O, həkimlərin sosial şəbəkə qrupunda xəbərdarlıq edib və həmkarlarını qoruyucu maskadan istifadə etməyə çağırıb
Çinin Vuhan şəhərində bir həkim, yanvarın əvvəlində koronavirusla bağlı ictimaiyyətə xəbərdarlıq etmək istəyib, amma polis onu əngəlləyib. AYNA xarici mətbuata xəbər verir ki, bu barədə Li Venliang adlı həmin həkimin məktubu yayılıb.
Vuhan şəhər xəstəxanasının oftalmoloqu Li Venliang bildirib ki, hələ ötən ilin dekabrında koronavirus artıq 7 nəfərdə qeydə alınmışdı. Onun sözlərinə görə, ilk vaxtlarda həkimlər xəstəliyin SARS olduğunu zənn ediblər, lakin sonradan yeni virus olduğu dəqiqləşib.
Dekabrın 30-da Li həkimlərin sosial şəbəkə qrupunda xəbərdarlığını edib və həmkarlarını qoruyucu maskadan istifadə etməyə çağırıb. Amma 4 gün sonra Vuhanın İctimai Təhlükəsizlik Bürosunun məmurları onu yalan məlumatlar yaydığı üçün sorğuya çəkiblər.
Maraqlısı ondadır ki, Büro əməkdaşları Li Venlianga xəbərdarlıq ediblər ki, əgər bu cür səhv məlumatlar yaysa, o, məsuliyyətə cəlb olunacaq. Li təqdim olunan sənədi imzalayaraq, bütün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiqləyib.
Bu ilin yanvar ayının sonunda isə Dr. Li xəstəxana müdiriyyətindən baş verənlərlə bağlı üzrxahlıq alıb, təəssüf ki, artıq gec idi. Çünki xəstəlikdən ölənlərin sayı 300-ü keçmişdi. Baxmayaraq ki, əvvəllər həkimlərin çoxu virusun yalnız xəstə heyvanlarla təmas zamanı insana yoluxduğunu iddia edirdilər.
Və... Həkim yazdığı məktubunda qeyd edir ki, yanvarın 10-da xəstəsini müayinə edərkən, özündə quru öskürək başlayıb, ardınca qızdırması qalxıb. Nəticədə koronavirusa yoluxduğu bəlli olub. Xoşbəxtlikdən onlar sağalmağa başlayıblar.
İndi sosial şəbəkələrdə çinli həkim qəhrəman elan edilib. Həkim isə məktubunda öz həmkarlarını, nə olur olsun, dürüst olmağa səsləyib.