Dünya Ermənistanın hərbi cinayətlərini niyə “görmür” – <font color=red> DEPUTATDAN TƏKLİF</font>

Aktual

05.10.2020 - 13:27

Tahir Kərimli: “Xocalı faciəsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsi şikayətimizə baxmırdı ki, 2002-ci ildən əvvəl baş verib. Amma indi əlimizdəki materialları hazırlayıb müraciət edə bilərik”

 

Sentyabrın 27-dən Qarabağ cəbhəsində başlayan döyüşlərdə Azərbaycan Ordusu düşmənin hərbi obyektlərinə, texnikalarına zərbələr endirdiyi halda, Ermənistan hərbçiləri mülki azərbaycanlıları da atəşə məruz qoyur. Nəticədə neçə-neçə vətəndaşımız həlak olub. Buna baxmayaraq, Ermənistanın hərbi cinayətlərinə beynəlxalq səviyyədə adekvat cavab verilməyib.

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli AYNA-ya deyib ki, baş verənlər hüquqi cəhətdən asan, lakin siyasi cəhətdən çətin prosesdir: “Hüquqi cəhətdən asan olmağı ondan ibarətdir ki, beynəlxalq hüquq tamamilə bizim tərəfimizdədir. Amma siyasi baxımdan dünyanı idarə edənlər xristian təəssübkeşliyi çəkərək, Ermənistanı açıq-aşkar müdafiə edirlər. Amma biz yenə də hüquqi və qanuni yollara əl atmalıyıq”.

Tahir Kərimli yenidən namizədliyini irəli sürüb

“Məsələn, Xocalı faciəsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsi Azərbaycanın şikayətinə baxmırdı və bunu belə əsaslandırırdı ki, 2002-ci ildən əvvəl baş verən hadisələrə münasibət bildirə bilməzlər. Amma indi bütün materialları hazırlayıb Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək olar. Ən azından, insan hüquqları ilə bağlı Haaqa Məhkəməsinə müraciət ünvanlamaq lazımdır. Azərbaycan bunun üçün çalışmalıdır. Çünki Ermənistan tərəfi artıq bunu edib. Ona görə də dayanmadan istər BMT, istər Beynəlxalq Cinayət Məhkəməsi, istərsə də İnsan Hüquqları Məhkəməsinə müraciətlər ünvanlamaq lazımdır. Yəni biz hərbi əməliyyatlarla yanaşı, beynəlxalq hüquqla da mübarizəmizi aparmalıyıq”, - deputat bildirib.

 

Onun sözlərinə görə, dünyanı idarə edənlər nə qədər təəssübkeş olsalar da, bizim əlimizdə lehimizə olan beynəlxalq sənədlər var: “Azərbaycan 1992-ci il martın 2-də BMT-yə Dağlıq Qarabağla birgə, onun tanınan ərazisi olaraq daxil olub. BMT-nin də bununla bağlı müvafiq qətnamləri var. Yəni əlimizdə olan bütün beynəlxalq sənədlər bizim lehimizədir”.

 

Kərimli ermənilərin mülki əhaliyə qarşı təcavüzünün Cenevrə Konvensiyasına da zidd olduğunu qeyd edib: “Hətta, nəinki işğal olunmuş ərazilərimizdən, Ermənistandan belə, bizim ərazilərimizi atəşə tuturlar ki, qarşılığı verilsin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və digər ölkələri dövlətlərarası münaqişəyə cəlb etsinlər. Ona görə də belə bir müraciət ünvanlamaq lazımdır ki, beynəlxalq aləm də mülki əhaliyə qarşı törədilən vəhşilikdən və Ermənistanın beynəlxalq hüquq normalarını pozmasından xəbəri olsun”.

 

“Milli Məclisin Fransanın bəyanatları və mülki əhalinin atəşə tutulmasına həsr edilən iclası oldu. Bununla bağlı təkliflər də irəli sürüldü ki, Fransanın artıq həmsədr olmaq səlahiyyəti yoxdur, çünki bitərəfliyini qoruyub saxlamır və Ermənistanı açıq şəkildə müdafiə edir. Eyni zamanda, ermənilərin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi vandalizm və faşizm aktı müzakirə edildi. Lakin erməni faşizmini, hətta, alman faşizmindən də fərqləndirmək lazımdır. Çünki almanlar ələ keçirdikləri ərazilərdə mülki əhaliyə zərər vermirdilər. Amma ermənilər vaxtilə günahsız insanlara işgəncə verib, indi də mülki əhaliyə divan tutmağa davam edirlər. Ona görə də biz həm hüquqi, həm də siyasi cəhətdən bunu bütün dünyaya bəyan etməliyik. Lakin çox təəssüf ki, bu istiqamətdə, beynəlxalq təbliğat aparmaqda köməyimiz çox azdır və Türkiyədən başqa demək olar ki, bizə beynəlxalq dəstək verən yoxdur”, - müsahibimiz vurğulayıb.

 

T.Kərimli, bütün bunlarla yanaşı, Azərbaycanın xaricdən müəyyən qədər neytrallıq əldə edə bildiyini də əlavə edib: “Düzdür, biz neytrallıq əldə etsək də, Ermənistana açıq-aydın dəstək nümayiş etdirilir. Əslində isə bizə elə neytral mövqe lazımdır ki, öz məsələmizi özümüz həll edək. Yəni, bizə yaxşılıq etmirlərsə, müdaxilə də etməsinlər. Əgər BMT öz qətnaməsini icra edə bilmirsə, bizə atəşi dayandırmaqla bağlı niyə çağırış etməlidir? Məntiqlə, biz həm də BMT qətnamələrini icra edib torpaqlarımızı işğaldan azad edirik”.

Müəllif: Mərahim Nəsib