Moskvanın məramı: hədəf sülhün deyil, imperiya maraqlarının təminidir

Siyasət

24.12.2021 - 10:51

Deputat: “Təbii ki, Rusiya bölgəni tərk etməmək arzusundadır, amma zamanı çatanda sülhməramlılar bölgədən çıxmalıdırlar”

Politoloq: “Rusiya o zaman problemin həllinə çalışacaq ki, regionu tam nəzarətinə götürə bilsin

2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin hücumuna Azərbaycan Ordusunun əks hücumu ilə başlayan və 44 gün davam edən Vətən müharibəsi 10 noyabr gecəsi dayandırıldı. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı müharibəyə son qoymaq barədə üçtərəfli Birgə Bəyanata imza atdılar.

Sözügedən sənədin müvafiq bəndinə əsasən, sülhü təmin etmək üçün Rusiyanın sülhməramlı kontingenti Qarabağda yerləşdirildi. Sülhməramlı hərbçilərə tərəflərin razılığı ilə, müddətin avtomatik olaraq daha beş il uzadılması mümkünlüyü qeyd olunaraq, beş il müddətinə səlahiyyət verildi. Hazırda Azərbaycanın Xankəndi, Xocalı və Xocavəndin bir hissəsi sülhməramlıların məsuliyyət zonasındadır. 

Azərbaycanın rəsmi orqanları tərəfindən verilən bəyanatlarda birmənalı olaraq bu ifadə yazılır - "Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş sülhməramlılar". İctimaiyyəti isə düşündürən məsələ budur: nəzəri baxımdan beş ildən, praktik baxımdan 10 ildən sonra bölgəni tərk etməli olan sülhməramlılar oradan çıxacaqmı? Qarabağdakı separatçı-terrorçular mütəmadi olaraq bəyan edirlər ki, sülhməramlılarla bağlı müddət düzgün deyil. Onlar faktiki olaraq rusların Qarabağda qalması arzusundadırlar, nəinki Azərbaycan vətəndaşlığını qəbul etmək. Rusiya sülhməramlılarının bir ildən artıqdır ki, oradakı davranışları isə göstərir ki, Moskvanın da istəkləri erməni separatçılarının istəkləri ilə üst-üstə düşür.

Milli Məclisdə Xocalını təmsil edən deputat Elman Məmmədov AYNA-ya deyib ki, Rusiya, əlbəttə, bölgəni tərk etməmək arzusundadır: "Amma ortada liderlərin imzaladığı sənəd var. Hesab edirəm ki, zamanı çatanda o sənədə istinadən sülhməramlılar bölgədən çıxmalıdırlar. O başqa məsələdir ki, ruslar Qarabağda daimi qalmaq istəyirlər. Bəli, onların bu istəkləri ola bilər və məncə, elə bunu istəyirlər. Davranışları da bunu göstərir. Sülhməramlılar sülh missiyasından çox erməni separatçılarına havadarlıq etməklə məşğuldurlar. Lakin imzalanmış sənəd var və Azərbaycan liderinin qətiyyəti sayəsində biz görürük ki, sənəddə göstərilən müddəalar yerinə yetirilir". 

"Qarabağdakı ermənilərin taleyinə gəlincə, Azərbaycan rəsmi şəkildə onlara bildirib: vətəndaşlığımızı, ərazi bütövlüyümüzü, konstitusiyamızı qəbul etməli, bərabər hüquqlar çərçivəsində yaşamalıdırlar. İstəmirlərsə, çıxıb gedə bilərlər. Mənim arzum budur ki, çıxıb getsinlər. Amma bu, şəxsi arzudur. Qaldı ki, Azərbaycan hüquqa hörmət edən dövlətdir, erməni vətəndaşların da hüquqları hər bir vətəndaşın hüququ qorunduğu kimi qorunacaq", - deyə deputat bildirib.

Siyasi şərhçi Rauf Mirqədirov isə bir qədər fərqli düşünür. Analitik AYNA-ya şərhində söyləyib ki, əvvəlcə bir suala cavab tapmaq lazımdır: Rusiyanın "sülhməramlı" adlandırılan kontingentinin Qarabağdan çıxması mümkün görünürmü? 

Politoloq sülhməramlıların Qarabağdan çıxacaqlarına pessimist yanaşır: "Üçtərəfli Birgə Bəyanatda göstərilir ki, 5 ilin tamamına 6 ay qalmış tərəflərdən biri müraciət etməlidir. O zaman müqavilənin müddəti növbəti illər üçün uzadılır. Bu, 10 il də, 15 il də, 20 il də ola bilər. Problem ondan ibarətdir ki, ermənilər "sülhməramlıların" çıxmasını istəyəcəklərmi? Tutaq ki, Azərbaycan tərəfi müraciət ünvanladı ki, Bakı müddətin uzadılmasını istəmir. Amma o dövr üçün Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin taleyi ilə bağlı heç bir razılaşma olmasa, İrəvan rusların bölgədə qalmasını tələb edəcək. Ermənistan tərəfinin başqa mövqe ortaya qoyması çox çətindir və məntiqdən uzaqdır". 

"Bu gün Qarabağdakı ermənilərlə Azərbaycan arasında birbaşa kommunikasiya yoxdur. Yəni ki, bizim onlara təsir imkanlarımız çox azdır. Bilirsiniz, 10 noyabr bəyanatının müvafiq bəndinə əsasən, Azərbaycan tərəfinin müraciətindən sonra "sülhməramlılar" ərazini tərk etməlidirlər. Çünki orada göstərilməyib ki, hər iki tərəfin müraciəti olmalıdır, tərəflərdən birinin müraciəti kifayətdir. Bu, nəzəri cəhətdən mümkündür. Amma praktik baxımdan rusların Qarabağı tərk etməsi çox çətin məsələdir", - deyə analitik vurğulayıb.

Mirqədirov hesab edir ki, Rusiya bir sıra beynəlxalq alətlərdən istifadə etməklə, hətta Azərbaycanın razılığı olmadan Qarabağda qalmalarına hüquqi don geyindirə bilər: "Məsələn, Rusiya və Ermənistan BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər ki, "Qarabağdakı erməni azlığın təhlükəsizliyinin təmini ilə bağlı Azərbaycanla heç bir razılaşma əldə edilməyib. Ona görə də, sülhməramlıların çıxarılması münaqişənin yenidən alovlanmasına gətirib çıxara bilər". Və Azərbaycanı həmişə olduğu kimi, bu dəfə də Qarabağdakı erməni azlığının sıxışdırılmasında ittiham edə bilərlər. Yəni ki, Rusiya ermənilərə "mümkün təhdid" bəhanəsi ilə BMT Təhlükəsizlik Şurasından "sülhməramlıların" qalması məsələsini təmin edə bilərlər. Bu, gerçək ola biləcək ssenaridir". 

"Ümumiyyətlə düşünürəm ki, ilk beş illik müddətdən sonra "sülhməramlılar"ın bölgədən çıxarılması məsələsi gündəmə gəlməyəcək. Problemdən çıxış yolu Qarabağdakı ermənilərlə bağlı razılığın əldə edilməsindədir. Burada hər şey maraqlara bağlıdır. Rusiya o zaman problemin tam həllinə çalışacaq ki, regionu tam nəzarətinə götürə bilsin. Bunun üçün Azərbaycanın tam nəzarətə alınması lazımdır. Ondan sonra münaqişənin birdəfəlik həlli mümkündür", - deyə müsahibimiz qeyd edib.

Onun qənaətincə, Azərbaycan tam şəkildə Rusiyanın nəzarəti altına keçməsə, Moskva Qarabağdakı qaynar nöqtəni saxlayacaq: "Çünki münaqişə həm Bakıya, həm də İrəvana çox ciddi təzyiq vasitəsidir. Baxın, son dövrlər Rusiya tərəfindən Azərbaycanla bağlı maraqlı mesajlar səsləndirilir. Söhbət Azərbaycanın Avrasiya İttifaqına inteqrasiyasından, bunun Bakının maraqlarına daha çox cavab verə biləcəyi haqqındakı açıqlamalardan gedir. Azərbaycandakı ruspərəst ekspertlər və media orqanları tərəfindən belə fikirlər aşılanır ki, Azərbaycanın Rusiyanın liderliyi altında olan təşkilatda təmsilçiliyi guya ki, bizim üçün faydalı ola bilər. Rusiyanın isə rəsmi şəxsləri bu barədə az qala hər həftə, hər fürsətdə açıqlamalar verirlər. Rusiya istəyir ki, Azərbaycanı öz təsir dairəsinə sala bilsin. Və bu təsiri rəsmi şəkildə müəyyənləşdirən inteqrasiya təşkilatlarında təmsilçiliyinə nail olsun".

Müəllif: Anar Bayramoğlu