“Kim bizimlə döyüşmək istəsə, onun üçün çətin olar” - FOTOLAR

İdman

04.12.2021 - 22:04

Seymur Sadiqov: “Hələlik özümə rəqib yetişdirməmişəm, istərdim ki, hansısa tələbəm mənə qalib gəlsin”

Ötən həftə Şəhid Muxtar Qasımlının xatirəsinə həsr olunmuş Bodibildinq üzrə Azərbaycan Çempionatı keçirildi. Yarışda bodibildinq ustalarımız il ərzində ağır məşqlər və güclü rejim hesabına yığdıqları əzələləri nümayiş etdirdilər. Builki yarış heç də asan keçmədi. Gərgin keçən mübariədə, 75 kiloqram çəki dərəcəsində uğurlu çıxış edən Seymur Sadiqov rəqiblərinə qalib gəlməyi bacardı. Və o, təəssüratlarını AYNA ilə bölüşüb.

- Uzun illərdir bodibildinq idman növü ilə ciddi şəkildə məşğul olursunuz. Dayanmadan pəhriz saxlamaq, ciddi həyat rejimində yaşamaq çətin deyil?

Bəli, uzun illərdir bu rejimdəyəm. Öyrəşəndən sonra bu, bir yaşam tərzinə çevrilir. Biz bodibildinqçilər də digər insanlardan bununla fərqlənirik.

- Bodibildinq ilə məşğul olan idmançının günlük həyat tərzi necə olur?

- Bu, bir rejimdir. Gündə 5 dəfə düzgün qidalanmaq, ciddi yuxu rejimi, intensiv məşq, vitaminlərdən düzgün istifadə etmək və s.

- Bir gün bu rejimi pozan idmançı neçə gününü həmin səhvi düzəltməyə sərf edir?

- Orqanizimlər müftəlif olduğu üçün bu hər bir idmançıda bir cür ola bilər. Yəni bu idmanda hərkəs öz bədənini artıq tanıyır. 10 gündə 1 dəfə dietanı pozmaq olar. Bu, bir o qədərdə fəsad vermir. Amma yarışın son günlərində əgər 1 dəfə belə olsa - idmançı dietanı pozsa, bu, onun uduzması deməkdir. 5-6 ay çəkdiyi əziyyəti son gündə 1 dəfə yeməklə məhv edə bilər. Ona görə son 1 ayda əsasən daha diqqətli, inadkar, əzmkar və dözümlü olmalısan.

- Belə çıxır ki, bu idman növü həm də nəfsini sınağa çəkmək, özün ilə mübarizə aparmaq deməkdir? Çünki yarışa kimi sanki özünlə mübarizə aparırsan, yarışda isə rəqiblərlə...

- Bəli. Bu idmanda nəfsinə qalib gəlmək, rəqiblərinə qalib gəlmək deməkdir.

- Kimlər bu idman növü ilə məşğul ola bilməz?

- Özünə güvəni, dözümü, iradəsi olmayanlar məşğul ola bilməzlər. Amma bu xüsusiyyətlər olan hər kəs bodibildinqlə məşğul ola bilər. Qeyd edim ki, bu idman növündə yaş həddi yoxdur.

- Azərbaycanda ən yaşlı bodibildiqçi neçə yaşındadır?

- 40-42 yaşında. Dünyada isə bu idman növü ilə peşəkar məşğul olan 45-50 yaşlarında idmançılar da az deyil.

- Yarışöncəsi 20 kilo çəki saldığınızı qeyd etmisiniz. Bu çəkini nə qədər müddətə və hansı üsulla salırsınız?

- 20 kilo çəkini 45 gün ərzində saldım. Üsullarını sadalaya bilmərəm – bu, bir sirdir. Hər idmançı müxtəlif üsullarla çəkisini salır. Kimisi qaçaraq, velotrinajor edərək, kimisi də çox ciddi pəhrizlə.

- Son zamanlar qadınlar da bu idman növünə çox maraq göstərir. Rəqabət çoxdur?

- Məncə qadın qadın kimi incə olsa, daha yaxşı olar. Bu, kişi idman növüdür.

- Amma sizin qadın tələbələriniz də var…

- Var. Amma mənim tələbələrim yarışa qatılmaq üçün yox, arıqlamaq, incə görünmək, bədəni fit formaya salmaq üçün məşq edirlər.

- Siz eyni zamanda müəllimsiniz. Özünüzə rəqib ola biləcək tələbə yetişdirmisiniz?

- Xeyr, hələlik olmayıb. Amma istərdim ki, mənim hazırladığım tələbə nə vaxtsa yarış zamanı mənə qalib gəlsin. Bu, mənim üçün qürurverici hadisə olar.

- Bu idman növünün idmançıları kənardan çox güclü görünürlər. Bəs döyüş zamanı necə: bu bədənlə boks, güləş, karate və digər döyüş idman növünün idmançılarına qalib gəlmək olar?

- Bu, döyüş idman növü deyil. Eyni zamanda, əzələlər çox möhkəm - dəmir kimi olur, güc inanılmaz dərəcədə artır. Təsəvvür edin ki, biz ayağa 300-400 kilo çəki daşı ilə məşq edirik. Qollara da həmçinin, ağır çəkilərlə məşq edirik. Bədən əzələləri dəmir kimi bərk olur. İstənilən adamı uşaq kimi yerindən qaldırmağa gücümüz var. Bu bədənlə kimsə savaşsa, ona çətin olar - özü əzilə bilər.

- Avropa yarışına nə zaman qatılacaqsınız?

- 75 kilo çəki dərəcəsində Azərbaycanda çempion olaraq, gələn ilin may ayında İspaniyada keçiriləcək Avropa Çempionatına lisenziya qazanmışam. Çempionatda Azərbaycanı laiqincə təmsil edəcəm. Artıq hazırlıqlara başlamışam.

Müəllif: Təranə Xudabaxşiyeva