Haqq səsimizin eşidilməsi üçün düşündürücü təklif: <font color=red> Dünya agah olmalıdır</font>

Aktual

05.10.2020 - 11:58

Həkimlər Klinikalar SEO Xidməti

Ekspert: “Baş verənləri dünya ictimaiyyətinə daha operativ və effektiv çatdırmaq üçün, müstəqil mütəxəssislər dövlət təmsilçilərinin vahid komandası yaradılmaldır”

 

Günümüzdə kommunikasiya strateji fəaliyyətlərimizin bir hissəsini təşkil edir. O, istənilən hərəkətin planlaşdırılması prosesinin əsasını təşkil edən element kimi çox mühümdür. Kommunikasiyanın başlıca məqsədi hədəf auditoriyasının davranışına təsir göstərməkdir. Qısacası, kommunikasiya düzgün və effektiv olduğu təqdirdə auditoriyanın olayları qavrama və reaksiyasına təsir etmək mümkün olur.

 

İndiki halda cəbhədə Azərbaycan Ordusu düşmənə qarşı torpaq uğrunda canını sipər etmişkən, baş verənləri yerli və xarici auditoriyaya olduğu kimi, operativ çatdırmaq KİV və ümumilikdə media nümayəndələrinin ən ümdə məsələsinə çevrilib. Mövzu ilə bağlı AYNA-nın suallarını PR və kommunikasiya mütəsəxəssisi Vüqar Baba cavablandırıb.

 

- Vüqar bəy, hazırda KİV-də aparılan təbliğatı qənaətbəxş hesab etmək olarmı?

 

- Biz - Azərbaycan tərəfdən məlumatlandırma, informasiyanın yayımlanması, əlbəttə ki, qənaətbəxş deyil. Məncə, təşkilatlanmaq lazımdır. Burada dövlət marağı və dəstəyi də olmalıdır. Daha əvvəldən bunun kökləri hazırlansaydı, bu cür şəraitlərdə məlumatlandırmanın önəmi başa düşülərək hazırlıq görülsəydi, əlbəttə, daha yaxşı olardı. Amma indiki halda da biz haqlı tərəf olaraq lazımlı informasiyanı – faktların, xəbərlərin, hadisələrin obyektiv şəkildə, şişirdilmədən dünya mediasına çıxarılmasına, tirajlanmasına nail olmalıyıq. Mütləq ingilis, fransız, rus, alman dillərində dərhal yayımlanmalı, işıqlandırılmalıdır.

Haqqında – Vüqar Baba

- İndiki halda bu istiqamətdə hansı addımların atılması lazımdır?

 

- Xarici media mütəxəssislərini Azərbaycana dəvət edə bilərik. Onlar vasitəsilə də məlumatların yayımlanmasına nail ola bilərik. Məsələn, bir İngiltərə, Fransa mediası üçün ola bilsin ki, Azərbaycan mediasının yaydığı məlumata istinad etmək bir az şübhəli olsun, bunu obyektiv hesab eləməsinlər. Amma öz əməkdaşlarını dəvət etmək, onlara məlumat vermək olar, özləri hadisə yerində iştirak edə bilərlər. Öz əməkdaşları vasitəsilə həqiqəti gördükdən sonra daha obyektiv olarlar. Ən azından xəbərləmə tərəfdən bunları həll etmək yaxşı olardı. Eyni zamanda, Qarabağ məsələsinə obyektiv yanaşan əcnəbi ekspertlər, kifayət qədər nüfuzlu olan ictimai fiqurlar da var ki, onların rəyləri, analitik təhlilləri, araşdırmaları öyrənilməlidir və dünya mediasında tirajlanmasına çalışmalıyıq.

 

- Bildiyimiz qədər, siz də bu istiqamətdə bir PR, kommunikasiya mütəxəssisi kimi təşəbbüs irəli sürmüsünüz. Bu barədə bir qədər məlumat verərdiniz. Təşəbbüsünüz necə qarşılandı?

 

- Hələlik kolleqalar tərəfindən müsbət qarşılanıb. Biz indi müzakirələr aparırıq. Təklif etmişəm ki, bu işdə bir təkilatlanma olsun. Dövlətlə müştərək şəkildə məlumatların hazırlanması, istehsalı, yayımlanması, rəqəmsal mediada yayımlanması ilə bağlı bir media, kommunikasiya mütəxəssislərindən ibarət komanda yığılsın, mərkəz yaradılsın. Orada dövlət nümayəndələri ilə müştərək şəkildə işlənilsin.

 

- Burada dövlət nümayəndələri ilə birlikdə işləməyin əhəmiyyəti nədədir? Zəhmət olmasa, bunu da bir qədər açıq ifadə edərdiniz.

 

- Əlbəttə ki, bu işləri müstəqil olaraq da etmək olar və edirik də. Amma qəbul edək ki, jurnalistlər, PR-çılar, kommunikasiya mütəxəssisləri bizim hökumətin apardığı siyasətdən tam dərin məlumatlı olmaya bilərlər. Təbliğat məqsədi ilə yaymaq istədikləri hansısa məlumat əskinə işləyə bilər. Ona görə mən düşünürəm ki, burada dövlət nümayəndələri ilə müştərək işlənilməlidir. Bu zaman həmin komanda dövlətin qərarlarından, planlarından agah olduğuna görə hansı yönə istiqamətlənməli, hansı məqamlara diqqət ayrılmalı olduğunu müəyyənləşdirdiyinə görə, bu istiqamətdə aparılan işlər də daha effektiv nəticələr verər. Təbii ki, müstəqil formada da kifayət qədər peşəkar jurnalistlər var ki, məlumatlar yayırlar, haqq səsimizi çatdırmağa çalışırlar. Lakin hazırda, sanki bir qədər jurnalistlər məlumat blokadasındadırlar. Onlar müharibə gedən ərazilərə çox da buraxılmırlar. İlk mənbə kimi hansısa jurnalistin yaydığı xəbərin doğruluğuna nadir halda rast gəlirik. Hələlik yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməklə kifayətlənirik. Bu da dünya mediasında tam obyektiv hesab olunmur. Dövlət qurumunun - nazirliyin yaydığı məlumat, tutaq ki, birtərəfli ola bilər. Beynəlxalq və yerli jurnalistlər döyüş ərazilərində olmalıdırlar. Özləri yaxından iştirak etməlidirlər. Onlara müxtəlif mənbələrdən məlumat almağa şərait yaradılmalıdır ki, jurnalistlər də rahat işləyə bilsinlər.

 

- Hazırkı durumda mediada məlumatlandırma ilə bağlı hansı problemləri müşahidə edirsiniz?

 

- Hazırda cəbhədə müxtəlif məsələlər baş verir ki, Ermənistan tərəfindən bu, böyük cinayətdir və məncə, bu, kifayət qədər işıqlandırılmır. Məsələn, Azərbaycanın Qarabağdan başqa ərazilərinə də Ermənistan tərəfdən hücumlar olunur, bombalama əməliyyatları həyata keçirirlər. Ermənistanın məqsədi - müharibəni öz ərazilərinə çəkmək, sanki Azərbaycanın Ermənistana hücumu kimi qələmə verməkdir. Öz partnyorlarını müharibəyə cəlb etmək niyyətindədirlər. Bununla bağlı da şərhlər, analitik təhlillər yayımlanmalıdır. Bu tip məlumatlar daha böyük ictimaiyyətə - beynəlxaq aləmə operativ və ən geniş miqyasda çatdırılmnalıdır. Çünki Ermənistan ərazisindən dinc əhaliyə atəş açılır və yaralananlar, ölənlər olur. Gec-tez Azərbaycan cavab verməlidir, həmin ərazilərə cavab atəşi açmalıdır. Biz isə bu barədə beynəlxalq ictimaiyyəti gec məlumatlandırdığımız təqdirdə, elə bir təəssürat yaranar ki, hücum əməliyyatı ya bərabər başlanılıb ya da, ən azından biz başlamışıq. Bu tip məlumatlar vaxtında, operativ və geniş miqyasda yayımlanmalıdır. Nəinki media vasitəsilə, eyni zamanda da rəsmi vasitələrlə birbaşa dünyaya çatdırılmalıdır.

Müəllif: Aləmdə Nəsib