Süleymaninin ölümündən sonra minlərlə iranlı küçələrə axışıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, nümayişlər ölkənin müxtəlif şəhər və əyalətlərində keçirilir.
Əllərində "Rədd olsun ABŞ" və "Rədd olsun İsrail" şüarları yazılmış plakatlar daşıyan nümayişçilər cümə namazından sonra küçələrdə, məscidlərdə və metroda toplaşıblar.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani dörd zabitlə birlikdə cümə axşamı gecə saatlarında Bağdad hava limanında ABŞ-ın raket zərbəsi ilə öldürülüb.
İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei, Prezident Həsən Ruhani Tehranın ABŞ-dan qisas alacağını, müdafiə naziri Əmir Hatəmi isə generalın ölümünə “sarsıdıcı cavab” verəcəyini açıqlayıb.
Rəsmi Pentaqon isə Bağdad hava limanına edilən hücumla bağlı əmrin ABŞ prezidenti Donald Tramp tərəfindən verildiyini vurğulayıb.
Süleymaninin ölümündən bir neçə saat sonra Dövlət Departamenti Amerika vətəndaşlarına dərhal İraqı tərk etmələrini məsləhət görüb.