Yens Stoltenberq: “Liviya və Suriyada barışıq sazişinə nail olmaq üçün səyləri dəstəkləyirik”
NATO-nun Baş katibi Yens Stoltenberq Liviya Milli Hökumətinə dəstək verməyə hazır olduqlarını bəyan edib. AYNA xəbər verir ki, Soltenberq bu barədə İtaliyanın “La Repubblica” qəzetinə açıqlama verib.
Baş katib Türkiyənin NATO-ya üzv olmasına rəğmən, Aralıq dənizində, Suriya və Liviyada öz müstəqil siyasətini həyata keçirməsinə də münasibət bildirib: “NATO üzvləri bəzi mövzularda fərqli mövqelərə sahib ola bilər. Hər şeyə rəğmən, rəsmi Ankara bizim üçün əhəmiyyətli müttəfiqidir. Liviya və Suriyada barışıq sazişinə nail olmaq üçün səyləri dəstəkləyirik. Liviyada bütün tərəflərin əməl etməli olduğu silah embarqosu var. Bu, BMT tərəfindən rəsmi olaraq tanınan Fayiz əs-Sərrac hökumətini və Həftarın rəhbərlik etdiyi qüvvələri eyni plana salmaq demək deyil. Məhz buna görə NATO Tripoli hökumətini dəstəkləməyə hazırdır”.
Soltenberq İtaliyanın Baş Naziri Cüzeppe Kontenin Rusiyanın köməyini qəbul etməsinin səhv addım olub-olmadığına münasibət bildirib: “NATO tərəfdaşlarına yardım etmək üçün səfərbər olunub, lakin son qərarı ölkə hökumətləri verməlidir. Bu cür proseslərdən dezinformasiya məqsədilə istifadə etmək də doğru deyil”.