Readmisiya sazişi əsasında qaytarılmış şəxslər və onların hüquqları
Almaniyadan 18 oktyabr 2019-cu il tarixdə Azərbaycana 17 nəfərin deportasiyasının gözlənildiyi və onların evlərindən aereporta aparıldıqları barədə məlumat vermişdik.
AYNA-ya “Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyevin verdiyi yeni məlumata görə, sonrakı dəqiqləşdirmə zamanı müəyyən edilib ki, onlardan 9 nəfəri Azərbaycana readmissiya sazişi əsasında Münhendən təşkil edilən xüsusi çarter reysiylə aparılmaqla təhvil verilib. Digərləri isə başqa yollarla göndərilib.
Ə.Əliyev mövzunun aktuallığını nəzərə alaraq readmissiya sazişi ilə bağlı bəzi məlumatları da diqqətə çatdırıb: ““Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” 2014-cü il fevralın 28-də Brüssel şəhərində imzalanmış saziş Azərbaycan Respublikasının Prezidenti tərəfindən 30 may 2014-cü ildə təsdiq edilib. Avropa İttifaqı Azərbaycanla qeyri-qanuni immiqrasiya ilə daha səmərəli mübarizə aparmaq məqsədi ilə öz aralarında əməkdaşlığı gücləndirmək niyyəti ilə bu sazişi imzalayıb. Bu sazişin tələblərinə əsasən, hər il Azərbaycan vətəndaşları da ayrı-ayrı Avropa İttifaqı üzv olan ölkələrdən inzibati qaydada çıxarılmaqla Azərbaycana göndərilir”.
“Azərbaycan redmissiya sazişinə əsasən 2014-cü ildə 3, 2015-ci ildə 70, 2016-cı ildə 123, 2017-ci ildə 313, 2018-ci ildə 348 nəfəri sazişi əsasında qəbul edib. 2019-cu ildə bu rəqəmin daha çox olacağı ehtimal olunur. Bu vaxta kimi bu sazış əsasında Azərbaycana 1300 nəfərdən çox şəxs qaytarılıb”, - deyə hüquqşünas vurğulayıb.
Ə.Əliyevin sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında bağlanan sazişin şərtlərinə görə, Azərbaycan Respublikası Azərbaycana qaytarılan Azərbaycan vətəndaşları ilə bağlı, vətəndaşlara münasibətdə müəyyən öhdəliklərə malikdir: “Readmissiya edilən şəxslər hava limanında qarşılanır. Onlarla ehtiyacları, onları göndərən ölkələr tərəfindən hüquqlarının pozulub-pozulmaması, sağlamlıq vəziyyətləri və s. məsələləri əhatə edən sorğu keçirilir. Ehtiyaclara uyğun müvafiq qurumlarla birgə işlər görülür. Ehtiyacların qarşılanması və bu sahədə işlərin daha operativ həll olunması məqsədilə Nazirlər Kabinetinin 2016-cı ilin dekabr ayının 28-i tarixli göstərişinə əsasən Reinteqrasiya ilə bağlı işçi qrupu yaradılıb. Həmin işçi qrupunun iclasları keçirilir, readmissiya olunmuş ehtiyacı olan şəxslərlə bağlı görülən işlər müzakirə edilir, bu istiqamətdə fəaliyyətin daha operativ və davamlı olması üçün istiqamətlər müəyyənləşdirilir”.
“Hakimyyət orqanlarının yardımından narazı qalanlar və ya ehtiyacları tam qarşılanmayan şəxslər Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Miqrasiya Təşkilatlarına yardım üçün müraciət edə bilərlər. Çünki Beynəlxalaq Miqrasiya Təşkilatında bir qayda olaraq reinteqrasiya ilə bağlı pilot layihələr olur, - deyə həmsöhbətimiz vurğulayıb.
Ə.Əliyevin sözlərinə görə, eeadmisiya sazişləri əsasında qaytarılmış şəxslərin inteqrasiyası üçün də Azərbaycan hökuməti yerli QHT-ləri də cəlb etməklə hər şəxs və ya ailə haqqında xüsusi proqram təsdiq etməlidir: “Bu proqramın məqsədi - sazişə uygun olaraq qaytarılmış şəxslərin sosial-iqtisadi inteqrtasiyasını, ehtiyacı olanların isə müalicəsini təmin etməlidir. Bu proqrama uyğun olaraq qəbul edilmiş şəxslərin işə düzəlməsi, gəlir əldə etməsi, ixtisas kurslarına göndərilməsi, həmin müddətdə onlara hümanitar, tibbi və pisixoloji yardımların göstərilməsi təşkil olunmalıdır. Həmçinin ehtiyacı olanlar müvəqqəti yaşayış yeri ilə təmin olunmalı, zəruri qidalanma və digər şəxsi ehtiyaclar üçün ödənişlər edilməli, ehtiyacı olanlara pulsuz hüquqi yardim göstərilməlidir”.