Məzunların attestat alması qaydası açıqlanıb

Xəbərlər

26.07.2019 - 14:17

Orta, tam orta təhsil haqqında attestatın və ya onların dublikatlarının hazırlanmasına, verilməsinə görə heç bir ödəniş tələb olunmur

 

Təhsil Nazirliyi məzunların attestat alması qaydasını açıqlayıb. AYNA Təhsil Nazirliyinə istinadən xəbər verir ki, ümumi orta və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətinə təqdim edilir.

 

Məzunlar tərəfindən götürülməyən attestatlarla bağlı bildirilir ki, sənədlər doldurulmuş halda ümumi təhsil müəssisəsində saxlanılır: “Məzunun təhsil aldığı ümumi təhsil müəssisəsi ləğv olunduqda, attestat və ya onun dublikatları Milli Arxiv İdarəsinin arayışına əsasən, Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər”.

 

Attestat itirilən zaman isə, itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna müraciət etməlidir. Müraciətə sənədin axtarışda olması və “Azərbaycan müəllimi” qəzetinə verilən elan əlavə olunmalıdır.

 

Elanda şəxsin adı, soyadı, atasının adı, ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın adı, seriyası və nömrəsi, onu verən ümumi təhsil müəssisəsinin adı və verilmə tarixi göstərilməlidir.

 

Ərizə verildikdən sonra ümumi təhsil müəssisəsi 15 gün müddətində arxiv sənədlərinə əsasən attestatın dublikatını verir.

 

Qeyd olunub ki, ümumi orta, tam orta təhsil haqqında attestatın və ya onların dublikatlarının hazırlanmasına, verilməsinə görə heç bir ödəniş tələb olunmur. 

 

Müəllif: Ayna.az