“Növbəti devalvasiya vacibdir, əks təqdirdə...”

İqtisadiyyat

28.12.2020 - 10:23

Həkimlər Klinikalar SEO Xidməti

Əkrəm Həsənov: “Valyuta ehtiyatlarının əriməsini dayandırmaq üçün iqtisadiyyatı qandan məhrum etdik”

 

Gələn il üçün büdcə kəsiri devalvasiyanın köməyi ilə qarşılanacaq, çünki pandemiya şəraitində neftin qiymətində ciddi artım hələ gözlənilmir – bu fikri bir çox iqitisadçı ekspertlər bölüşürlər. Bununla belə, səlahiyyətlilər manatın dollar qarşısında qiymətində azalma riskini inkar etmirlər, Maliyyə Nazirliyi buna dövlət büdcəsi layihəsinə izahatlar verilən zaman da eyham vurdu.

 

Ancaq ən maraqlısı bundan sonra başlandı. Çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbəri Elman Rüstəmov jurnalistlərə açıqlamasında, nə bu il, nə də gələn il devalvasiya olacağını söylədi: “Devalvasiya ilə bağlı fikirlər boş söhbətdir. Təqdim olunan büdcə sabit bir məzənnəyə və çox aşağı inflyasiyaya əsaslanır”.

 

AYNA-nın mövzuya dair suallarını bank və maliyyə eksperti Əkrəm Həsənov cavablandırıb.

Əkrəm Həsənov: “Regionlarımızda vəkillərə böyük ehtiyac var”

- Çoxları üçün Mərkəzi Bank rəhbərinin son çıxışı, beş il əvvəl - devalvasiyadan bir az öncə manatın sabit olacağını söylədiyi vəziyyəti xatırlatdı. Güman etmək olar ki, Rüstəmov özü bunu başqalarından daha yaxşı başa düşür və bu da suallar doğurur?

 

- Bəli, vəziyyət maraqlıdır. Bəzi mütəxəssislər hökumətin dövlət büdcəsi ilə bağlı açıqlamalarından ən azı hökumətin devalvasiya risklərindən qorxduğu qənaətinə gəldilər. Sonra Rüstəmov da çox maraqlı bir şəkildə devalvasiya olmayacağını söylədi. Eyni zamanda, o dedi ki, “deyirlər ki, hökumət pandemiya və karantin dövrünün çətin anında buna getmədisə, o zaman əlbəttə ki, indi də getməz”. Onun bu sözündə hiyləgərlik elementləri var. Qanunvericiliyə görə, manatın məzənnəsi müstəqil publik hüquqi şəxs olan Mərkəzi Bankın müstəsna səlahiyyətidir. Bu məsələ rəsmi olaraq, Prezidentdən, Parlamentdən və hökumətdən asılı deyil. Mərkəzi banklar bütün dünyada milli valyuta, inflyasiya, devalvasiya və s. məsələlərdən məsul olan müstəqil bir quruluşlardır. Amma bizdə yenə də, nədənsə Mərkəzi Bankın rəhbəri hökumətə müraciət edir. Ancaq bu, hökumətin səlahiyyəti deyil və Rüstəmov sətiraltı (yəqin ki, pərdə arxasında söhbətlər gedir) ona deyir: “Etməzsən, elə deyilmi?” Bəli, hamımız başa düşürük ki, ölkəmizin reallıqlarında AMB formal olaraq müstəqildir və praktikada onun qərarları, ən azından, razılaşdırıldıqdan sonra qəbul olunur. Çıxışında isə ən qəribə məqam da elə budur - Rüstəmov mahiyyət etibarilə qərarları onun deyil, hökumətin verdiyini söyləyir. Rüstəmov devalvasiya məsələsindən danışır, amma, nədənsə Mərkəzi Bank adından deyil, hökumət adından bunu edir. Odur ki, bütün bunların bizə necə təqdim edildiyi belə, suallar yaradır.

 

- Bu, o deməkdirmi ki, birdən sabah devalvasiya baş verərsə, Rüstəmov bu qərarın hökumət tərəfindən verildiyini söyləyəcək?

 

- O, belə deyə bilməz, çünki, formal olaraq söhbət, məhz Rüstəmovun səlahiyyətlərindən gedir. Axı, rəsmi olaraq bu qərarı verən o - özüdür. Və birdən Mərkəzi bank rəhbəri belə bir qərar verərsə, hökumət bununla heç bir əlaqəsi olmadığını söyləyər. Hamımız başa düşürük ki, təəssüf ki, 2015-ci ildən sonra az adam Rüstəmova inanır və dedikləri hər şey əksinə olaraq qəbul edilir, baxmayaraq ki, Mərkəzi Bank rəhbərinə etibar etmək vacibdir. Ancaq buna baxmayaraq, fevral devalvasiyasından sonra həmin vəzifəyə həmin ilin aprelində təsdiqləndi və bu il aprel ayında növbəti beş il üçün yenidən təsdiqləndi. Fikrimdə qalıram - AMB-nin hazırkı rəhbərinin istedadından, biliklərindən, qabiliyyətlərindən və peşəkarlığından asılı olmayaraq, cəmiyyət ona etibar etmir. Yalnız bu səbəb onun istefası üçün kifayət edir. Ancaq o, öz yerində qalırsa, deməli, populyar olmayan qərarlar vermək lazımdır ki, manatı ucuzlaşdırma siyasətini məntiqi nəticəyə gətirsin.

 

O ki, qaldı “Sabah devalvasiya baş verərsə, nə deyəcək” sualına, 2015-ci ildə nə dedi? Dedi ki, “vəziyyət birdən dəyişdi”. Düzdür, manat Rüstəmovun zəmanətlərinin əksinə olaraq, bir-iki gün sonra qiymətdən düşdü. Gələn il eyni proses təkrar olunsa, Rüstəmov yenə vəziyyətin dəyişdiyini söyləyəcək. Deyəcək ki, “sabitlikdən keçən ilin dekabrında bəhs etmişdim - amma o zaman vəziyyət fərqli idi, indi tamamilə başqa cürdür”. Bir sözlə, hər şey bu qədər sadədir. Buna görə gümanımda qalıram: Elman Rüstəmov bazar iqtisadiyyatının bütün qanunlarına görə, pul nəzəriyyəsi, Mərkəzi Bank nəzəriyyəsinə görə, yerini çoxluğun güvəndiyi bir adama verərək, postundan ayrılmalı idi. Və qalırsa, deməli qeyri-populyar qərarlar üçün lazımdır. Odur ki, Rüstəmov vəzifədə qalırsa, devalvasiya olacağı istisna edilə bilməz. Yeri gəlmişkən, ölkədə baş verən kadr dəyişiklikləri vektoruna görə, o da getməli idi. Hökumətin iqtisadi blokunda əsas kadr dəyişiklikləri baş verdi. Əslində, maliyyə naziri və Mərkəzi Bankın sədri xaricində hökumətin bütün iqtisadi bloku dəyişdirildi. Ancaq Maliyyə Nazirliyinin rəhbərinə qarşı elə bir tənqidi münasibət yoxdur – o, dövlət büdcəsi ilə məşğul olur və cəmiyyət və özəl sektorla elə bir xüsusi əlaqəsi yoxdur. Ancaq AMB rəhbəri daim tənqid olunur və yenə də öz yerində qalır.

 

- Bu gün devalvasiya üçün müşahidə etdiyimiz hansı obyektiv əsaslar var?

 

- Pandemiya böhranı hələ də davam etdiyindən, neftin qiymətinin düşdüyü və gələn il ciddi şəkildə artacağının ehtimalı azdır. Sosial xərclərimiz artıb və azad edilmiş ərazilərin bərpası ilə əlaqəli infrastruktur xərcləri də artacaq. Bu məqsədlər üçün pul Dövlət Neft Fondundan alınacaq. Bu, valyuta ehtiyatlarının əriyəcəyi deməkdir. Bütün bu faktorlar birlikdə manata təzyiq göstərir. Və milli valyuta, iqtisadiyyat qanunlarına görə dəyərdən düşməlidir və ya eyni valyuta ehtiyatları hesabına dəstəklənməyə davam edə bilər. Ancaq o zaman nəzərə alsaq ki, hələ işğal altındakı ərazilərdəki investisiya layihələri də maliyyələşdirilməlidir, valyuta ehtiyatları daha da azalacaq.

 

Baş verən proseslərə baxmayaraq, ənənəvi olan “milli valyuta sabitliyi” adlı bir layihəmiz hələ də davam edir. Odur ki, devalvasiya sırf iqtisadi baxımdan zəruridir. Valyuta ehtiyatlarının əriməsini dayandırmaq üçün iqtisadiyyatı qandan məhrum etdik – o sahədə pul kütləsi lazım olandan çox azdır. Mərkəzi Bank daim pul bazasını sıxır, banklara kredit vermir, onlar da öz növbəsində bzinesi kreditləşdirmir, çünki Mərkəzi Bank və hökumət valyuta ehtiyatlarını xərcləmək istəmir. Qapalı bir dairə yaranır. Bundan sonra məzənnəni qorumaq üçün valyuta ehtiyatlarını xərcləməli olduqlarını başa düşərək belə, devalvasiyaya getmək istəmirlər. Beləliklə, artıq valyuta ehtiyatlarını xərcləməmək üçün sadəcə pul bazasını sıxırlar və bundan iqtisadiyyat zərər görür. Belə çxır ki, manatın sabitliyi üçün, onsuz da pandemiya üzündən dondurulmuş vəziyyətdə olan iqtisadiyyatı sıxırlar. Bir tərəfdən qeyri-neft sektorunu inkişaf etdirəcəyimizi söyləyirik, digər tərəfdən bu pulların valyuta bazarına gedəcəyindən qorxaraq, sadəcə bu sektorun inkişafına imkan vermirik.

 

Devalvasiya qeyri-neft sektorunun işləməsi və yerli istehsalçının rəqabətə davamlı olması üçün vacibdir. Bu gün bütün qonşu ölkələr öz valyutalarını tədricən ucuzlaşdırır, bu da onların milli istehsalçılarının qiymətlərinin bizdən aşağı düşməsi deməkdir. Bütün bunlar devalvasiyanın iqtisadi zəruriliyinin sübutudur. Lakin mövcud pandemiya və karantin şəraitində, idxaldan asılılıq, devalvasiya qiymət artımlarına səbəb olacaq. Əhali hələ də 2015-ci ilin şokunu yaşayır - insanlar “devalvasiya” sözündən belə, qorxurlar. Biz sadəcə tələyə düşmüşük. Buna görə əvvəlki illərdə dediklərimi təkrar edirəm - kurs adi olmalıdır ki, insanlar tədricən öyrəşsinlər.

 

Ancaq manatın dəyəri daim inzibati resurslar hesabına saxlanılır və nəticədə, devalvasiya zərurəti yaranan kritik məqamlarda bu addım, müxtəlif siyasi, sosial, psixoloji şərtlərə görə atılmır. Manatı tədricən sərbəst buraxmaq üçün Rusiya, Türkiyə, Qazaxıstandan nümunə götürməliyik, amma Mərkəzi Bankımız sadəcə bunu edə bilmir - bunu etmək üçün kifayət qədər iradə, peşəkarlıq, kadr yoxdur. Biz tələdəyik.

 

- İndiki zaman çərçivəsində əhali manatın devalvasiyasına necə münasibət göstərəcək?

 

- İnsanların devalvasiyanı indi anlayışla qarşılamaq ehtimalı indi daha çoxdur. Müharibədəki qələbədən qaynaqlanan psixoloji vəziyyət devalvasiya prosesindəki neqativ cəhətlərin daha rahat qəbuluna kömək edəcək. Və sonra iqtisadiyyat işə düşməyə başlayacaq. Əlbəttə ki, ölkənin kifayət qədər xarici valyutası var və manat məzənnəsini gələn il ərzində də saxlaya bilərik, valyuta ehtiyatlarını buna xərcləyərək, pul bazasını sıxaraq iqtisadiyyatı boğmağa davam edə bilərik. Bəli, belə qurbanlarla manatın məzənnəsini saxlaya bilərsiniz. Ancaq bu, səhvdir, çünki bu addımı gələn il olmasa da, bir il sonra, ehtiyatlar əriyib iqtisadiyyat çökəndə, onsuz da atmalı olacağıq.

 

Düşünürəm ki, devalvasiyaya ehtiyac var. Bəli, ilkin dövrdə bir şok yaşanacaq, amma dövlət qiymətlərin sürətlə qalxmasının qarşısını almaq üçün tədbirlər görə bilər, iqtisadiyyatı dotasiya ilə dəstəkləyər və s. Ancaq iqtisadiyyatın ən vacib sahələrinə kömək edə bilər. Ölkəmizdə hər kəsi dəstəkləməyə çalışırlar, amma sonda heç kimə kömək etmirlər. İndi turizmə kömək etməyə ehtiyac yoxdur. Yaxın beş ildə dünyada tam mənada turizm olmayacaq və bərpa olunmağa başlayanda, turistlər dərhal Azərbaycan kimi bir ölkəyə gəlməyəcklər. Daha populyar ölkələr var. Ancaq kənd təsərrüfatını inkişaf etdirməliyik. Devalvasiyaya getməliyik ki, iqtisadiyyata onun nəfəs ala bilməsi üçün pul qoya bilək. Mən bu addımın tərəfdarıyam.

Müəllif: Tanya Samsonova