Pandemiya dövründə 47 həkim virusun qurbanı olub
Misirdə koronavirus pandemiyası dövründə 47 həkim virusun qurbanı olub. AYNA xarici mediaya istinadən xəbər verir ki, ölkənin Baş Naziri Mustafa Mədbuli COVID-19-dan ölən həkimlərə şəhid statusunun veriləcəyini deyib.
Bununla yanaşı, Misirin Səhiyyə Nazirliyi koronavirusla bağlı iyunun 7-ə olan son vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində COVID-19 virusuna 1467 nəfər yoluxub və beləliklə, ölkədə yoluxma halları 34 min 79 olub. O əlavə edib ki, bazar günü Misirdə daha 39 nəfər yeni növ koronavirusun qurbanı olub, həyatını itirən pasiyentlərin ümumi sayı isə 1237 nəfərdir. Bundan başqa, karantin xəstəxanalarında müalicə olunan 423 pasiyent sağalıb və xəstəlikdən şəfa tapanların sayı 10131 nəfərə çatıb.