NATO Rusiya qarşı hansı addımları atacaq – Qətiyyət, susqunluq və ya...

Dünya

17.11.2022 - 14:11

Polşaya düşən rus raketinin doğuracağı nəticələr: üç fərqli ssenari masada

Bütün dünya Rusiya raketlərinin Polşa ərazisinə düşməsi və iki nəfərin ölümü ətrafında baş verənlərdən, Avropa və Amerikada bu məsələ ilə bağlı gərgin məsləhətləşmələrdən xəbərdardır. NATO burada necə hərəkət edə bilər? Alyans üzvləri Putini cəzalandırmaq, onu yerinə yerinə oturtmaq üçün hansısa qəti addım atacaqlarmı?

AYNA-nın suallarını tanınmış xarici ekspertlər cavablandırıblar.

Latviyalı politoloq, filologiya elmləri doktoru, müstəqil jurnalist, Amerika Milli Demokratik Beynəlxalq Münasibətlər İnstitutunun (NDI) keçmiş üzvü Aleks Qriqoryevs:

“Mən qorxuram ki, NATO tipik Qərb bürokratik təşkilatı kimi davransın. Araşdırmalar, məsləhətləşmələr, çoxlu görüşlər olacaq. Nəticə etibarı ilə bu qüdrətli təşkilat bir tərəfdən bu, digər tərəfdən başqa qənaətə gələcək.

Əgər iki qənaətə birdən gələcəklərsə, onda variantlar mümkündür. Raketlər ya birbaşa Rusiyadan gəlib, ya da Ukrayna Rusiyadan gələn raketləri vurmağa çalışıb və onlar təsadüfən Polşa sərhədindən 4 km aralıda yerləşən kəndə düşüb. Hər iki halda məsuliyyət Ukraynaya qarşı cinayətkar müharibə aparan Rusiyanın üzərinə düşür.

Təxminən bu, Polşa hökumətinin bəyanatında deyilir və bu, Polşa cəmiyyətində hökm sürən rəylə üst-üstə düşür. Oxşar bəyanatla NATO-nun Baş katibi də çıxış edib.

Raketləri kimin atmasından asılı olmayaraq, bunun nəticələrinə görə məsuliyyət müharibəni başlatmış Rusiyanın üzərinə düşür. Qalan Qərb cəmiyyətlərini də baş verənlərə belə yanaşmalı olduqlarına inandırmaq mümkün olsa, o zaman ya bütün NATO-dan, ya da bir sıra NATO ölkələrindən reaksiya olacaq.

Onlar tərəfindən hələ tammiqyaslı müharibə olmayacaq, lakin bu, aşağıdakılardan biri ola bilər:

  1. a) Rusiyada Ukraynanın atəşə tutulma mənbələrinə raket hücumları (ən ağlabatan, lakin ən az ehtimal);
  2. b) Ukraynanı güclü hava hücumundan müdafiə sistemləri ilə təmin etmək (o qədər də pis qərar deyil, xüsusən də hücum silahlarının bol ehtiyatı ilə müşayiət olunarsa);
  3. c) NATO-nun Polşada və digər Şərqi Avropa ölkələrində mövcudluğunun gücləndirilməsi, xüsusən də hava hücumundan müdafiə sisteminin gücləndirilməsi.

Stoltenberqin çıxışında vurğunu “b” bəndinə, daha az dərəcədə isə “c” bəndinə verilir. Hər ikisi yaxşı və düzgün istiqamətdə addımlardır”.

Ukraynalı politoloq, Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqda:

“Polşa ərazisinə raketin düşməsi ətrafında yaranmış vəziyyət, əlbəttə ki, dramatikdir, lakin bu, NATO-nun Rusiyaya qarşı müharibədə birbaşa iştirakına gətirib çıxarmayacaq. Bu mövzuda demək olar ki, heç bir şübhəm yoxdur.

Necə ki, sentyabr ayında Ukrayna tərəfindən quruma üzv olmaq üçün verilən operativ ərizəyə baxmayaraq, Ukraynanın Rusiya ilə hərbi münaqişə bitməmiş NATO-ya üzv olmayacağı şübhə doğurmur. Fakt budur ki, NATO daxilində Rusiya ilə ciddi mübahisə etmək istəməyən kifayət qədər ölkələr var və ona görə də onlar daha aqressiv hərəkətlərə yönəlmiş heç bir səyi sürətləndirməyəcəklər.

Lakin Polşada Rusiya raketinin düşməsi və onun iki vətəndaşının həlak olması həm Varşava, həm də Vaşinqton, Böyük Britaniya, Kanada, artıq Ukraynanı dəstəkləyən dövlətlər üçün ciddi problemdir. Hesab edirəm ki, onlar bu məsələdə ciddi fəallıq nümayiş etdirəcəklər. Ola bilsin ki, bu, bir qədər hibrid şəkildə həyata keçiriləcək, məsələn, silah təchizatı ilə bağlı qərarlar daha az ictimai olacaq.

Ancaq eyni zamanda, mən şübhə etmirəm ki, Ukraynaya dəstək davam edəcək və ölkəmiz, mən deyərdim, daha inamlı hərəkət edəcək. Baxmayaraq ki, onsuz da, düzünü desək, Rusiyanın, hətta kütləvi şəkildə, enerji infrastrukturuna zərbələr endirməsi ukraynalıların ruhunu sarsıtmadı və onları Putinlə danışıqlara sövq etmədi”.

Rusiyalı politoloq, “Deutsche Welle”nin köşə yazarı Konstantin Eggert:

“NATO baş verənlərin təfərrüatını öyrənəcək. Əgər raketlər Rusiyadandırsa, o zaman reaksiya müttəfiq qoşunların Polşaya nümayişkaranə şəkildə köçürülməsi, planlaşdırılmamış təlimlər və Rusiya Federasiyasının dövlət hədəflərinə qarşı kiberhücumlar ola bilər”.

Müəllif: Rauf Orucov