Azərbaycanın ən füsunkar kəndi: gözəlliyi başına bəla olub – FOTOLENT

Maraqlı

30.03.2024 - 16:47

Sıldırımların ortasında tala, uşaqsız kənd, tərk edilmiş evlər, bağlı məktəb...

Qax rayonunun Sarıbaş kəndi Azərbaycanın ən gözəl yaşayış məskənlərindən biridir. Kənd dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, Yamac dağının tən ortasındakı talada yerləşir.

Sarıbaşı gözəl edən onun füsnunkar təbiəti, əlçatmaz olması və mehriban insanlarıdır. Kənd Qax rayon mərkəzindən 18 km məsafədə yerləşsə də, buraya gəlmək o qədər də asan deyil. İlisuya qədər olan məsafə asfalt örtüklüdür, lakin İlisudan Sarıbaşa getmək yalnız yolsuzluq avtomobilləri ilə mümkündür.

Hazırda yerli sakinlərin, eyni zamanda turistlərin Sarıbaşa getmələri üçün əsasən UAZ və ya "Vilis" markalı maşınlardan istifadə olunur. sürücülər 8 kilometrlik yolu qalxmaq üçün sərnişinlərdən yay aylarında 60, qışda - turistlərin az olduğu vaxt isə 40 manat məbləğində ödəniş alırlar. Buna səbəb kəndə aparan yolun iki dəfə çaydan keçməsi, eyni zamanda yamacdan keçən yolun daim dağdan qopub yola tökülən daşlarla tutulmasıdır. Bu yol qış aylarında çox vaxt yerli sakinlərin marxal adlandırdığı qar uçqunlarına məruz qaldığından bağlı olur.

Bu və digər problemlərə görə, bir zamanlar 1100 nəfər sakinin yaşadığı Sarıbaşda hazırda 8 ailə - 18 nəfər sakin qalıb. Onların da, demək olar ki, hamısı orta yaşdan yuxarı nəslin nümayəndəsidir. Kənddə cavan ailə qalmadığına görə uşaq da yoxdur. Bu səbəbdən, vaxtilə yüksək naliyyətlərlə ad çıxarmış Sarıbaş məktəbi 8 il əvvəl rəsmi olaraq bağlanıb.

Sarıbaş küçələrini gəzdikcə çox sayda dağılmış evə şahidlik edirsən. Əsasən torpaqdan tikilən evlər zamanla tərk edilib və baxımsız qalıb. Nəticədə təbiət hadisələrinin təsiri ilə aşınıb, dağılıb. Lakin sevindirici haldır ki, artıq bəzi sakinlər dağılmış evlərini bərpa etmək, yaxud yenisini tikmək üçün təşəbbüs göstərirlər.

AYNA oxucularına Sarıbaşdan mart ayında çəkilmiş fotolarını təqdim edir:

(Çayı keçməyə çalışan "Vilis")

(Sarıbaşın qəlbi sayılan tala)

(Tərk edilmiş evlər)

(Bir zamanlar 25 çarpayılıq xəstəxananın yerləşdiyi tərk edilmiş bina)

(Sakinlərin əsas məşğuliyyəti maldarlıqdır)

(Kəndin şəhidləri)

(Sarıbaşdan Kürmük çayının dərəsinə açılan mənzərə)

(Böyük Vətən müharibəsi abidəsi)

(Arxa tərəfdə geri dönən sarıbaşlının yeni evi)

(Qarşı dağdan kəndin mənzərəsi)

(Qədim ev)

(Qədim məscid)

(Kənd evləri)

(Kənd küçəsi)

(Küçədən dağa boylanarkən)

(Sarıbaşın simvolu - talada ucaldılan Çoban heykəli)

Müəllif: İlham Mustafa