Bu gün Bakıda ən yüksək temperatur qeydə alınıb

Xəbərlər

02.10.2019 - 19:32

Həkimlər Klinikalar SEO Xidməti

ETSN rəsmisi: “2012-ci ilin 2 oktyabrında Bakıda ən yüksək isti - 30,5 dərəcə qeydə alınmışdı”

 

“Payız fəslinin ikinci ayı - oktyabr nisbətən mülayim, bəzi rayonlarda az yağışlı hava şəraiti ilə başlayıb. Hazırda havanın temperaturu iqlim norması daxilində tərəddüd edir”.

 

AYNA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva açıqlama verib. Onun sözlərinə görə, yaxın günlərdə də komfort temperatur şəraiti və əsasən mülayim külək gözlənilir ki, bu da xoş əhval yaradacaq.

 

“Ayın 7-dək cənub-şərq, cənub küləyi əsəcək, küləyin sürəti 8-13 m/s təşkil edəcək. Temperatur 24-27 dərəcəyə yaxın olacaq. Havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 4-dən 5-nə keçən gecə bəzi yerlərdə yağış ehtimalı var”, - direktor bildirib.

 

U.Tağıyeva qeyd edib ki, əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam saatlarında bəzi şimal rayonlarında və Lənkəran-Astara bölgəsində yağış yağacağı gözlənilir: "Havanın temperaturu Aran rayonlarında 25-30, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək. Çoxillik meteoroloji müşahidələrə görə bu gün (2 oktyabr) üçün ən yüksək temperatur Bakıda qeydə alınıb. 2012-ci ilin 2 oktyabrında Bakıda ən yüksək isti - 30,5 dərəcə, 1941-ci ilin 2 oktyabrında isə ən aşağı isti - 8,1dərəcə qeydə alınıb".

Müəllif: Ayna.az