Elşad Miri: “Koronavirus insanın nə qəqər aciz, ölümün isə nə qədər yaxın olduğunu öyrətdi”
Bəşəriyyət daim zəlzələ, qasırğa, sel, torpaq sürüşməsi, yoluxucu xəstəliklər kimi fəlakətlərlə üz-üzə qalıb. Hazırda yeni növ koronavirusla (COVID-19) mübarizə aparırıq. Yoluxucu xəstəlik bu müddət ərzində milyonlarla insanın xəstələnməsi və ölümünə səbəb olub. Təbii ki, bu cür kütləvi, yoluxucu xəstəliklər bir çox zamanlarda yayılmış, öz təsirini göstərmiş və qarşısının alınması üçün də müxtəlif üsullardan istifadə edilmişdi.
Bu cür xəstəliklər İslam coğrafiyasından da yan keçməmiş və bununla bağlı müxtəlif rəvayətlər söylənilir, mübarizə üsulları göstərilir. Məsələn, Raşidi Xilafətinin ikinci xəlifəsi Həzrəti Ömər ibn Xəttab İraq, Suriya, Livan və Fələstini fəth etmək üçün səfərə çıxanda, fəthi nəzərdə tutulan ərazilərdə vəba xəstəliyinin yayıldığını öyrənmiş və yoldaşlarına həmin ərazilərə getməyin təhlükəli olduğunu bildirərək, Mədinə şəhərinə qayıtmağa qərar vermişdi. Vəziyyətdən xəbərdar olan Suriya valisi Ubeydə bin Cərrah isə bu qərara etiraz etmişdi, lakin sonda məhz vəbadan dünyasını dəyişmişdi.
Xəlifə Ömər isə öz növbəsində xəstəliyə qarşı bir çox tədbirlər almış, uzunmüddətli qida tədarükü görmüş, xəsətliyə görə evlərindən çıxa bilməyənlərin qida tədarükünün görülməsini əmr etmişdi. Nəticədə vəbanın qarşısı alınandan sonra Ömər ibn Xəttab şəxsən həmin ərazilərə getmiş, vəbanın mənfi təsirlərinə məruz qalanlara yardım edilməsi üçün qərar vermiş və maddi durumları düzələnə qədərə aylıq qida yardımı edilməsi ilə bağlı qərar qəbul etmişdi.
Həzrət Ömər, həmçinin vəbadan vəfat edənlərin miraslarını İslam qanunlarına uyğun olaraq qohum-əqrəbaları arasında bölüşdürmüş, dünyasını dəyişən kimsəsizlərin sərvətini isə kasıb təbəqə arasında bölüşdürmüşdü. Sürətli şəkildə hərbi və siyasi tədbirləri də yerinə yetirən Xəlifə böhrandan minimum zərərlə çıxmağı bacarmışdı.
Yoluxucu xəstəliklər, kütləvi bəlalar və təbii fəlakətlərlə bağlı rəvayətlərlə yanaşı, hədis və ayələrə də rast gəlmək olar. Məsələn, Həzrəti Məhəmməd Peyğəmbərin bir hədisində belə rəvayət edilir: “Bir gün Allah rəsulu dəvəsini açıb buraxan bir bədəvi ilə rastlaşır və ondan dəvəsini nə üçün bağlamadığını soruşur. Bədəvi dəvəsini Allaha əmanət etdiyini və buna görə arxayın olduğunu deyir. Allah rəsulu isə ona “əvvəlcə dəvəni bağla, sonra Allaha təvəkküll et”, -deyə cavab verir”.
Bu hədisdən də görünür ki, İslam dini bu cür durumlarda tədbirli olmağın lazım olduğunu tövsiyə edir və nəticədə fəlakətlərdən minimum zərərlə çıxmağa çağırır.
Bununla yanaşı, İslam peyğəmbəri bu cür məqamlarda təcrid tədbirlərinin də vacib olduğuna işarə verir və bir hədisində “Bir yerdə yoluxucu xəstəlik varsa, ora girilməsin, ordakılar da oradan çıxmasın”-deyə buyurur.
Yəni, dini mətnlərdə təbii fəlakətlər və yoluxucu xəstəliklərlə bağlı kifayət qədər açıqlamalar və tövsiyələr var. Təbii ki, bu, həm də inanc məsələsidir. Bu səbəbdən də Allaha aid olanı qiymətləndirməyin lazım olduğu və bəndənin də vəzifələrini öz imkanları çərçivəsində görməyin lazım olduğu vurğulanır. Necə ki, Allah “Qurani-Kərim”də buyurur: “Onların başlarına yaxşı bir gəlsə, bu, Allahdandır deyərlər. Başlarına pis bir iş gəlsə, bu, “Səndəndir” deyərlər. Hər şey Allahdandır”.
Bir sözlə, dini mətnlər, hədis və ayələrdən belə nəticəyə gəlmək olar ki, İslam dini də yoluxucu xəstəliklər olan yerlərə getməmək, xəstəliyin ortaya çıxıdğı yerlərdən uzaqlaşmağın lazım olduğunu buyurur. Məhəmməd Peyğəmbərin də dediyi kimi: “Müsəlman təmiz insandır. Çünki iman ilə təmizlik bir-birindən ayrılmayan dinin iki əsasıdır”.
İlahiyyatçı Elşad Miri AYNA-ya açıqlamasında bəşər tarixində müxtəlif yoluxucu xəstəliklərin mövcud və insanların vəfatına səbəb olduğunu deyib: “Yəni, yoluxucu xəstəliklər, viruslar nə bu günün bəlasıdır, nə də keçmişin. Bu gün bunun qarşısı alınsa da, sabah yenə də bu cür müsibətlərə düçar olmayacağımızın zəmanəti yoxdur. Təsəvvür edin ki, 1346-1350-ci illərdə Avropada “qara ölüm” adlanan vəbadan, həmin dövrdə mövcud olan əhalinin 30 faizi həlak olmuşdu. 1545-1548-ci illərdə Meksikada qızdırma xəstəliyindən 15 milyonluq əhalinin 80 faizi dünyasını dəyişmişdi. 1629-1631-ci illərdə İtaliyada vəbadan 280 min insan, 1918-1920-ci illərdə qrip pandemiyasından dünyada 75 milyona yaxın insan, 1960-cı ildən günümüzə qədər HİV virusundan 30 milyona yaxın insan dünyasını dəyişib. Həmçinin, zaman-zaman müxtəlif adlarla – SARS, ebola, “quş qripi”, “donuz qripi” və s. kimi viruslar da üzə çıxıb”.
“Əslində, bu cür viruslar bizim də bəh-bəhlə danışdığımız, istifadə elədiyimiz, texnologiyaların nə qədər aciz olduğunu, süni intellektin “ağ bayraq” qaldırdığını göstərir. Biz bu gün nə qədər Aya getsək də, Marsa getməyə hazırlaşsaq da, Okeanın dibinə internet kabelləri döşəsək də, sosial mediada canlı yayımlar etsək də, virusun qarşısında aciz qalmışıq. Müxtəlif orqanların süni formasını hazıladığımız belə bir dövrdə, bir hüceyrənin tərkibindəki ribonüklerin turşusu hissəciyi olan koronavirusa qarşı çarə tapa bilmirik. İmtina edə bilməyəcəyimiz hər şey təxirə salınır, idman oyunları, konfranslar, konsertlər, teatrlar, görüşlər, toylar, hətta, yaslar ləğv edilir, sərhədlər bağlanır”, - teoloq bildirib.
Bununla yanaşı, o, bu bəlanın da çarəsinin tapılacağını düşünür: “Sadəcə olaraq reallığı nəzərə alıb, məsələyə ciddi yanaşmaq lazımdır. Çünki hər şeyi zarafata salmağın nəticəsi həqiqətən də bəzən elə olur ki, bunu ağır ödəyirik. Pandemiya yeni yayılmağa başlayanda sosial media hesabımda yazmışdım ki, “Cümə günləri məscidə yığışmağın əvəzinə, günorta namazını evlərinizdə qılın”. Bunu da “Qurani-Kərim”in 10-cu surəsi olan “Yunus” surəsinin 87-ci ayəsinə uyğun olaraq demişdim. Həmin ayədə deyilir ki, “Evlərinizi namazgah edin və namazınızı qılın”. Hətta, mənə etiraz edənlər də olmuşdu. Lakin mənim statusumdan cəmi bir neçə gün sonra Qafqaz Müsəlmanları İdarəsi dindarların ibadətlərini evlərində yerinə yetirməsi ilə bağlı bəyanat vermişdi. Bundan sonra, mənə etiraz edənlər məsələnin ciddiliyini müəyyən qədər anlamağa başlamışdılar”.
“Təsəvvür edin ki, mənə etiraz edənlər buna belə əsas gətirmişdilər ki, məsciddə virusa yoluxaraq ölmək, Allah yolunda ölməyə bərabərdir. Hətta, bunu şəhidliklə əlaqləndirənlər də var idi. Halbuki, Allah “Quran”ın heç bir ayəsində Allah yolunda ölməyi şəhid adalandırmır, əksinə, Allah yolunda ölənlərə ölü deməməyi buyurur. Amma unutmayaq ki, Allah bizim ölməyimizi deyil, yaşamağımızı istəyir. Kitabını da ölülərə yox, dirilərə göndərib. İnsan bədənindəki hərarət və temperatur da hüceyrələrin yaşamaq uğrunda mübarizəsinin nəticəsidir. Ki, immunitetin gücləndirilməsi də buna xidmət edir”, - deyə E.Miri vurğulayıb.
Müsahibimiz koronavirusun insanlara bəzi şeyləri xatırlatdığını qeyd edib: “Əslində, bu virus bizə dünyaya dörd əllə sarılmağın əhəmiyyətli olmadığını, təmizliyin nə qədər əhəmiyyətli, tədbir almağın nə qədər zəruri, sağlamlığın necə böyük bir xəzinə olduğunu xatırlatdı. Həmçinin, insanın nə qədər aciz, texnologiyanın hələ də qeyri-kafi olduğunu, ölümün nə qədər yaxın, Allahın isə tək və yeganə böyük olduğunu bizə bir daha öyrətdi”.
“Bu virusun bizə xatırlatdığı başqa bir məsələ isə ciyərlərimizdən daha çox beynimizi, imanımızı işğal edən mövhumat, dinə mutasiya olaraq soxulan xurafat virusudur. Ki, buna qarşı da tədbirlər almalı, mübarizə aparmalıyıq. Yəni, mənəvi virusalara qarşı da tədbirlərimizi davam etdirməliyik. Bu cəhalətə qarşı ağlımızı hər gün yumalı, beynimizi və ürəyimizi dezinfeksiya etməliyik. Bu virusun əlacı isə həmişə var, yetər ki, istifadə edək. Bu əlac, bu peyvənd isə “Quran”dır. Allah da “Rum” surəsinin 41-ci ayəsində buyurur: “İnsanların öz əlləri ilə etdikləri əməllərin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar”. Yəni, biz heç vaxt naümid olmamalıyıq, çünki Allah bizdən həmişə ümidli olmağımızı istəyir. Sadəcə olaraq, biz tədbirlərimizi alaq, təmizliyə və digər tələb edilən tədbirlərə riayət edək və ümidimizi üzməyək”, - deyə ilahiyyatçı fikrini yekunlaşdırıb.