Nazirlərin Cenevrə görüşü və Bakı ilə İrəvandan fərqli mövqe - Uzlaşma ehtimalı azdır

Siyasət

03.10.2022 - 18:29

Analitik: “Qərb ölkələri Bakıya bu yolla təsir etmək və Cənubi Qafqazdakı siyasi şərtləri dəyişmək istəyirlər”

Dünən Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) görüşlə bağlı açıqlamasında qeyd edilib ki, görüş 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib.

Nazir C.Bayramov səylərin postmünaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Nazir bu xüsusda, tərəfimizdən təklif olunmuş beş baza prinsipləri əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb.

“Görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub”, - deyə məlumatda vurğulanıb.

Bununla yanaşı, nazir C.Bayramov Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xəttlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb.

“Humanitar məsələlərə toxunan nazir o cümlədən, 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini, Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini, bunun Üçtərəfli bəyanat üzrə Ermənistanın öhdəliklərinin kobud pozuntusu və hərbi cinayət olduğunu diqqətə çatdırıb. Nazir Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Bu istiqamətdə müzakirələrin davam etdirilməsinə dair razılıq əldə olunub”, - deyə XİN bəyan edib.

XİN başçılarının görüşünü AYNA-ya şərh edən siyasi icmalçı Asif Nərimanlı deyib ki, Bayramov-Mirzoyan görüşü ilə bağlı əsas diqqətçəkən məqam hər iki tərəfin rəsmi məlumatındakı fərqliliklərdir.

Analitikin sözlərinə görə, Azərbaycan XİN-in açıqlaması göstərir ki, rəsmi Bakı müharibədən sonra yaranmış postmünaqişə reallığının qorunub saxlanılması və əvvəlki tələblərinin icrası məsələsində israrlı mövqeyini davam etdirir: “Bu, üçtərəfli razılaşmaların icrası və sülh sazişinin İrəvana təqdim edilən beş baza prinsipi ilə imzalanmasıdır. Ermənistan tərəfi bölgədəki postmünaqişə reallıqlarını dəyişdirmək, üçtərəfli razılaşmaların icrasını arxa plana keçirməyə çalışır. Sərhəddə baş verən son toqquşmalar da buna hesablanmışdı. Bu prosesdə Rusiyanı bölgədə sıxışdırmaq istəyən Qərb ölkələri də maraqlı görünür”.

“Toqquşmalardan sonra Azərbaycan və Ermənistan rəsmilərinin müxtəlif görüşlərinin təşkili ilə Rusiyadan kənar masa formalaşdırmaq istəyirlər. Azərbaycan belə görüşlərdən imtina etmir, çünki Qərb ölkələrinə də postmünaqişə reallıqlarının alternativinin olmadığnı qəbul etdirmək niyyətindədir. Nazirlərin görüşündə Bakının bunu yenidən irəli sürməsi və məhz Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmaların icrasını gündəmə gətirməsi də buna hesablanıb. Eyni zamanda, Bakı Avropa İttifaqının təşkil etdiyi Brüssel görüşünə də istinad edir və bununla gündəliyinin həm Rusiya, həm Avropa tərəfindən qəbul edildiyini bildirir”, - Nərimanlı əlavə edib.

Analitikin sözlərinə görə, yayılan məlumatdan da aydın olur ki, Bakı erməni silahlı dəstələrin Azərbaycan ərazisindən çıxarılması, nəqliyyat-kommunikasiya xətlərinin üçtərəfli komissiya çərçivəsində əldə olunmuş razılaşmalar əsasında, yəni Zəngəzurdan dəhlizin verilməsi anlaşmasının icrasını və sərhədin delimitasiyasını tələb edir: “Bakının təklifi ilə delimitasiya üzrə komissiyanın noyabrda planlaşdırılan görüşün oktyabrda keçirilməsi razılaşdırılıb. Delimitasiya üçün erməni qoşunların Azərbaycan ərazisindən çıxarılması da həyata keçirilməlidir. Bu o deməkdir ki, qarşıdakı dövrdə bu məsələ daha da aktuallaşa bilər”.

“Ermənistan tərəfinin açıqlamasına nəzər yetirdikdə İrəvanın öz iddialarında qaldığı görünür. Hətta bir qədər də irəli gedərək, Azərbaycanı Qarabağdakı separatçı-terrorçularla danışıqlar aparmağa çağırış edilir. Paşinyan hakimiyyətinin bu gedişi “Qarabağ yükü”ndən tamamilə azad olmaq istəyi ilə yanaşı, separatçıları tərəfə çevirmək məqsədi də daşıyır və istisna deyil ki, bu fikrin müəllifləri Qərb ölkələridir. Onlar Bakıya bu yolla təsir etmək və Cənubi Qafqazdakı siyasi şərtləri dəyişmək istəyirlər”, - deyə analitik bildirib.

A.Nərimanlı hesab edir ki, nazirlərin görüşündən çıxan nəticə tərəflərin fərqli mövqelərdə olduğu və uzlaşma ehtimalının az olduğuna dairdir: “Sərhəd döyüşündən sonra siyasi proseslərin inkişafı da bu yöndədir”.

Müəllif: Anar Bayramoğlu