Moskvanın seçimi: Cənubi Qafqazda ABŞ və Fransadansa Türkiyə

Siyasət

02.11.2020 - 20:20

“Qarabağa müdaxilə edən kənar qüvvə qarşısında Türkiyəni görəcək” – Erdem Eren

 

“Məlum olduğu kimi, Qarabağ problemi 30 ilə yaxındır ki, öz həllini tapmır. Ermənistanın Dağlıq Qarabağı işğal etməsi ilə başlayan münaqişə, bu gün Azərbaycanla Ermənistan arasındakı problemlə yanaşı, həm də beynəlxalq problemə çevrilib. Bu gün Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərini azadetmə əməliyyatını Türkiyə də yaxından izləyir və problemin həllinin tərəfdarıdır. Türkiyənin mövqeyi isə, heç şübhəsiz, qardaş Azərbaycan dövləti və millətidir”.

 

Bunu AYNA-ya türkiyəli politoloq, “Bəyaz hərəkat” dərnəyinin sədr müavini Erdem Eren deyib. Bildirib ki, həm Qarabağ problemində, həm də qondarma “erməni soyqrımı” məsələsində bəzi beynəlxalq təşkilatların qeyri-obyektiv rolu müşahidə edilir: “Türkiyə və Rusiya regiona birbaşa yaxın olduqları üçün, dolayısı ilə mövqeləri də başadüşüləndir. Lakin bununla yanaşı, ABŞ, Fransa və Böyük Britaniya da zaman-zaman regionda təsirlərinin artmasına çalışır. Hətta, Ermənistanın Baş Naziri Nikol Paşinyana ABŞ və Fransanın təsirlərinin artdığı da hiss olunur. Ələlxüsus, daha əvvəllər Liviya və Şərqi Aralıq dənizində olduğu kimi, Türkiyə və Qarabağ problemindən də Fransa mənfəət götürmək istəyir. Lakin Fransanın bu problemə müdaxilə etməsindən Rusiyanın da narahat olduğu hiss edilir. Ki, Rusiya Ermənistanda özündən başqa heç bir dövlətin söz sahibi olmasını qəbul etmək istəmir. Nəticə olaraq da Rusiya Minsk Qrupunda Türkiyənin də yer almasını təmin edərək, problemin həllində ABŞ və Fransaya mane olmağa çalışır. Bundan əlavə, Rusiya problemin həllində lider ölkə olaraq, Ermənistan üzərindəki təsirini bərpa etmək istəyir”.

“Qarabağ problemi 30 ilə yaxın müddət ərzində həllini tapmadığı üçün, problem artıq birdəfəlik həll edilməlidir. Ermənistanın regionda haqsız işğalı və başda Xocalı rayonu olmaqla, Azərbaycana yaşatdığı əzab-əziyyətlər hələ də yadımızdadır. Problemin həlli üçün Azərbaycan həm işğalın əvvəllərində, həm də atəşəks dövründə müxtəlif addımlar atıb. Ancaq Rusiya buna heç vaxt imkan verməyib. Məlum olduğu kimi, 1991-1993-cü illərdə Türkiyənin Prezidenti mərhum Turqut Özal idi. Bu müddət ərzində Türkiyə Azərbayacana maddi və mənəvi dəstək göstərsə də, işğala və Rusiyaya qarşı çıxacaq real siyasi gücə sahib deyildi. Lakin bu gün həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də Azərbaycan Prezidenti İlham Əliyevin real siyasi gücə malik olmaları, 1990-ci illərdən daha fərqli vəziyyət yaradıb. Bu baxımdan Azərbaycanın meydanda ABŞ, Fransa və Rusiyanın dəstəklədiyi Ermənistan qoşunlarına qarşı göstərdiyi müvəffəqiyyət həm Azərbaycanın özünün, həm də Türkiyənin verdiyi dəstəyin nə qədər əhəmiyyətli olduğunun göstəricisidir. Onu da qeyd edim ki, Rusiya hələlik problemə tam müdaxilə etmir. Rusiya hər şeydən əvvəl Ermənistan hökumətinin ağıllanmasını istəyir. Çünki ABŞ və Fransaya təslim olan hökumət heç vaxt Rusiyaya sərf edə bilməz”, - politoloq vurğulayıb.

 

Erenin fikrincə, Rusiya Cənubi Qafqazda Türkiyə-Azərbaycan ittifaqının güclənməsindən də narahatdır: “Lakin Rusiya Azərbaycanın Türkiyə ilə inkişaf etdirdiyi yüksək münasibətlərinin 2015-ci ildəki “təyyarə böhranı”nda olduğu kimi, uçuruma yuvarlanmasını da arzulamır. Ancaq elə həmin Rusiya həm Cənubi Qafqazda, həm də türk respublikalarında güclü Türkiyə-Azərbaycan ittifaqının inkişaf etməsinə də mane olmağa çalışacaq. Çünki baş verənlər onu göstərir ki, bu ittifaq sadəcə 2 dövlətdən ibarət olmayacaq. Belə ki, həm regionun daxilində, həm də regionun xarcində Ukrayna, Gürcüstan və Pakistan kimi dövlətlərin də bu ittifaqa dəstək verdiyi artıq görünür. Bu isə Rusiyaya sərf etmir”.

 

“Ona görə də Rusiya problemə müdaxilə etmək üçün məsələni meydanda yox, Suriyada olduğu kimi masada həll etməyə çalışacaq. Rusiyanın xarici siyasətinə bu seçim daha uyğun görünür. Lakin Rusiya problemi masaya daşıyandan sonra Ermənistana dəstək nümayiş etdirsə, regionda nizam dəyişə bilər. Bunun isə bir o qədər də real olduğu görünmür”, - analitik qeyd edib.

 

Müsahibimiz Türkiyə ilə Azərbaycan arasında çoxlu sayda müqavilələr imzalandığını da xatırladıb: “Xüsusən də 2010-cu ildə imzalanan “Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Anlaşması” “Bir millət-iki dövlət” ifadəsinin ən bariz nümunəsidir. Həmin anlaşmanın ikinci maddəsi və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin özünümüdafiə hüququnu tənzimləyən 51-ci maddəsinə uyğun olaraq, tərəflərdən (Türkiyə və Azərbaycan) biri üçüncü ölkə, ya da ölkələr tərəfindən hücuma, yaxud işğala məruz qalsa, digər ölkə ona kömək edə bilər. Ona görə də Rusiya və ya hər hansı bir dövlət Qarabağa hərbi müdaxilə etsə, şübhəsiz ki, qarşısında təbii olaraq bu anlaşmanın nəticəsini görəcək”.

Müəllif: Mərahim Nəsib