Niyə Qarabağın bir nömrəli terrorçusunu həbs etmək əvəzinə, onunla oturub müzakirə aparırlar?
Ermənilər, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri arasında 10 noyabrda imzalanan müqaviləyə görə, Kəlbəcəri boşaldırlar. Evləri və təsərrüfatları yandırır, hətta, tualet əşyalarını və qəbir daşlarını çıxardaraq, özlərindən sonra xaraba qoyub gedirlər. Azərbaycanın maddi və mədəni dəyərlərini məhv və talan edirlər. 30 il əvvəl azərbaycanlılar Ermənistandan və Qarabağdan sözün əsl mənasında çır-çılpaq qovulur, ayaqyalın, əldə etdikləri hər şeyi erməni işğalçılarına və terrorçularına verərək, canlarını qurtarmağa çalışırdılar. Ermənilər isə bütün ev əşyaları ilə birlikdə Rusiya sülhməramlılarının nəzarəti altında getsələr də, eyni zamanda bizə lənət oxuyurlar.
İndi Dağlıq Qarabağa, Moskva, Bakı və İrəvan arasında imzalanan bir müqaviləyə uyğun olaraq Rusiya sülhməramlıları yeridildi, hansıların ki vəzifələrinə, BMT Nizamnaməsinə görə, sülh və təhlükəsizlik üçün təhdidlərin qarşısının alınması və ya aradan qaldırılması ilə yanaşı bölgədəki mülki əhalinin iqtisadi maraqlarını və adi həyatını təmin etmək də daxildir. Və üç liderin imzaladığı razılaşmaya görə, məhz onlar Qarabağda atəşkəs razılaşmasının icrasına nəzarət edəcəklər.
Maraqlıdır, əllərində bu qədər səlahiyyətləri olan sülhməramlılar niyə səssizcə təsərrüfatların, əmlakın və infrastrukturun vəhşicəsinə dağıdılmasını izləyirlər? Sosial şəbəkələrdə ermənilərin, hətta, işıq dirəklərinə dırmaşaraq, elektrik naqillərini belə, sökməsini sübut edən çoxsaylı çəkilişlər var. Bəs biz niyə susuruq?
Rusiya Prezidenti Vladimir Putin bugünlərdə İlham Əliyevlə söhbətində Qarabağ ərazisindəki xristian kilsələrinin və monastırlarının (əslində erməni yox, Alban kilsələrinin) qorunub saxlanması məsələsinə toxundu. Azərbaycan kilsələrin tarixi əhəmiyyətini nəzərə alaraq, onsuz da həmişə ziyarətgahların, normal kilsə həyatının qayğısına qalıb. Amma, işğaldan sonra tikilən məbədləri qədim mədəniyyət və sivilizasiyanın nümunələri hesab etmək onların tarixi dəyərlərinin tanınması olardı. Eyni zamanda, Paşinyanla son söhbətində Putin, ətraf mühitə sağalmaz ziyan vuran ermənilərin meşələrdə və tarlalarda törətdikləri yanğına diqqət belə, yetirmədi. Bu arada, “Sputnik Ermənistan”ın “Telegram” kanalında bildirildi ki, Kəlbəcəri tərk edən ermənilər “ikonları və zəngi Dadivank kilsəsindən çıxardılar”. Sonradan onlar bu əməldə Azərbaycanı ittiham etməyəcəklər ki?
Prezident Əliyev Putini heç bir şeyin xristian kilsələrini təhdid etməyəcəyinə inandırsa da, “Azərbaycan bütün xalqların və dinlərin nümayəndələrinin hüquq və azadlıqlarının təmin olunduğu çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda yerləşən qədim müsəlman və xristian məbədləri dövlətin himayəsindədir. Üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycana qaytarılan ərazilərdə yerləşən xristian kilsələri də qorunacaq”, - desə də, rus sülhməramlıları Dadivank monastırını mühafizə altına aldılar. Və kislənin keşişi Ter-Ovannes Ovannisyan, hələ də ərazini tərk etməyəcəyini və orada sona qədər qalacaq könüllülərin olduğunu söylədi. Bütün bunlar onu deməyə əsas verir ki, gələcəkdə azərbaycanlılar Kəlbəcərə qayıtdıqdan sonra rus sülhməramlılarının cəlb edilməsi ilə münaqişə ocağı yaratmaq üçün ermənilərdən bəzi təxribatlar gözləmək olar.
Dünən məlum oldu ki, Ermənistan qoşunların və mülki şəxslərin Kəlbəcər bölgəsindən çıxarılması üçün 25 noyabr tarixinədək uzadılması xahişi ilə Rusiya vasitəsi ilə Azərbaycana müraciət edib. Bunu brifinq zamanı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Və Azərbaycan yenidən humanizm nümayiş etdirib - humanist mülahizələrdən çıxış edərək Ermənistan tərəfinə əlavə vaxt ayırmağı qəbul edib. “Kəlbəcərdən Ermənistana gedən yeganə yolun sıxlığını və hava şəraitini nəzərə alaraq, Azərbaycan Ermənistanın tələbinə razılıqla cavab verdi”, - dedi Hikmət Hacıyev.
Ümumiyyətlə, Qarabağa yeridilən Rusiya sülhməramlı missiyasına müəyyən suallar var. Beləliklə, Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradovun Qarabağ separatçılarının başçısı Arayik Arutunyanla, Rusiya və Ermənistan KİV-lərində geniş reklam olunan görüşü, yumşaq desək, təəccüb doğurur. Yeri gəlmişkən, Rusiya KİV-ləri hələ də onu “DQR prezidenti” kimi təqdim edir. Üstəlik, bu görüş mülki şəxslərin, o cümlədən qadınların, uşaqların və qocaların öldürülməsi və yaralanması ilə nəticələnən Gəncənin mülki əhalisinə raket hücumlarına cavabdehliyi öz üzərinə götürən bu terrorçunun Rusiyanın hələ də Stepanakert adlandırdığı Xankəndidə yerləşən rezidensiyasında baş tutdu. Rus sülhməramlılarının başçısı 1 nömrəli Qarabağ terrorçusu ilə “sülhməramlı missiyanın təşkili ilə bağlı məsələlərin müəyyənləşdirilməsinə və həllinə yönəlmiş məsləhətləşmələr” apardı, “Rusiya ordusunun yerləşdirilməsi, həmçinin missiyanın monitorinqi və humanitar funksiyaları ilə bağlı geniş məsələləri” müzakirə etdi. Müzakirə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində məhv edilən separatçı rejimin bayrağı və gerbi altında keçirildi. Qeyd edək ki, sözügedən məsələlər qalib tərəf - Azərbaycanla artıq müzakirə edilmişdi. Görəsən, niyə Arayik Arutunyan, bir hərbi cinayətkar olaraq, sülhməramlı qüvvələr tərəfindən tərksilah və həbs olunmur? Muradov onunla danışıqlar masasına hansı əsaslarla oturur?
Rusiya Prezidentinin Dağlıq Qarabağda humanitar müdaxilə üzrə idarələrarası mərkəzin yaradılması haqqında fərmanı da az suallar yaratmır. Bu qurum, qaçqınların geri qaytarılması, infrastrukturun bərpası və beynəlxalq humanitar təşkilatlarla Bakı ilə İrəvan arasında əməkdaşlığın təşviqi ilə məşğul olacaq və lazım gəldiyi zamanı Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin və Rusiya Federasiyasının digər idarələrinin resurslarından da istifadə ediləcək.
Gəlin, özümüzü aldatmayaq. Görünən budur ki, Rusiya sülhməramlı missiya anlayışını dünyadakından fərqli olaraq başa düşür. Sənəd, sanki Rusiya Federasiyasının subyekti üçün tərtib olunur. Rusiya hökuməti humanitar hədəflər pərdəsi altında danışıqlar prosesinin bütün illəri dövründə yalnız xəyal edə biləcəyi bir məsələni - Qarabağ üzərində bir protektorat qurulmasını reallaşdırır. Hələ ki, ancaq Jirinovski Qarabağın bir hissəsini Rusiyanın tam yurisdiksiyasına keçirməyin zəruriliyi barədə açıq danışır. Ancaq o, onu necə adlandırsalar da - təlxək, kloun – siyasi çəkisinə görə, Rusiyada Putindən sonra ikinci ən güclü şəxsdir.
İnfrastrukturun bərpası və inkişafı nə vaxtdan sülhməramlıların funksiyalarının bir hissəsinə çevrilib? Və hətta erməni quldur birləşmələrini tərksilah etməyə çalışmayan, üstəlik Qarabağın bir hissəsinin gələcəyini separatçı liderlərlə müzakirə edən sülhməramlı missiyanın bu qədər miqdarda ağır texnikaya, “Qrad”lara nə ehtiyacı var? Ümumiyyətlə, Rusiya sülhməramlı missiyasının addımları, münaqişənin başlanğıcında SSRİ rəhbərliyi tərəfindən qurulan və 1988-1990-cı illərdə fəaliyyət göstərən və Arkadiy Volskinin sədri olunduğu Qarabağ Müxtar Vilyatində Xüsusi İdarəetmə Komitəsinin fəaliyyətinə bənzəyir.
Niyə bütün Dağlıq Qarabağın Azərbaycana mənsub olmasından, azərbaycanlı qaçqınların geri qayıtmasından və yerləşdirilməsindən deyil, yalnız ermənilərin, özü də terrorçu Arutunyanla müzakirə edilərək, geri dönməsindən danışılır? Niyə sülhməramlı missiya ilk növbədə Xankəndidə, Xocavənddə, Xocalıda, Ağdərədə qalan erməni quldur birləşmələrini tərksilah etməklə məşğul olmur? Niyə ruslar Azərbaycan tərəfindən azad edilmiş Şuşa, Tonaşen, Suqovuşanın girişlərində postlar qururlar? Axı, 10 noyabr tarixli üçtərəfli razılaşmanın 1-ci bəndində açıq-aydın yazılıb: “Azərbaycan Respublikası və Ermənistan Respublikası, bundan sonra Tərəflər adlandırılacaq, bu günə olan mövqelərində dayanacaq”. Yuxarıda göstərilən yaşayış məntəqələri razılaşma imzalanarkən artıq Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunmuşdu.
Yuxarıda deyilənlərin hamısı barışıq prosesi üçün təhlükə yaratmırmı? Bununla əlaqədar olaraq qoşunları heç bir ATƏT-in Minsk Qrupu ölkəsindən deyil, həmsədrlər arasında olmayan və münaqişə tərəfləri ilə həmsərhəd olmayan ATƏT ölkələrindən sülhməramlı olaraq kontingent dəvət edilməsi daha məntiqli və effektli olmazdımı? Allah eləsin ki, mən səhv edim: rus sülhməramlılarının bundan sonrakı addımları gəldiyim nəticələri inkar etsin və ümidlərimizi doğrultsun. Bizə yalnız gözləmək və izləmək qalır...