Qubadlı şəhərinin “Azersky” peykindən əldə edilmiş təsviri yayıldı

Aktual

26.10.2020 - 13:36

“Azersky” peyki ilə çəkilmiş təsviri təqdim olunub

 

“Cəsur və yenilməz Ordumuzun uğurlu əməliyyatları sayəsində hər gün cəbhədən qələbə xəbərləri alırıq. Səbirsizliklə gözlədiyimiz Qubadlı şəhərinin düşmən işğalından azad olunması xəbəri hər birimizi sevindirir və qürurlandırır”. AYNA xəbər verir ki, bu ifadələr “Azərkosmos” ASC-nin yaydığı məlumatda öz əksini tapıb.

 

Məlumatda, olduqca əhəmiyyətli strateji mövqeyə malik olan Qubadlının işğaldan azad edildikdən sonra “Azersky” peyki ilə çəkilmiş təsviri təqdim olunub.

 

İşğal altında qaldığı illərdə Qubadlı rayonunun qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən talan edilib.

 

Qubadlı rayonunun tarix muzeyində saxlanılan nadir eksponatlar ermənilər tərəfindən oğurlanmış və rayonun ərazisindəki IV-V əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, "Qalalı" və "Göyqala" abidələri və XIV əsrə aid "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü və digər tarixi abidələrə ziyan verilib.

 

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində işğaldan azad olunmuş torpaqlarımıza həyat qayıdır, bu torpaqlarda üçrəngli dövlət bayrağımız dalğalanır. Ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması uğrunda davam edən haqlı mübarizədə qələbə qazanacağımıza əminik. Biz zəfər çalacağıq! Biz qalib gələcəyik! Qarabağ Azərbaycandır!”, - deyə məlumatda qeyd edilib.

Müəllif: Ayna.az