların yüksək vəzifələrə təyinatını həzm edə, bir növ, onlardan göstəriş almağı qəbullana bilmirlər və hətta bəziləri prosesi bilərəkdən sabotaj etməyə də çalışırlar: “Dövlətçilik şüuru zəif olan, idarəçilik qaydalarından xəbərsiz belələri üçün öz avtoriteti və şəxsi maraqları dövlət maraqlarından üstün olduğundan, onlar subordinasiya qaydalarına əməl etməməyə və ucuz populyarlığa üstünlük verirlər. Belə məmurlar isə artıq Prezidentin elan etdiyi islahatlarla, çevik idarəetmə ilə ayaqlaşa bilmirlər və nəticədə, dövlətin üzərində yükə, problemə çevrilirlər”.

 

“Baxın, Prezidentin tənqid etdiyi Elman Rüstəmov, düz, 30 ildir yüksək vəzifədədir - 1991-ci ildə Prezident Aparatında işləyib, 1992-ci ildə Milli Bankın sədr müvini olub, 1995-ci ildən ta bugünədək də sədrdir -birinci şəxsdir. Yəni, o, psixoloji olaraq hesab edir ki, hamıdan çox bilir, hamıdan çox xidməti var və indi də necə istəsə, elə də davrana bilər. Yaxud götürün, Prezidentin tənqid etdiyi digər şəxsi - Kəmaləddin Heydərovu. 26 ildir birinci şəxsdir! Əvvəl Gömrük Komitəsinin sədri olub, 2006-cı ildən də nazirdir. Tənqid edilən başqa bir şəxs - Cahangir Əsgərov 25 ildir AZAL-ın rəhbəridir! Siyahını uzatmaq da olar! Bu adamlar həm uzun illərdir vəzifələrdədirlər, həm də dövlətin ən çox korrupsiyaya uğramış sahələrinə rəhbərlik ediblər və hər biri də ölkənin ən zəngin oliqarxları sayılır. Ancaq bu oliqarxlar qeyi-qanuni yollarla topladıqları sərvəti indi çıxarıb ölkənin çətin günündə ortaya qoymaq, pandemiyadan əziyyət çəkən xalqa və ya ərazilərin bərpasına kömək etmək əvəzinə, hələ büdcədən necə pul qoparmaq barədə düşünürlər. Prezidenti qəzəbləndirən, əsəbləşdirən də oliqarxların bu acgözlüyü və nankorluğudur”, - politoloq vurğulayıb.

 

Sədr müavini düşünür ki, adları çəkilən oliqarx-məmurlar cəmiyyətin gözündən tamamilə düşdüklərindən, onların vəzifələrindən uzaqlaşdırılması xalqda hakimiyyətin islahat aparacağına böyük inam yarada bilər: “Ancaq hakimiyyət ondan ehtiyatlanır ki, bu oliqarxlar oğurladıqları pulları müxalifətə ötürər, ölkədə sabitliyi pozar. Məncə, hakimiyyət oliqarxiyaya qarşı savaşdan qətiyyən qorxmamalı, çəkinməməlidir. Əksinə, müxalifətin də sağlam qanadını öz tərəfinə çəkərək, bu düşərgədəki təmiz və dürüst insanların potensialından yararlanmaqla, sürətli islahatlara başlamalıdır. Belə olacaqsa, Prezident xalqın dəstəyini əldə edəcək, yox, yenə də oliqarxları uzaqlaşdırmaqdan çəkinəcəklərsə, bu, hakimiyyətin dişsizliyi, cəsarətsizliyi görüntüsü yaradacaq və hakimiyyət əleyhdarlarının mövqeyini gücləndirəcək”.

Asim Mollazadə: “Parlament daha çox gənclərdən ibarət olmalıdır”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə AYNA-ya açıqlamasında deyib ki, ölkə rəhbərinin məmurlara yönəlik belə mesajları birinci dəfə deyil: “Ölkədə ciddi islahatlar həyata keçirilir. Düzdür, Vətən müharibəsi zamanı müəyyən səbəblərə görə, bu proses bir qədər dayanmışdı, lakin indi ölkədə yeni hədəflər var. Bu hədəflərin arasında həm Qarabağın dirçəldilməsi, həm iqtisadiyyatın ciddi şaxələnməsi, həm ölkəni inkişaf etdirmək və s. nəzərdə tutulur. Sözügedən məmur ordusu və məmur özbaşınalığı isə bu prosesləri ləngidə və çox ciddi maneələr törədə bilər. Ona görə də Prezidentin vaxtında və sərt formada ifadə elədiyi fikirlər ölkədə islahatların davamına və buna mane olanlara ünvanlanıb”.

 

“Əslində, məmur təbəqəsinin vəzifəsi yerində oturmaq əvəzinə, xalqa xidmət etməkdən ibarət olmalıdır. Bunu edə bilməyən məmurlar isə öz vəzifələri ilə vidalaşamlıdırlar. Çünki ölkədə, eyni zamanda nəsil dəyişikliyi gedir və yeni nəsillər, yeni idaərəçilər də proseslərdə iştirak etməlidirlər. Bu proseslərdə isə müasir texnologiyalardan istifadə edilməlidir ki, bunu da yeni idarəçilər həyata keçirməlidir. Ona görə də köhnə, Sovet təfəkkürü ilə yaşayan, düşünən məmurlara müasir, gələcək Azərbaycanda yer yoxdur”, - deputat bildirib.

 

Mollazadənin fikrincə, Prezidentin müsahibəsindən əldə edilən mesaj təkcə məmurlara xəbərdarlıqdan ibarət deyil, mesajın həm də sistemli dəyişikliklərlə bağlıdır: “Bu sistemli dəyişikliklərdə isə idarəetməyə uyğun olan şəxslər çalışacaqlar. Bunu bacara bilməyən köhnə təfəkkürlü, özləri barəsində böyük düşünən məmurların isə təbii ki, Azərbaycanın yeni idarəetmə sistemində yerləri olmayacaq. Bu proses hansı tempdə olacaq, necə dəyişəcək, bu da bilavasitə dövlət başçısının səlahiyyətindədir. Lakin mən əminəm ki, onun bəyan eldiyi islahatlar prosesi inamla davam edəcək. Necə ki, biz Vətən müharibəsi dövründə Prezidentin bəyan elədiyi və xalqla açıq danışdığı məsələrin öz həllini tapdığını gördük, əminəm ki, Qarabağın bərpası, ölkədə islahatların və iqtisadiyyatın şaxalənməsi istiqamətində olan addımlar da inamla və uğurla öz həllini tapacaq. Nəticədə isə adları çəkilən və islahatlarla ayaqlaşa bilməyən məmurlar vəzifələri ilə vidalaşacaqlar. Təbii ki, bu vida mərasiminin hansı zamanda olacağını deyə bilmərəm, bu, ancaq Prezidentin səlahiyyətinə aiddir. Lakin bir şeyə əminəm ki, bu proses inadla davam edəcək”.

Müəllif: Mərahim Nəsib

Ramanada faciə

Dünən, 17:26 Hadisə