NATO-nun faciəvi səhvləri və Bakıda acı etiraflar

Siyasət

22.03.2024 - 10:23

Alyansın iradəsizliyi baha başa gəlir: Azərbaycanda nəyi xatırlayırlar?

NATO-nun Baş katibi Yens Stoltenberq AZƏRTAC-a müsahibəsində çox maraqlı açıqlama verib. Deyib: “Qafqaz... Rusiyanın genişmiqyaslı işğalçılıq müharibəsi apardığı və bütün Avropa üçün təsirləri olan Ukraynadan o qədər də uzaqda deyil. Bu, Qafqaz üçün vacibdir. Prezident Putin Ukraynada qalib gəlsə, bu, təkcə ukraynalılar üçün deyil, həm də Azərbaycan və NATO müttəfiqləri daxil olmaqla, hamımız üçün təhlükəli olacaq”.

Bu baxımdan, Rusiya-Ukrayna müharibəsi ilə bağlı NATO-nun mövqeyinin nə qədər dəyişdiyini xatırlamaq məntiqlidir. Düz iki il əvvəl “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində Almaniyanın o zamankı müdafiə naziri Kristin Lambrext NATO-nun heç bir halda Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarışmayacağını bildirmişdi. O, Şimali Atlantika Alyansının “müharibə edən tərəfə çevrilməyəcəyini və bununla bağlı heç nəyin dəyişməyəcəyini” vurğulamışdı. Bundan əlavə, alman nazir Kiyevin Ukrayna üzərində uçuşa qadağan zona yaratmaq çağırışını rədd edərək, imtinanı “gözlənilməz nəticələrlə” əsaslandırmışdı.

İki il sonra NATO-nun Baş katibi Yens Stoltenberq müttəfiqlərini Rusiya ilə mümkün uzunmüddətli qarşıdurmaya hazırlaşmaq üçün hərbi sənayelərini sürətlə inkişaf etdirməyə çağırır. “Putin Ukraynada qalib gəlsə, Rusiya təcavüzünün başqa ölkələrə yayılmayacağına zəmanət yoxdur. İndi ən yaxşı müdafiə Ukraynanı dəstəkləmək və NATO-nun hərbi imkanlarına sərmayə qoymaqdır. Aqressiyanın qarşısını almaq cəhdləri yalnız inandırıcı olduqda işləyir”, - deyə o, bu yaxınlarda WELT-ə müsahibəsində bildirib.

Gördüyümüz kimi, NATO-nun Baş katibi Rusiyanın təkcə Avropaya deyil, həm də regionumuza hərbi təhlükəsi mövzusunu fəal şəkildə təbliğ edir. Ancaq burada sual verməyin vaxtı gəldi: NATO Ukraynanın Rusiya üzərində qələbəsi üçün hər şeyi etdimi? Cavab aydındır - Yox, hamısı edilmədi!

Almaniyanın keçmiş müdafiə naziri Kristin Lambrextin mövqeyinin yuxarıda xatırlanması buna əyani sübutdur. Çox uzun müddətdir ki, Alyans Rusiya ilə münasibətləri korlamadan Ukraynaya necə kömək etmək barədə qərar verir. Bununla belə, bir neçə il əvvəlki tarixin lentini geriyə çəkmək məntiqlidir.

Birləşmiş Ştatlar NATO müttəfiqlərini 2008-ci ilin aprelində Buxarestdə keçirilən NATO sammitində Gürcüstan və Ukraynanın qəbulu üçün Üzvlük Fəaliyyət Planına qoşulmasının zəruriliyinə inandırmaq üçün əhəmiyyətli səylər göstərdi ki, bu da onların faktiki olaraq NATO-ya daxil olması deməkdir. ABŞ-ın mövqeyini Baltikyanı ölkələr, Bolqarıstan, Rumıniya, Polşa, Çexiya, Slovakiya, Sloveniya və Kanada dəstəkləyib. Eyni zamanda, İtaliya, Hollandiya, Lüksemburq, İspaniya, Belçika və Portuqaliyanın dəstəklədiyi Almaniya və Fransa Ukrayna ilə Gürcüstanın Üzvlük Fəaliyyət Planına daxil edilməsinə qəti şəkildə qarşı çıxıb.

Bütün bunlar nəyə gətirib çıxardı? Avqust ayında Rusiya-Gürcüstan müharibəsinə. Gürcüstan və Ukrayna NATO-nun Buxarestdə keçirilən sammitində Alyansa qəbul olunsaydı, bu problem, sadəcə olaraq mövcud olmazdı. Müvafiq olaraq, Krımın ilhaqı, indiki genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi olmazdı. Və buna uyğun olaraq, o zaman bütün Cənubi Qafqazda vəziyyət fərqli olacaq və Rusiyadan Azərbaycana heç bir təhlükə olmayacaqdı. Ancaq tarixin bəzi məqamlarını xatırlamağa davam edəcəyəm.

NATO-nun Buxarest sammitindən bir neçə il keçdi və 2014-cü ilə qədər ukraynalıların əksəriyyəti NATO-ya qoşulmağı dəstəkləmirdi. Krımın ilhaqından və Donbasda müharibə başlayandan sonra vəziyyət kəskin şəkildə dəyişdi - ukraynalıların əksəriyyəti NATO-ya qoşulmağı dəstəkləməyə başladı.

2014-cü ilin dekabrında Ukrayna Ali Radası o vaxtkı Prezident Pyotr Poroşenkonun təqdim etdiyi qanun layihəsini qəbul etdi və bu qanun Ukraynanın bloklara qoşulmama statusunu “dövlətin xarici təcavüz və təzyiqlərdən təhlükəsizliyinin təmin edilməsi kontekstində səmərəsiz” kimi ləğv etdi. 2017-ci ildə qanunvericiliyə dəyişiklik edildi: NATO-ya üzvlük Ukraynanın xarici siyasət prioritetlərindən biri elan edildi.

2019-cu ildə Ukraynanın Avropa İttifaqı və NATO-ya tamhüquqlu üzvlüyünə dair strateji kursu konstitusiya norması səviyyəsində birləşdirən konstitusiya dəyişiklikləri qüvvəyə mindi. Daha sonra, 12 iyun 2020-ci ildə Şimali Atlantika Şurası Ukraynaya gücləndirilmiş imkanlar üzrə tərəfdaş statusu verdi. 2021-ci ilin iyununda Brüssel sammitində NATO liderləri Ukraynaya NATO Üzvlük Fəaliyyət Planı veriləcəyini, Ukraynanın öz gələcəyini və xarici siyasətini müstəqil müəyyən etmək hüququna malik olduğunu bildirsələr də, yenə də NATO-ya daxil olmaq Ukraynaya müyəssər olmadı. 

Nəticədə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başladı. Bir daha təkrar edirəm, 2008-ci ildən başlayaraq Alyansın rəhbərliyinin Ukraynanı NATO-ya qəbul etmək üçün kifayət qədər siyasi iradəsi olsaydı, bunun qarşısını almaq olardı.

Bütün bunları xatırlayaraq, siz NATO-nun Baş katibi Stoltenberqin hazırkı çağırışlarını tamam başqa cür qiymətləndirirsiniz. O cümlədən, bu kontekstdə ki, ölkəmizin Prezidenti İlham Əliyevin səriştəli xarici siyasəti sayəsində Azərbaycan NATO-nun heç bir yardımı olmadan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi, ayrıca, Rusiya və KTMT-nin 44 günlük müharibəyə və ölkəmizin Qarabağ iqtisadi rayonunda bir günlük antiterror əməliyyatına cəlb olunması təhlükəsini neytrallaşdırdı.

Müəllif: Əkbər Həsənov