Müraciətlərə etinasızlıq və ya “sülhməramlılar bu bəndə də əməl etmədilər”

Siyasət

01.12.2022 - 18:32

Deputat: “Qarabağa Ermənistandan silah-sursat daşınacaq, terrorçular sülhməramlıların himayəsində təlim keçəcəklər və buna da Azərbaycan göz yumacaq, yox, bu, olmayacaq”

Azərbaycan tərəfi Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyətindən narazılığını açıq şəkildə ortaya qoyur. Xüsusilə də Azərbaycan toponimlərinin Rusiya Müdafiə Nazirliyinin gündəlik məlumatlarında ermənilərin qondarma adları ilə adlandırılması Azərbaycanın haqlı narazılığına səbəb olub. Aərbaycan Müdafiə Nazirliyi dəfələrlə çağırış edib ki, “Martuni” yox, Xocavənd, “Mardakert” yox, Ağdərə, “Stepanakert” yox, Xankəndi yazılmalıdır. Amma Rusiya yenə qondarma adlardan istifadə etməkdədir.

Azərbaycan Müdafiə Nazirliyi sonuncu açıqlamasında təəssüflə bildirib ki, Rusiyanın sülhməramlı kontingenti müraciətlərə hələ də etinasız yanaşır: “Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladırıq. Yenə də Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq”.

“Bir daha israrla bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 30.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR” - deyə, məlumatda vurğulanıb.

Sülhməramlı adlandırılan kontingentin fəaliyyətindən narazılıq təkcə toponimlərlə bağlı deyil. Onların müvəqqəti məsuliyyət zonasında hələ də qalmaqda olan erməni silahlı tör-töküntüləri tərəfindən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Sülhməramlılar isə terrorçu dəstənin bu əməllərinin qarşısını almır. Eyni zamanda, Laçın yolundan separatçı ünsürlərə silah-sursat daşındığı barədə məlumatlar var ki, sülhməramlılar buna göz yumurlar. Hətta terror dəstələrinə hərbi təlimlər keçdikləri, onları silahlandırdıqları barədə əsaslı məlumatlar var. Bütün bunlar Azərbaycan dövlətini də, ictimaiyyətini də narahat etməkdədir.

Milli Məclisin deputatı Rasim Musabəyov mövzu ilə bağlı AYNA-nın sualını cavablandırarkən deyib ki, ermənilər də, ruslar da öyrəşiblər ki, imzalanmış sənədləri öz bildikləri kimi şərh və icra etsinlər:

- Rusiya sülhməramlıları Abxaziyada, Cənubi Osetiyada, Dnestryanı bölgədə özlərini başqa formada aparırlar? Xeyir, bu yerlərdə də götürdükləri öhdəliklərə əməl etməyiblər. İndi Qarabağda da oyun oynayırlar. Hesab edirdilər ki, Qarabağda da adlarını dediyim bölgələrdə davrandıqları kimi davrana bilərlər. Amma bunu edə bilmirlər, çünki Azərbaycan buna imkan vermir. İndi onlar qüdrətli Azərbaycanla üz-üzədirlər.

- Amma faktiki olaraq razılaşmadan kənara çıxırlar...

- Təbii ki, kənara çıxırlar. Ümumiyyətlə, icra etmirlər, öhdəliklərini həyata keçirmirlər. 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Birgə Bəyanatın dördüncü bəndində konkret göstərilir ki, Rusiya sülhməramlıları daxil olmaqla paralel şəkildə erməni qüvvələri bölgədən çıxarılır. Orada yazılmayıb ki, Ermənsitan qüvvələri, məhz erməni qüvvələri yazılıb. Sülhməramlılar bu bəndə də əməl etmədilər. Sülhməramlı missiyanın bir neçə növü var. Məsələn, iki qüvvə olur, onların arasında sülhməramlı qüvvələrin yerləşdirilməsi razılaşdırılır. 10 noyabr sənədində belə deyil. Yenə deyirəm, orada göstərilib ki, Rusiya sülhməramlılarının gəlişi ilə erməni silahlı qüvvələri çıxmalı idilər. Qarabağdakı erməni əhalisi demir ki, “vahiməyə düşürlər”, özlərini “təhlükədə hiss edirlər”? Bəhanələri olmasın deyə sülhməramlılar oradadırlar. O zaman terrorçu tör-töküntünün orada nə işi var?

- Sanki terrorçu qruplar, separatçı silahlılar sülhməramlıların himayəsindədirlər...

- Sülhməramlılar düşünürlərsə ki, Qarabağda erməni silahlı terrorçuları himayə edəcəklər, bu, olmayacaq. Razılaşmada belə müddəa yoxdur. Oradan erməni silahlıları çıxmalıdırlar, bu, birmənalıdır. Hazırda orada Ermənistan ordusunun qalıqları da mövcuddur ki, onlar da ərazimizdən rədd edilməlidir. Yoxsa ki, Qarabağa Ermənistandan silah-sursat daşınacaq, terrorçular sülhməramlıların himayəsində təlim keçəcəklər və buna da Azərbaycan göz yumacaq, yox, bu, olmayacaq.  

- Sülhməramlı adlandırılan kontingentin bu davranışları Azərbaycan-Rusiya münasibətlərinə hansı təsirləri göstərir?

- Əlbəttə, mənfi təsir göstərir. Rusiya Azərbaycanla münasibətlərin yaxşı olmasını istəməlidir. Rusiyanın Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı mövcuddur ki, bu, Moskva üçün çox vacibdir. Söhbət təkcə müttəfiqlik haqqında sənədin olub-olmamasından getmir. Bu gün Rusiya ilə Tacikistan arasında da müttəfiqlik sənədi var. Tacikistan Rusiyaya nə verə bilər, hansı dəstəyi verə bilər? Tacikistanınm hansı iqtisadiyyatı, kommunikasiya əlaqəsi Rusiya üçün faydalıdır? Bircə Tacikistanda hərbi baza yerləşdirib ki, onun da 90 faizi yerli taciklərdən ibarətdir. Onları da indi Ukraynaya aparıb qırdırırlar. Söhbət ondan ondan gedir ki, Azərbaycanla ikitərəfli münasibətlər Rusiya üçün faydalıdır. Belə olan halda Qarabağdakı sülhməramlıları cılız oyunlara getməklə Rusiya çox şey itirə bilər.

Müəllif: Anar Bayramoğlu