Peskov Rusiya Hərbi Dəniz Qüvvələrinin yeni baş komandanının təyinatı ilə bağlı şərh verməkdən imtina edib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin admiral Aleksandr Moiseyevin Rusiya Hərbi Dəniz Qüvvələrinin yeni baş komandanı təyin edilməsi haqqında fərmanı dərc olunmayıb. Bu barədə AYNA “Qazeta.ru”ya istinadən bildirir.
“Məxfi kimi təsnif edilən fərmanlar var, onlara şərh verə bilmərəm. Bu məsələ ilə bağlı açıqlanacaq fikir yoxdur”, - deyə Peskov vurğulayıb.
Bundan əvvəl mətbuatda Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Nikolay Evmenovun istefaya getməsi xəbəri yayılıb. Onun yerinə əvvəllər Şimal Donanmasına komandanlıq etmiş admiral Aleksandr Moiseyevin müvəqqəti icraçı təyin edildiyi bildirilib.
Evmenovun istefası ilə bağlı məlumatı Qara Dəniz Donanmasının keçmiş komandanı, admiral Vladimir Komoyedov da təsdiqləyib. Müdafiə Nazirliyindən Hərbi Dəniz Qüvvələrinin baş komandanı dəyişikliyi ilə bağlı hələlik rəsmi məlumat verilməyib.